Gədəbəydə “Dünya 1 mil hərəkatı” yarışı keçirilib

Gədəbəydə “Dünya 1 mil hərəkatı” yarışı keçirilib

Mayın 9-da Gədəbəy rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Dünya 1 mil hərəkatı” yarışı keçirilib.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Dünya Atletikasının dəstəyi ilə 1 mil məsafəyə qaçış yarışında 2010-2011-ci illər təvəllüdlü 200-dən artıq iştirakçı mübarizə aparıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışda oğlanlar arasında Rihad Mustafayev ən yüksək göstərici ilə qalib olub. Samid Əliyev ikinci, Cahid İbrahimov isə üçüncü yeri tutub. Qızların mübarizəsində Fidan Mustafayeva bütün rəqiblərini qabaqlayıb. Aynur Əsgərova və Həbibə Əsgərova isə yarışı müvafiq olaraq, ikinci, üşüncü sıralarda başa vurublar.

Qeyd edək ki, hər il 7 may tarixi dünyada Uşaq Atletikası Günü kimi qeyd edilir. Dünya Atletikasına üzv federasiyalar tərəfindən bu münasibətlə müxtəlif tədbirlər həyata keçirilir. Dünya Atletikasının təklifi ilə bu il Uşaq Atletikası Günündə uşaqlar bütün dünya üzrə 1 mil məsafəyə qaçışda iştirak edirlər. Beynəlxalq qurumun əsas məqsədi dünya üzrə ümumi 500 min mil məsafənin qət edilməsidir.