Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sahəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni və idman həyatının bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Bu müsbət dəyişikliklər ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də öz bəhrəsini verdi.
Respublikanın bədən tərbiyəsi və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: “Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir. Çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də, bədən tərbiyəsi və idman həmişə bütün təşkilatların diqqət mərkəzində olmuşdur”.
Ali təhsil müəssisələrinin idmançıları respublikamızda bədən tərbiyəsi və idman hərəkatının əsas və kütləvi dəstəsindən birini təşkil edirdi. Respublikanın 17 institutunda 1975-ci ildə 53 mindən çox tələbə təhsil alırdı. Onların arasında kütləvi bədən tərbiyəsi işini bədən tərbiyəsi və idman kafedralarının ştatında olan 347 ali təhsilli müəllim aparırdı. 1975-1976-cı ilin tədris dövründə respublikanın məktəblərində ixtisaslaşdırılmış siniflər azalmışdı. Rayon idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.
Heydər Əliyevin hələ birinci rəhbərliyi dövründə ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün xeyli iş görülmüşdü. Çox sayda idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (ADBTİ) əsas binası (1971), Azərbaycan Dövlət Universitetinin (ADU) (1976), Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (ATTİ) (1975), Neft Kimya İnstitutunun (NKİ) tədris-idman komplekslərinin (1976), respublikanın paytaxtında möhtəşəm Bakı İdman Sarayının (1973), Velotrek (1974), Örtülü avarçəkmə hovuzu (1974), Respublika stadionunun ikinci növbəsi (atletika meydanı), idmanın atıcılıq növləri üçün idman qurğuları kompleksi (1975), üç vannalı açıq üzgüçülük hovuzu (1976), Bakıxanov qəsəbəsində at idmanı meydanı (1977), Bakı şəhərində örtülü atletika meydanı (1976), üzgüçülük hovuzu (1979), idman kompleksi (1977), Nabranda İdman-sağlamlıq bazası (1977), Gəncə şəhərində üzgüçülük hovuzu olan ikisalonlu idman kompleksi (1977), Bakı şəhərində Respublika İdman Məktəbi (1976), Uşaq-Gənclər idman məktəbləri yanında idman kompleksləri tikildi: Gəncə, Naxçıvan, Lənkəran, Yevlax, Ağdam, Quba, Xankəndi, Sumqayıt, Mingəçevir, Şirvan (1976), Şəki, Qazax, Göyçay, Salyan (1978) və başqa şəhərlərdə idman komplekslərinin təməli qoyuldu.
Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə bədən tərbiyəsi və idmana münasibət də kökündən dəyişdi. O, idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çəkərək, idmanın inkişafını vacib bir vəzifə olaraq qarşıya qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan Vətənə qızıl medallarla qayıtdılar.
1993-cü ilin 24 noyabrında ümummilli lideri Heydər Əliyev dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmanşılarını qəbul etdi.
Heydər Əliyev Azərbaycan Respublikasında idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev 19 aprel 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Ranani və Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu, 23 dekabr 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, 10 fevral 1998-ci ildə isə öz iqamətgahında Türkiyənin Ədirnə şəhərinin bələdiyyə başçısı Hamdi Sədəfçini və Ədirnənin tarixi Kırkpınar ağası Hüseyn Şahini, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini (3 avqust), 21 oktyabr 2000-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqu və baş katibi Mario Reskanteni qəbul etmişdi.
Bu görüşdən sonra 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin 861 saylı Fərmanına əsasən Respublika Gənclər və İdman Nazirliyi yaradıldı. 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildə Azərbaycan Respublikasında idman fondu yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman fonduna 2 milyard manat vəsait ayrılmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədi ilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratdı.
1994-cü ildə Azərbaycan idmançıları Avropa və Dünya Kuboku yarışlarında 49 medal qazanmışdır (onlardan 12 qızıl, 15 gümüş, 22 bürünc).
Olimpiya idman növü üzrə 18 medal qazanmışdır (onlardan: 7 qızıl, 4 gümüş, 7 bürünc). Qeyri Olimpiya idman növlərindən isə 31 medal qazanmışdır (onlardan: 5 qızıl, 11 gümüş, 15 bürünc).
Ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüşmüşdür.
Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Biz bu gün müstəqil dövlətimizi qurarkən gələcək nəsillərimiz barədə düşünməliyik. Bizdən sonra gələn nəsillər fiziki cəhətdən daha da möhkəm, əqli cəhətdən daha da sağlam olsunlar. Biz buna nail olmaq üçün idmana, bədən tərbiyəsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, bu sahədə çox işlər görməliyik, bir çox tədbirləri həyata keçirməliyik”.
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində Milli Olimpiya Komitəsi Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd təyin etmiş və 1998-ci ildən bəri bu təqaüdlər ödənilir. 1998-2000-ci illərdə idmançılara və onların məşqçilərinə 2 milyard 220 milyon 350 min manat məbləğində təqaüd vermişdir. Bu təqaüdlər 1998-ci ildə 309 milyon 600 min manat olmuşdursa, sonrakı illərdə onun miqdarı üç dəfəyə yaxın artmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi Sərəncamı ilə dövlət büdcəsindən ehtiyat fondundan şahmatçıların hər birinə 40 milyon manat vəsait ayrılmışdır.
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1995-2002-ci illərdə 24 “Şöhrət” ordeni, 45 “Tərəqqi” medalı, 21 “Əməkdar müəllim”, 10 “Xüsusi Olimpiya təqaüdü” və 21 “Fərdi təqaüd” verilmişdir.
1994-2003-cü illərdə Azərbaycan idmançıları Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatlarında 89 medal qazanmışlar (onlardan 32 qızıl, 22 gümüş, 35 bürünc).
1994-2003-cü illərdə Azərbaycan idmançıları Avropa və Dünya Kuboku yarışlarında illər üzrə 1341 medal qazanmışdır (onlardan 465 qızıl, 362 gümüş və 514 bürüc medaldır).
“İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsininz ki, bu qayğını daim hiss edəcəksiniz” – söyləyən ümummilli lider Heydər Əliyev sona qədər idmançılarımızın qayğısına qaldı.
Bütün hallarda ümummillli liderimiz Heydər Əliyev təkcə siyasətçi kimi deyil, həm də qorxmaz, igid adam kimi hərəkət etmişdir. Bununla da gənc nəslə həmişə nümunə olmuşdur. Türk dünyasının dahi öndərliyi işinin davamçısı dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat fəaliyyəti xalqımız üçün çox zəngin tərbiyə məktəbidir. Bu məktəbdən hər zaman öyrənmək hər bir gəncin müqəddəs vəzifəsidir. Heydər Əliyev hər birimiz üçün ölməz insandır. O, öz əməlləri, yaratdıqları, qoyub getdikləri ilə hər birimizin qəlbində yaşayacaq. Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz o dahi şəxsiyyətin milli simvola çevrilməsinə nail olacağıq. Prezidentimimz İlham Əliuev dəfələrlə deyib ki, Heydər Əliyev həyatının nümunəsi olub.
Dahi liderimiz, böyük şəxsiyyət Heydər Əliyev həmişə idmançıların qəlbində əzəli və əbədi lider kimi yaşayacaqdır.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor