Sağlam beyinə sahib olmaq üçün nə etməliyik?

Sağlam beyinə sahib olmaq üçün nə etməliyik?

Sağlam yaşamağın əsas şərtlərindən biri də düzgün qidalanmadır. İdmanla məşğul olmaq qədər, qidalanma da həyatımızda mühüm rol oynayır. Düzgün qidalanma, sadəcə, orqanizmin yox, beyinin də normal işləməsini təmin edir. Bütün bədənimizin beyin tərəfindən idarə olunduğunu bilirik və beynimiz üçün hansı qidaların faydalı olduğunu bilmək də vacibdir. Bu barədə çoxlu araşdırmalar var. Araşdırmalar zamanı, məlum olub ki, insanın zəkasını, yaddaşını gücləndirən, əhval-ruhiyyəsini yaxşılaşdıran və diqqəti artıran qidalar bunlardır:

1.Omeqa yağları. Onlar "beyinin qidası" kimi tanınır və diqqəti toplamaq üçün faydalıdır. Qoz, balqabaq, balıq yağının tərkibində bol miqdarda omeqa var. Beyin hüceyrələrinin öz aralarında məlumatı ötürməsində oksigenə və omeqa 3-ə böyük ehtiyac duyulur. Buna görə də tez-tez açıq havada gəzmək və qoz, balıq məhsulları və balqabaq yemək beyin üçün xeyirlidir.

2. Beyinə faydalı olan digər qidalar isə tərkibində zülal olanlardır. Zülalla zəngin qidalar, "xoşbəxtlik hormonu" kimi tanınan dopaminin ifrazını artırır və əhval-ruhiyyəni yaxşılaşdırır. Bunun üçün, mütəxəssislər, soya, qırmızı ət, yumurta və badam yeməyi məsləhət görürlər.

3. Hər gün üç dəfə eyni saatda yemək qəbul etmək də diqqəti artırır. Yemək aralarında tum və ya qoz da yeyə bilərsiniz. Bu, aldığınız qidanın tərkibini zənginləşdirir və fiziki işlə məşğul olan zaman tez yorulmağın qarşısını alır.

4. Lazımi miqdarda içilərsə, qəhvə də beyin üçün faydalıdır. Belə ki, qəhvə beynin daha sürətli işləməsinə kömək edir. Bunun üçün gündə bir fincan qəhvə içməyiniz yetərlidir. Mütəxəssislər gecə vaxtı qəhvədən istifadə etməyi məsləhət olunmur. Çünki gecə içilən qəhvə, yuxunuzun qaçmasına səbəb ola bilər.

5.Yaddaşı gücləndirmək üçün brokoli, kələm və gül kələm kimi tərəvəzlər də xeyirlidir. Yumurtadan mütəmadi istifadə etmək də yaddaşı gücləndirir. Bu qidanın qəbulu zamanı zeytun yağından da istifadə etmək olar.



Unutmayaq ki, düzgün qidalanma hansısa bir dövr üçün deyil, bütün həyatımız boyu bizə gərəkdir.
Bəs, beynin fəaliyyətini necə artırmaq olar? Nevrologiya üzrə mütəxəsislər hesab edirlər ki, insan beyninin sərhədsiz imkanları var. İstənilən yaşda beynimizdən faydalana bilərik. Beynin əzələləri olan neyronları düzgün işlətsək, lazimi şəkildə qidalandırsaq, o hələ uzun müddət bizə xidmət göstərəcək. Bunun üçün aşağıdakıları bilməliyik:

1. Öz beynimizə inanmalı və güvənməliyik. İstənilən sərhədlər, qorxular, kor-koranə ortaya qoyulan qadağalar aradan qaldırılmalıdır. Neqativ fikirlərdən uzaq olmaq lazımdır. "Mən bunu bacarmaram", "Bu mənim imkanlarımdan kənardadır" fikirləri ilə yalnış qiymətləndirmələr etməyin.

2. Ətraf, mühitlə əlaqəni əqli fəaliyyətin rahatlığı səviyyəsində qurun. Əgər siz tez-tez stress, yorğunluq, ruh düşkünlüyü yaşayırsınızsa, buna səbəb sizi əhatə edən mühitdir. Özünüzə hormonik və rahat yer seçin.

3. Hər zaman öyrənin. Məsələn, hansısa dili öyrənmək üçün qrammatikadan başlayın.

4. Öyrənmə prosesini əyləncəli edin. Özünüzdə maraq oyadın: öyrənməyə maraqlı olsanız, buna diqqət ayırmaq bir o qədər asan olacaq. Yaxşı və xoş anları, xatirələri yadda saxlamağa çalışın. Yeni bilikləri əvvəlki biliklərlə əlaqələndirin.

5. Əlaqəli şəkildə düşünüb öyrənin. Belə ki, yeni biliklər əvvəlki biliklərimizə uyğundursa, onu mənimsəmək bir o qədər rahat olur. Əgər dərk etmədən əzbərləyərək öyrəniriksə, biz beynimizə təzyiq göstərmiş oluruq.

6. Dərin nəfəs alma texnikasından istifadə edin. Bərabər həcmdə dərin nəfəs orqanizm üçün çox faydalıdır. Qanda oksigen nə qədər bol olarsa, yaddaş da yaxşılaşar.

7. Neqativ fikirlərdən azad olun. Yaddan çıxarmayın ki, bizi narahat edən fikirlər beynimizin fəaliyyətinə birbaşa təsir edir. Son tədqiqatlar göstərir ki, xoş, nikbin fikirlərlə yaşayan insanların beyin fəaliyyəti daha yaxşı olur.

8. Dinləməyi bacarın. İş vaxtı fasilələr etməyi də unutmayın. Üzərinizdəki gərginliyi aradan qaldırmaqda özünüzə kömək edin. 10-15 dəqiqəlik fasilələrlə istirahət edin. Bununla beyin fəaliyyətini normala salır, onu yaranan gərginlikdən azad edir.

9. Qamətinizə diqqət yetirin. Biz uzun müddət ayaq üstə və ya oturaraq işlədikdə bədənimiz, xüsusilə, onurğamız yorulur, əyilir. Nəticədə bədəndə qan dövranının normal fəaliyyəti pozulur. Bu da, öz növbəsində, beynimizin fəaliyyətinə mənfi təsir göstərir. Bu məsləhətlərə əməl etməklə biz, həm orqanizmimizə, həm də iş fəaliyyətimizin məhsuldarlığına böyük köməklik göstərmiş oluruq.

Azər Əlizadə