Məşhur pilot​ “Ferrari”dən ayrılıb​ “Aston Martin”ə keçir

Məşhur pilot​ “Ferrari”dən ayrılıb​ “Aston Martin”ə keçir

Mövsümün sonunda “Ferrari”dən ayrılacaq Sebastyan Fettelin gələcək taleyi hələ də sual altındadır. Böyük ehtimalla, cəlbedici təklif olmasa, Sebastyan minimum birillik istirahət götürəcək. Onun karyerasını bitirə biləcəyi ilə bağlı ehtimallar da var. Amma son günlər daha bir variant da gündəmi zəbt edib.

S.Fettel karyerasını “Reysinq Point” komandasında davam etdirə bilər. Yaxın vaxtlarda “Aston Martin” adı ilə mübarizə aparacaq komanda iddiasını artırmaq üçün “Ferrari”ni tərk edəcək pilotla razılığa gəlmək istəyir.
S.Fettel də mətbuata açıqlamasında bu komandaya keçə biləcəyinə işarə vurub: “Reysinq Point”–“Aston Martin” layihəsi uğurlu alına bilər. Düzdür, mən hazırda bu komandanın bir hissəsi olmadığıma görə onları nə gözlədiyini deyə bilmərəm. Amma Formula 1-də hər şey ani şəkildə dəyişir. Dünyada bütün proseslər iki günə yenilənə bilər. İnsan düşüncəsi də tez dəyişir”.
Almaniyalı pilot deyib: “Mən böyük uğurlar qazanmışam və bunu davam etdirmək istəyirəm. Mübarizə aparıramsa, fəxri kürsüyə çıxmaq istəyirəm. Düzdür, yarışları mütəmadi olaraq qazanan komandalardan təklif almamışam. Belə vəziyyətdə mən yalnız yaxşı şansları olan komandaları seçməliyəm”.
“Reysinq Point”in pilotu Serxio Peres S.Fettelin gələcəyi halda komandanı tərk edəcəyini söyləyib. Onun fikrincə, komandanın sahibi Lourens Stroll oğlu Lensdən imtina etməz: “Bu komandadan kimsə getməlidirsə, məlum məsələdir ki, o adam mən olacağam. Mən özüm atayam və şəxsən mən özüm oğlumu komandadan göndərməzdim. Bundan artıq heç nə deyə bilmərəm. Bəli, şayiələr dolaşır, amma mənim hələ komanda ilə müqaviləm var”.