Maribor-2023: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi

Maribor-2023: Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi

Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq. Yarışların son günündə 6 idman növü üzrə qaliblərin adlarına aydınlıq gələcək. Atletika, gimnastika, həndbol, tennis, voleybol və cüdo üzrə komanda yarışlarından sonra Maribor-2023-ün bağlanış mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 22:30-da başlayacaq mərasim Maribor şəhər meydanında təşkil olunacaq. Mərasimdə Azərbaycan komandasının bayraqdarları da müəyyənləşib. Bu vəzifəni EYOF-2023-ün cüdo yarışlarının qalibi Vüsalə Hacıyeva (-48 kq) və üzgüçümüz Səid Həmidov yerinə yetirəcək.

Qeyd edək ki, XVII Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3 minə yaxın atlet 11 idman növü üzrə mübarizə aparır. Azərbaycan Maribor-2023-də 7 idman növü üzrə 36 idmançı ilə təmsil olunur.

Hazırda komandamızın aktivində 3 qızıl, 2 gümüş və 4 bürünc medal var. Komandamızın heyətində cüdoçular Vüsalə Hacıyeva (-48 kq), Xədicə Qədəşova (-52 kq), Aslan Kotsoyev (-90 kq) qızıl, Süleyman Şükürov (-73 kq), Ramazan Əhmədov (+90 kq) gümüş, Nihad Məmişov (-50 kq), Ayxan Mirzəzadə (-55 kq), Məhəmməd Musayev (-60 kq) və Cəsur İbadlı (-66 kq) isə bürünc medal qazanıb.

Aktivində 9 medal olan Azərbaycan komandası hazırda medal sıralamasında 13-cü pillədə qərarlaşıb.