Cüdoçularımız dünya çempionatının ikinci günündə medalsız qaldılar

Cüdoçularımız dünya çempionatının ikinci günündə medalsız qaldılar

İyunun 7-də Budapeştdə cüdo üzrə dünya çempionatının ikinci gününün yarışları keçirilib.
Turnirin ikinci günündə 3 cüdoçumuz mübarizəyə başlayıb. Bunlar kişilər arasında 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə və Orxan Səfərov, qadınlar arasında mübarizə aparan Gültac Məmmədəliyevadır (52 kq). Cüdoçularımızdan O.Səfərov ilk qarşılaşmalarında Natan Berns (İrlandiya), Sərdor Nurullayev (Özbəkistan), Veyl Ezzi (Əlcəzair), dörddəbir finalda isə fransalı Kilian Le Bluka qalib gəlsə də, yarımfinalda yaponiyalı Yoşiro Maruyama uduzub.
İdmançımız bürünc medal uğrunda rusiyalı Yaqub Şamilova məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Bu çəkidəki digər cüdoçu N.Şıxəlizadə isə startda rumıniyalı Lyütsian Dumitreskiyə məğlub olub.
Qadınların yarışında G.Məmmədəliyeva ilk qarşılaşmasında Tatyana Levitska-Şukvaniyə (Gürcüstan) qalib gəlsə də, növbəti görüşdə Astrid Qnetoya (Fransa) məğlub olub.
Qeyd edək ki, Tokio-2020-yə lisenziya xarakterli yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunur. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.