Zəka sahiblərimiz üçüncü Avropa Oyunlarında iştirak edəcəklər

   Zəka sahiblərimiz üçüncü Avropa Oyunlarında iştirak edəcəklər

Polşanın ev sahibliyi edəcəyi üçüncü Avropa Oyunları çərçivəsində şahmat yarışları keçiriləcək. Avropa Şahmat İttifaqının məlumatına əsasən, şahmat turniri iyunun 19-da təşkil olunacaq. Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib.

Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.

Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib.

Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.