Rafael Ağayev: «Mən Olimpiya Oyunlarına qızıl medal üçün gedirəm»

Rafael Ağayev: «Mən Olimpiya Oyunlarına qızıl medal üçün gedirəm»

Bu gün Milli Olimpiya Komitəsində Tokio-2020-yə vəsiqə qazanan idmançılarla görüşdə karate üzrə yığma komandamızın üzvü Rafael Ağayev Olimpiya oyunlarına hazırlıqla fikirlərini bildirib. O deyib: «Tokio-2020 Yay Olimpiya Oyunları lisenziya qazanan idmançılar üçün böyük bir sınaq olacaq. Elə mən də çalışacağam ki, ümidləri doğruldum. Özüm barədə demək istəyirəm ki, Olimpiya Oyunlarına çox ciddi hazırlaşıram. Hazırlıq prosesim Türkiyədə keçir. Bir neçə gün əvvəl təlim-məşq toplanışından qayıtmışam. Yaxın günlərdə yenidən Türkiyəyə yola düşəcəyəm. Vaxt azalmaq üzrədir. Böyük sınağa bir ay vaxt qalıb. Çalışıb bu müddət ərzində daha da ciddi hazırlıq keçəcəyəm». Yığma komandamızın əsas medal ümidi, 5 qat dünya çempionu Rafael Ağayev Olimpiya Oyunlarındakı əsas rəqiblərindən danışdı. «İlk dəfədir ki, karate Olimpiya Oyunlarının proqramına salınır. Bu aparıcı və ən güclü karateçilərin bəlkə də ilk və son sınağı olacaq. Güclü rəqiblərim var. İki qrup üzrə ən güclü iki karateçi növbəti mərhələyə vəsiqə əldə edəcək. Rəqiblərimə gəldikdə isə İran, İtaliya, Yaponiya təmsilçiləri ilə güclü rəqabət hökm sürəcək. Onların hər birinə hörmətlə yanaşıram. Lakin sübüt edəcəyəm ki, Rafael dünyanın ən güclü karateçisi adını elə belə daşımır. Mən Olimpiya Oyunlarına qızıl medal üçün gedirəm», - deyə o qeyd etdi.