Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iclasda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dövlət tərəfindən şahmata və şahmatçılara daim diqqət və qayğının göstərildiyini xatırladıb. Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən İddiaçılar Turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra N.Abasovun İddiaçılar Turnirində iştirak edən üçüncü azərbaycanlı şahmatçı olduğu bildirilib. 
Yeniyetmə şahmatçı Xaqan Əhmədin FIDE-nin Şahmat Akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov və Boris Gelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilib. 
İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi və qadın şahmatçılardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub. Federasiyanın logosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb. 
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov Azərbaycan Şahmat Federasiyasının nəzdində yaradılan Şahmat Akademiyasının fəaliyyəti barədə geniş məlumat verib. Akademiyada çalışan məşqçi və şahmatçıların hazırlıq proqramı açıqlanıb. 
Sonda 2024-cü ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı məlumatlar dinlənilib.