Olimpiya qurğuları öz möhtəşəmliyi ilə seçilir

Olimpiya qurğuları öz möhtəşəmliyi ilə seçilir


 

Olimpiada oyunların paytaxtlarının
infrastrukturunda ciddi dəyişikliyə səbəb oldu


Olimpiya oyunlarının yaranması, müasir olimpiya stadionlarının tikilməsi qədim yunan, eləcə də Roma imperiyası dövrünə təsadüf edir. Roma kalizeyi memarlıq baxımından müasir Olimpiya stadionlarının prototipi hesab edilir. Olimpiya Hərəkatının hərtərəfli inkişafı XX əsrdə keçirilən olimpiadalar üçün yeni və daha təkmilləşdirilmiş Olimpiya idman komplekslərinin tikilməsinə stimul yaratdı. Ötən 100 il ərzində 21 şəhərdə (Afrikadan başqa bütün qitələrdə) Yay Olimpiya Oyunları üçün 29 Olimpiya idman kompleksi (stadionlar) tikilib, yaxud yenidən qurulub. Olimpiya idman komplekslərinin tikintisini 4 tarixi mərhələyə bölmək olar: 1896-1908 - başlanğıc mərhələ; 1920-1936 - ikinci dünya müharibəsinə qədər olan mərhələ; 1948-1956 stadionların yenidən qurulması mərhələsi; 1960-1980 - stadionların inkişafının pik mərhələsi; 1980-1996 - XX əsrin Olimpiya stadionlarının müasir inkişafının sonuncu mərhələsi.
Olimpiya oyunlarının tarixi inkişafının sonuncu mərhələsi özündə üç əsas prinsipi birləşdirir: İdman+Mədəniyyət+Ekologiya.

XX əsrin Olimpiya stadionlarının müasir inkişafının sonuncu mərhələsində oyunların proqramının daha geniş miqyasda həyata keçirmək, minlərlə Olimpiya iştirakçısının tələbatını ödəyən kompleks tədbirlərin həlli vacib bir məsələ kimi qarşıda dururdu. Buna görə, olimpiadaya ev sahibliyi edən şəhərlərdə oyunlara hazırlıq dövründə əsas stadiondan başqa, məşq etmək üçün idman qurğuları, mehmanxana kompleksi, xidmət mərkəzləri, texniki və nəqliyyat qurğuları, təhlükəsizlik sistemi, avtomatlaşdırılmış idarə sistemi, ekoloji sisteminin yaradılması həyata keçirilməyə başlandı.

 



İlk müasir Olimpiya oyunları
“Panafiniya"da keçirilib


İlk Müasir Olimpiya oyunları 1896-cı ildə Yunanıstanın paytaxtında yerləşən "Panafiniya" stadionunda keçirildi. Düzdür, olimpiadaya hazırlıq iqtisadi cəhətdən zəif olan Yunanıstanda bir sıra çətinliklərə səbəb oldu.
Hətta Yunanıstanın baş naziri Trikonis Kubertenə ölkəsinin böyük məbləğdə vəsait tələb edən bu cür möhtəşəm oyunları keçirməyə hələ hazır olmadığını bildirmişdi. Lakin ölkə əhalisinin Olimpiya oyunları keçirmək ideyasını dəstəkləməsi bütün çətinlikləri dəf etməyə imkan yaratdı. Ölkənin ən görkəmli ictimai xadimləri Olimpiya oyunlarının Təşkilat Komitəsini yaradaraq, vəsait axtarmağa başladılar. Qısa müddət ərzində Oyunlara hazırlıq məqsədilə yaradılmış fondda iri məbləğdə vəsait toplandı. Olimpiya oyunları şərəfinə poçt markaları buraxıldı və əldə edilən vəsait də fonda köçürüldü. Lakin bütün bunlara baxmayaraq, ilk Olimpiya oyunlarında yarışların səviyyəsi hələ o zamanın ölçülərinə görə aşağı səviyyədə qiymətləndirildi.

 Ağ mərmər düzülmüş Panafiniya stadionunda yerlərin (70 min nəfərlik tribunada 80 min tamaşaçı yerləşdirilmişdi) sayının kifayət qədər olmaması müəyyən çətinliklər yaradırdı. Stadionun həddindən artıq dar olması isə atletika yarışlarının keçirilməsi üçün əlverişli deyildi. Üzgüçülük üzrə turnirlər isə açıq dənizdə keçirilirdi. Bundan başqa Olimpiya oyunları zamanı şəhərə gələn qonaqları və turistləri qəbul edib onlara xidmət göstərmək üçün müəyyən şərait yaratmaq tələb olunurdu. Hazırda mərmər stadionda idman yarışları təşkil keçirilmir. İdman arenası ilk Olimpiya oyunlarının keçirildiyi yer kimi qorunub saxlanılır.

 

II və III olimpiadalar Ümumdünya
sərgisi ilə birgə təşkil edilib


Müasir Olimpiya oyunları geniş miqyasda təşkil edildiyi üçün, bu oyunların iqtisadi cəhətdən inkişaf etmiş və idman qurğuları dövrün tələblərinə cavab verən şəhərlərdə keçirilməsi vacib amillərdəndir. Həmin şəhərlər, həm də buraya gələn qonaqlar və turistləri qəbul etmək və yerləşdirmək iqtidarına malik olmalıdırlar. Beynəlxalq Olimpiya Komitəsinin növbəti Olimpiya oyunlarının Paris və Sent-Luis şəhərlərində keçirmək qərarı bu baxımdan əsaslı idi. Fransanın və ABŞ-ın bu şəhərlərində həmin zaman ümumdunya sərgiləri təşkil edilirdi. Bu şəhərlərdə müəyyən idman qurğuları da fəaliyyət göstərirdi. Ümumdünya miqyasında keçirilən sərgiyə hazırlıq prosesi isə oyunlar zamanı şəhərə gələcək turistlər və olimpiada iştirakçılarına şərait yaratmağa imkan verirdi. Şəhərdə əvvəllər inşa edilən idman qurğularının Olimpiya Oyunlarına xidmət etməsi və bu oyunların Ümumdunya sərgi ilə birgə keçirmək ideyası özünü doğrultmadı. Əvvəlan, yarışların keçirildiyi idman qurğuları bir-birindən çox aralıda yerləşirdi. Bu arenalar böyük tamaşaçı kütləsi üçün nəzərdə tutulmamışdı. Məsələn, atletika Bulon meşəsində yerləşən Resinq klubunun asfalt döşənilmiş yollarında, üzgüçülük Anerdə, gimnastika Vensenn meşəsində, qılıncoynatma Tyuilridə, tennis isə Pyuto adasında təşkil edildi. Paris Oyunları çox az tamaşaçı cəlb edə bildi və mətbuat tərəfindən zəif işıqlandırıldı. III Olimpiya Oyunları ictimaiyyət arasında daha az populyarlıq qazandı. Bu Oyunlar da 1904-cü ildə keçirilən Ümumdunya Sərgisi ilə birgə keçirildi. Olimpiada iştirakçıları arasında amerikalılar üstünlük təşkil edirdi. Yarışlar əsasən Vaşinqton Universitetinin 40 min yerlik idman stadionunda keçirildi. Bu oyunlar Olimpiya Hərəkatı tarixində çox zəif iz buraxdı.


 

London olimpiadasından başlayaraq
oyunlar üçün xüsusi idman qurğuları inşa edilib


IV Olimpiya Oyunlarının təşkilatçıları əvvəlki olimpiadalara hazırlıqla tanış olduqdan sonra bu möhtəşəm oyunları yüksək səviyyədə keçirmək üçün ciddi tədbirlər görməyə başladılar. İngiltərənin paytaxtında Olimpiya oyunlarının tarixində ilk dəfə olaraq olimpiada üçün xüsusi olaraq müasir tipli idman qurğularının inşa edilməsi qərara alındı. Londonda qısa müddət ərzində 100 min yerlik "White-city" stadionu inşa edildi. Stadionun ərazisində 100 metrlik üzgüçülük hovuzu, döyüş idman növləri üçün arena və süni buzdan düzəldilmiş meydan da var idi. "White-city" stadionunun tikintisi zamanı memarlar ilk dəfə olaraq, idman qurğularının eyni ərazidə yerləşdirilməsi barədə düşünməyə başladılar. Yeni idman qurğuları bütün dünyanın diqqətini cəlb etdi və Oyunlara marağı daha da artırdı.
Olimpiya Hərəkatının populyarlaşması Stokholmda keçirilən V Olimpiya Oyunlarının daha yüksək səviyyədə təşkilinə imkan yaradıb. Yüksək təşkilatçılıq və ən başlıcası müasir tipli stadionun inşa edilməsi oyunların böyük uğur qazanmasına səbəb olub.
Sonrakı olimpiadaların hamısı Olimpiya Hərəkatının tarixində təkrarolunmaz iz buraxıb. Olimpiya oyunlarının paytaxtlarında aparınlan quruculuq işləri, nadir üslublu Olimpiya idman kompleksləri və stadionlarının inşası, eləcə də yarışlarda əldə edilən yüksək nailiyyətlər dünyanın diqqətini bu möhtəşəm oyunlara yönəldib.

1920-ci ildə Belçikanın Antverpen şəhərində keçirilən oyunlar üçün inşa edilən olimpiya stadionunda şəhərin idmansevərləri ilk dəfə olaraq hokkey oyunlarını canlı seyr edə bildilər. Velosiped idmanı üzrə yarışlar təşkil etmək üçün şəhərdə "Garden-city" velodromu tikildi. Vilbrek kanalının ərazisində isə su stadionu inşa edildi. Futbol yarışları isə "Birşot" stadionunda keçirildi. Olimpiya stadionunda təşkil edilən olimpiadanın açılış və bağlanış mərasimləri zamanı idmançıların birliyini əks etdirən və bir-birinə keçirilmiş 5 halqanın rəsmi olan ağ bayraq qaldırıldı və Olimpiya andı səsləndirildi.


 

Fransa bu dəfə olimpiadaya xüsusi hazırlıq gördü


1924-cü ildə Olimpiya Hərəkatının 30-cu ildönümü qeyd olundu. VIII Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfi isə Fransanın paytaxtına nəsib oldu. Bu dəfə Paris Olimpiya Oyunlarına ciddi hazırlıq görməyə başladı. Bu məqsədlə ən yaxşı olimpiya stadionunun layihəsi üçün müsabiqə elan edildi. 100 min yerlik stadion, müxtəlif idman növləri üzrə yarışların keçirilməsi üçün idman kompleksləri və 2 min idmançı üçün nəzərdə tutulan Olimpiya kəndinin layihəsinin müəllifi M. Cyujarik müsabiqənin qalibi oldu. Bu layihənin həyata keçirilməsi mümkün olmasa da, o gələcəkdə belə komplekslərin inşasında mühüm rol oynadı. Parisdə oyunlar üçün xüsusi olaraq 40 min yerlik "Kolomb" stadionu tikildi. Üzgüçülər isə "Turel" üzgüçülük hovuzunda Olimpiya medalları uğrunda mübarizə apardılar.

Burada, həmçinin Olimpiya oyunları zamanı atletlərin yerləşdirilməsi üçün nəzərdə tutulan birmərtəbəli evlər də tikilib istifadəyə verildi. İdmançılar Oyunlarda yüksək nəticələr qazandılar. Yarışları canlı olaraq 600 mindən çox tamaşaçı izləyirdi.
IX Olimpiya Oyunları (1928) Hollandiyanın iqtisadi və mədəni mərkəzi Amsterdam şəhərində təşkil edildi. Olimpiya oyunları üçün 40 min nəfər tamaşaçı tutumuna malik stadion inşa edildi. Stadionun tribunası üzərində inşa edilmiş yel dəyirmanına oxşar qüllə ona xüsusi gözəllik verirdi.

 

(ardı var)