Dünya kubokundan qızıl medal

Dünya kubokundan qızıl medal

İdman gimnastikası üzrə yığma komandamızın üzvü Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya kubokunda uğurla çıxış edib. İdmançımız bütün rəqiblərini üstələyərək halqalarla hərəkətlərin icrasında 14,600 xalla birinci pillədə qərarlaşıb. 45 idmançı arasında təsnifat mərhələsini birinci pillədə başa vuraraq finala adlayan gimnastımız həlledici mərhələdə də üstünlüyü əldən verməyib.

Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda qələbə qazanmaqla idmançımız 30 reytinq xalı əldə edib ki, bununla da o Dünya kuboku seriyası vasitəsilə Yay Oyunlarına vəsiqə qazanmaq şansını xeyli artırıb. Xatırladaq ki, 15-18 fevral tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli ilin ilk Dünya kubokunda Nikita Simonov 6-cı pillədə qərarlaşaraq 14 xal əldə etmişdi.

Yarışda kişilər arasında ölkəmizi təmsil edən komandamızın digər üzvləri İvan Tixonov paralel qollarda 23-cü,dəstəli atda 41-ci, turnikdə isə 56-cı pillədə qərarlaşıb. Dünya kubokunda bu ildən çıxış etməyə başlayan Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə 49-cu, dəstəli atda 56-cı, paralel qollarda 57-ci yeri tutub. Mənsum Səfərov isə turnikdə 37-ci, sərbəst hərəkətlərdə 40-cı olub. Qadınlar arasında çıxış edən yığma komandamızın üzvü Nazənin Teymurova dayaqlı tullanmada 19-cu, sərbəst hərəkətlərdə 17-ci, gimnastika tirində 22-ci yeri tutub.