Ağırlıqqaldıranımız Dünya kubokunda 3 medal qazandı

Ağırlıqqaldıranımız Dünya kubokunda 3 medal qazandı

Perunun təşkilatçılığı ilə noyabrın 11-də start götürən ağırlıqqaldırma üzrə onlayn Dünya kubokuna yekun vurulub. 61 ölkədən 399 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisinin üzvləri də qüvvəsini sınayıb. 102 kq çəki dərəcəsində Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atlet bu hərəkətdə ikinci yeri tutub. Ümumilikdə 310 kq (145+165) nəticə Əli Şükürlüyə Dünya kubokunun yekun sıralamasında da gümüş medal qazandırıb. 73 kq çəki dərəcəsində C qrupunda çıxış edən Sənan Sahibov isə ümumilikdə 228 kq (100+128) nəticə ilə bu qrupda 4-cü yeri tutub.
Qeyd edək ki, dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün olmadığından Beynəlxalq Ağır Atletika Federasiyası alternativ variant olaraq onlayn yarış keçirilməsi barədə qərar qəbul edib. Kubokda iştirakı təsdiqlənən idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan vaxtda "Zoom" proqramı vasitəsilə yarışa qoşulub. Onların hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirib.