Faiq Qarayev dünyasını dəyişən veteran futbolçu haqda xatirələrini bölüşdü

Faiq Qarayev dünyasını dəyişən veteran futbolçu haqda xatirələrini bölüşdü

“Elbrus Abbasov mənim çox yaxın dostum, qardaşım olub. Biz 80-ci illərdən dostluq edirdik. O mənim ailəmə çox yaxın bir insan idi”.

Bu sözləri “Olimpiya dünyası” qəzetinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev bildirib. Elbrus Abbasovla yaxın dostluq əlaqələrindən danışan mütəxəssis onun vaxtilə "Qarabağ", "Neftçi" və "Dinamo" (Gəncə) klublarında oynadığını, sonralar isə Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri kimi çalışdığını qeyd edib. Voleybol üzrə qadınlardan ibarət yığma komandamızın keçmiş baş məşqçisi gələcəkdə Qarabağda Elbrus Abbasovun adına futbol məktəbi açılacağına inandığını bildirib.

“O, çox yaxşı idmançı olduğu kimi, yaxşı dost, yaxşı ailə başçısı olub. Bu gün mən dostumu, Azərbaycan idmanı isə veteran futbolçusunu itirdi. Elbrus son günə kimi işğaldan azad olunan torpaqların sevinci ilə yaşayırdı. Ağdamın işğaldan azad olunduğu eşidər-eşitməz Ağdama getdi. O həmişə vətənini çox sevib. Mən və ailəm Elbrusun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirəm. İnanıram ki, Qarabağda Elbrus Abbasovun adına futbol məktəbi açılacaq. Bu, onun ruhuna böyük hörmət olar. Çünki Elbrus çox vətənpərvər insan olub”, - deyə Faiq Qarayev bildirib.

Xatırladaq ki, koronavirusdan 70 yaşında dünyasını dəyişən mərhum futbolçu Elbrus Abbasov bir neçə gün əvvəl müalicə aldığı Ağdamdan Bakıya gətirilmişdi. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə köməklik göstərmişdi. Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.