Ağırlıqqaldırma: böyük qələbələr, yeni rekordlar və sabaha olan ümidlər

Ağırlıqqaldırma: böyük qələbələr, yeni rekordlar və sabaha olan ümidlər


Azərbaycan idmançıları son illər beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanırlar. Bu, Azərbaycanın idmançılara göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. Son beş ildə Azərbaycanda ağırlıqqaldırma idman növü yüksək səviyyədə inkişaf edib.
Ağırlıqqaldıranlarımızın müxtəlif miqyaslı yarışlarda çıxışı uğurlu sayıla bilər. Ölkəmizdə bu idman növü qısa zaman ərzində böyük inkişafa nail oldu. Dünya və Avropa çempionatlarında çıxış edən atletlərimiz mükafatalayiq nəticələrlə diqqət çəkirlər. Artıq Azərbaycan ağırlıqqaldıranları müxtəlif yaş qruplarında böyük nəticələr qazanıblar. Bu idman növündə Olimpiya mükafatçıları da var. Bu nəticə müstəqil Azərbaycanın idman tarixinin ilk uğuru sayılır. Yeniyetmələrin Olimpiya oyunlarında qızıl medal qazanması şanlı idman tarixinə qızıl hərflərlə həkk olunub. Bu uğurların qazanılmasında Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinin, xüsusilə Cahangir Əsgərovun müstəsna rolu var. Necə deyərlər, ağır zəhmətin bəhrəsi sevindirici olur.
Hər zaman bütün idman növləri kimi, ağırlıqqaldırmanı da diqqətdə saxlayan "Olimpiya dünyası” bu saydan etibarən adı çəkilən idman növü üzrə qazanılan uğurlardan, təhlillərdən ibarət yazını oxucularına təqdim edir. Yazıda müxtəlif yaş kateqoriyası üzrə çıxış edən atletlərimizin əldə etdiyi nəticələr yer alıb.
Əgər statistikaya nəzər salsaq görərik ki, 2010-cu ildən başlayaraq bu idman növündə yeni böyük nailiyyətlər və uğurlar əldə olunub. Belə ki, 2010-cu ildə ən uğurlu yarışlardan biri İspaniyada keçirilib. Valensiyada təşkil olunan yarışda yeniyetmələr qüvvələrini sınayıblar. Həmin yarışda idmançılarımız iki qızıl, iki gümüş medal əldə ediblər. Nicat Rəhimov (69 kq) 290 (131 kq + 159 kq) nəticə ilə öz çəkisində qitənin ən güclü atleti adını qazanıb. Nailxan Nəbiyev isə 85 kq çəki dərəcəsində həmin uğuru təkrarlayıb - 327 (150 + 177 kq). Bu yarışda medal sevinci yaşayan atletlərimiz arasında Məhəmməd Seyidov (50 kq) və Firudin Quliyev də (62 kq) var. Qitə yarışında Məhəmməd 190 kq (85 kq + 105 kq), Firudin isə 252 kq (112 kq + 140 kq) nəticə ilə gümüş mükafata yiyələniblər. Qeyd edək ki, Valensiya sınağında ölkəmizi 8 idmançı təmsil edib. Bu birincilikdə çıxış edən idmançıların nəticələri ümumilikdə uğurlu sayılır. Yeniyetmə atletlərimizin çıxışları bununla bitmir. İlin ən böyük və məsul yarışı Asiyada təşkil olunub. Tarixdə ilk dəfə dünyanın ən güclü yeniyetmələri Olimpiya oyunlarının sevincini yaşayıb. Həmin idman tədbirində Azərbaycan idmançıları da uğurla çıxış ediblər. Qazanılan medallar arasında ağırlıqqaldıranımız Nicat Rəhimov da iştirak edib. O, Olimpiya oyunlarında 295 kq (134 kq +161 kq) göstərərək bu mübarizəni çempionluqla başa vurub. Qeyd olunduğu kimi, atletimiz Valensiyada da birinci olmuşdu. Həmin çıxışla Sinqapurdakı nəticəni müqayisə etdikdə görərik ki, Nicat İspaniyadan fərqli olaraq Sinqapurda daha yaxşı çıxış edib. Belə ki, birdənqaldırmada 3 kq, təkanla qaldırmada isə 3 kq artıq çəki qaldırıb. Bu bir idmançı üçün böyük nəticədir. Yeniyetmə idmançılarımızın növbəti çıxışı okeanın o tayında keçirilib. Perunun paytaxtı Limada keçirilən yarışda yeniyetmə idmançılarımız medal əldə edə bilmədilər. 2011-ci ildən yeniyetmələr üçün ilk sınaq xarakteri daşıyan dünya birincilik uğursuz alındı. Yarışda iştirak edən üç ağırlıqqaldırandan heç biri fərqlənmədi. Onların arasında mükafata yaxın nəticə yalnız Mirhüseyn Hüseynova məxsus olub. O, 281 kq (127 kq + 154 kq) nəticə ilə yarışları 5-ci pillədə başa vurub. Digər təmsilçilərimizdən Allahyar Abışov (50 kq) 174 kq (78 kq + 96 kq) 9-cu, Tofiq Allahverdiyev (69 kq) 241 kq (106 kq + 135 kq) nəticə ilə 11-ci yerə layiq görülmüşdü. Bu nəticəni uğursuz kimi hesab etmək olmaz. Lima sınağına idmançılar bir növ yarışlara adaptasiya olmaq üçün göndərilmişdi. Dünya birinciliyi həyəcanını yaşayan həmin atletlərin qüvvə və bacarığına kölgə salmaq olmaz. Limadan sonra yeniyetmə atletlərimiz yenidən qitə yarışına qatıldılar. Polşanın Çexanov şəhərində keçirilən Avropa birinciliyində bu dəfə 8 idmançımız qüvvəsini sınadı. Həmin idmançılardan 4-ü fəxri kürsüdə yer aldı. Paşa İbrahimli 56 kq çəki dərəsində 233 kq (105 kq + 128 kq) nəticə ilə Avropa çempionu adını qazanıb. Uğurlar təkcə bununla bitməyib. 85 kq çəki dərəcəsində çıxış edən idmançımız Nailxan Nəbiyev (85 kq) qızıl medala yiyələnib. Allahyar Abışov (50 kq) yarışların bürünc mükafatına yiyələnib - 182 kq (101 kq + 81 kq). Elxan Əliquluzadə (62 kq) üçüncü yerlə kifayətlənib - 258 kq (112 kq + 146 kq). Limada medalsız qalan yeniyetmələrimiz 2012-ci ildə dünya birinciliyinin mükafatı uğrunda mübarizəyə qoşulublar. Slovakiyanın Koşitse şəhərində keçirilən birincilikdə 7 atletimiz yarışıb. 1 il əvvəlki yarışdan fərqli olaraq, bu dəfə atletlərimizin çıxışı qənaətbəxş olub. Komandamızın heyətində Azər Məmmədli (92 kq) 336 kq (148 kq + 188 kq) nəticə ilə yığmamıza yeganə medalı qazandırıb. Bununla da yeniyetmələrimizin medalsız çıxış "sindromu” aradan qalxıb.
2012-ci ildə yeniyetmə ağırlıqqaldıranlarımız Buxarestdə yarışdılar. Rumıniyada təşkil olunan qitə birinciliyində 6 atletimiz nəticə üçün qüvvəsini sınadı. Lakin onlardan cəmi ikisi fəxri kürsüdə yer aldı. Valeh Baxşalızadə (50 kq) 204-kq (88 kq + 116 kq), nəticə ilə həmyaşıdları arasında Avropa çempionu olub. Elxan Əliquluzadə (69 kq) isə üçüncü yeri tutub. O, 288 kq (128 kq + 160 kq) nəticə ilə bürünc medala yiyələndi. Digər təmsilçilərimiz isə ilk onluqda yer alıb. Təkcə Azər Məmmədlidən (+94 kq) başqa. Belə ki, yeniyetmə atletimiz birdənqaldırmada 145 kq nəticə göstərsə də, təkanla qaldırmada sifarişlərin heç birini yerinə yetirə bilməyib. Buxarestdə yarışını "0” nəticə ilə sona çatdırıb.
2013-cü ildə yeniyetmələrimiz daha uğurlu nəticələrə yadda qalıblar. Sentyabrın 1-dən 9-dək Litvanın Klaypeda şəhərində keçirilən qitə yarışında 15 və 17 yaşına qədər idmançılarımız çıxış ediblər. Hər iki yarışda idmançılarımız bir qızıl, üç gümüş, iki bürünc medala yiyələniblər. Komandamıza qızıl medalı Rüstəm İmanzadə (62 kq) qazandırıb. O, 15 yaşına qədər olan digər rəqiblərindən üstün olub. 233 kq (103 kq + 130 kq) nəticə göstərən atletimiz Klaypeda da çempion tituluna yiyələnib. Həmin kateqoriyada Kənan Əliquluyev (69 kq) 247 kq (111 kq + 136 kq) nəticə ilə ikinci yeri tutub. 17 yaşına qədər ağırlıqqaldıranların mübarizəsində təmsilçilərimiz 2 gümüş medal əldə edib. Məhəmməd Məmmədli (50 kq) 181 kq (81 kq + 100 kq) nəticə ilə ikinci olub. Dadaş Dadaşbəyli də həmin nəticəni təkrarlayıb 334 (151 kq + 183 kq). Yeniyetmələrin mübarizəsində xanım atletlərimizdə onlara bəslənilən ümidləri doğruldublar. 17 yaşına qədər ağırlıqqaldıranlar arasında Mərziyyə Məhərrəmova (48 kq) bürünc medal əldə edib - 145 kq (63 kq + 82 kq). 53 kq çəki dərəcəsində çıxış edən Gülçin Əlizadə 150 kq (67 kq + 83 kq) nəticə ilə qitə çempionatında ilk bürünc mükafatına sahib çıxıb.
Aprelin 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürən ağırlıqqaldırma üzrə yeniyetmə oğlanlar və qızlar arasında dünya birinciliyi aprelin 14-də başa çatıb. Yarışda ölkəmizi Ruslan Rzazadə (50 kq), Məhəmməd Məmmədli (50 kq), Esmin Əhmədov (56 kq), Rüstəm İmanzadə (56 kq), Mansur Ağaverdiyev (62 kq), Orxan Həsənli (62 kq), Kamran Beskov (85 kq), Dadaş Dadaşbəyli (94 kq) oğlanlar, Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (48 kq), Sona Məmmədova (58 kq), Kseniya Visnitskaya (58 kq) və Günel Əlizadə (63 kq) isə qızlar arasında təmsil ediblər. Milli komandamızın üzvlərindən biri - Kseniya Vişnitskaya 58 kq çəki dərəcəsinin "A” qrupunda mübarizə aparıb.
Birdənqaldırma hərəkətində 70 kq çəkini yalnız ikinci cəhddə ram edən idmançımız, üçüncü yanaşmada 73 kq ağırlığı ram edə bilməyib. Onun bu çıxışı 18-ci yerlə qiymətləndirilib. Təkanla qaldırma hərəkətində Kseniya 85 kq-ı qaldırsa da 90 kq onun üçün ağır olub. Üçüncü yanaşmasından imtina edən gənc idmançımız təkanla qaldırmada da 18-ci olub. İki hərəkətin cəmində 155 kq (70 kq + 85 kq) nəticə göstərən Vişnitskaya, ümumi cədvəldə 18-ci yerə layiq görülüb. Sona Məmmədova və Günel Əlizadə isə 63 kq çəki dərəcəsinin "B” qrupunda yarışıblar. Birdənqaldırma hərəkətində hər iki atletimiz yanaşmalarını uğurla yerinə yetiriblər. Sona və Günel 52 kq, 55 kq və 58 kq-lıq çəkinin öhdəsindən uğurla gəliblər. Komanda yoldaşına nisbətən çəkisi bir qədər yüngül olan Sona Məmmədova 13-cü, Günel Əlizadə isə 14-cü pillədə qərarlaşıb. Təkanla qaldırma hərəkətində Sona Məmmədova 60 və 63 kq-ı qaldırsa da, 66 kq-da "büdrəyib”. Əlizadə Günel isə 65 və 70 kq-a ram etdikdən sonra, 73 kq-da qüvvəsini toplaya bilməyib. Nəticədə, bu hərəkətdə Günel 13-cü, Sona 14-cü olub. İki hərəkətin cəmində Günel Əlizadə 128 kq (58 kq + 70 kq) nəticə ilə 13-cü, Sona Məmmədova isə 121 kq (58 kq + 63 kq) nəticə ilə 14-cü yeri tutub.
Oğlanların mübarizəsində Kamran Beskov 85 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb. İdmançımız birdənqaldırma hərəkətində əvvəlcə 117 kq, sonra isə 122 kq çəkini başı üzərinə qaldırıb. Üçüncü yanaşmada 124 kq-ın öhdəsindən gələ bilməyən Beskov, bu hərəkətdə yarışı 5-ci yerdə tamamlayıb. Təkanla qaldırma hərəkətində ilk cəhdində 152 kq-ı qaldıran Kamran, sonrakı iki cəhdində uğursuzluqla üzləşib. 158 kq-a güc çatdıra bilməyən atletimiz bu hərəkətdə 2-ci olub.

İki hərəkətin 274 kq (122 kq + 152 kq) nəticə göstərən idmançı, "B” qrupunu 3-cü yerdə yekunlaşıdırıb. Yığmamızın son medal ümidi olan Dadaş Dadaşbəyli medallar uğrunda mübarizə aparıb. Birdənqaldırma hərəkətində Dadaşbəyli əvvəlcə 142 kq, daha sonra isə 146 kq-ı ram edib. 150 kq-a gücü çatmayan idmançımız bu hərəkətdə 4-cü olub. Təkanla qaldırma hərəkətində o, 172 kq ağırlığı iki yanaşmaya qaldırıb. Üçüncü yanaşmada 177 kq-ı ram edən idmançımız 4-cü pilləyə layiq çıxış edib. İki hərəkətin cəmində 323 kq (146 kq + 177 kq) nəticə göstərən Dadaş Dadaşbəyli yekunda 4-cü yerlə Daşkəndi tərk edib. Qeyd edək ki, Dadaş ötən il Slovakiyada keçirilən dünya çempionatında 85 kq-da çıxış edib və 260 kq nəticə ilə "B” qrupunda 5-ci yeri tutub.
Xatırladaq ki, bundan əvvəl millinin idmançılarından Ruslan Rzazadə 18-ci, Məhəmməd Məmmədli isə 15-ci yerə çıxıb. İki hərəkətin cəmində B qrupunda Rüstəm İmanzadə 210 kq-la (95 kq + 115 kq) 8-ci, Esmin Əhmədov isə 201 kq-la (85 kq + 116 kq) 11-ci yeri tutub. Yekuna əsasən isə onlar 18 və 21-ci yerə yiyələniblər.
Qızların mübarizəsində Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 138 kq-la (60 kq + 78 kq) 12-ci yerlə kifayətlənib. Orxan Həsənli 62 kq çəki dərəcəsinin "B” qrupunda 14-cü yeri tutub. Mansur Ağaverdiyev 62 kq çəki dərəcəsinin "C” qrupunda 7-ci yerə layiq görülüb. Onun yekun cədvəlində yeri "B” və "A” qrupundakı yarışlar başa çatdıqdan sonra məlum olacaq.
53 kq çəki dərəcəsində "A” qrupunda ölkəmizi təmsil edən və 153 kq (68 kq + 85 kq) nəticə göstərən Gülçin Əlizadə dünya birinciliyinin yekunlarına əsasən 13-cü yeri tutub.

Gəncləşən millimiz yeni qələbələrə doğru
Gənclərin beynəlxalq yarışlarında da ağırlıqqaldıranlarımız fərqli və ürəkaçan nəticələrə sahib çıxıblar. 2010-cu ildə gənc atletlərimizin çıxış etdiyi ilk yarış Kiprin Limasson şəhərinədə təşkil edilib. 20 yaşına qədər ağırlıqqaldıranların qitə mübarizəsində Azərbaycan 4 ilmançı ilə təmsil olunub. Həmin yarışda Rauf Nəbiyev (62 kq) Cəlil Abdullayev (77 kq), Nailxan Nəbiyev, Orxan Əliquluzadə (hər ikisi 85 kq) qüvvələrini sınayıb. Lakin atletlərimizdən heç biri mükafat əldə etməyib. Həmin heyətdə ən yaxşı nəticə Nailxan Nəbiyevə məxsus olub. O, 327 kq (147 kq + 180 kq) nəticə ilə 6-cı olub.
23 yaşına qədər ağırlıqqaldıranların yarışında Elmar Alıyev (56 kq), Hədis Hədisov (62 kq) və Xosrov Əhmədov (94 kq) çıxış edib Lakin bu yaş qrupunda da medal qazanılmadı. Ən yaxşı nəticə isə Elmar Alıyevə məxsus oldu. Atletlərimiz Limassolda 5-ci yeri tutdu - 227 kq (97 kq + 130 kq). Limassoldan sonra gənc ağırlıqqaldıranların növbəti sınağı 2011-ci ilə təsadüf edib. Gənclərimiz Malayziyanın Penanq şəhərində təşkil olunan dünya birinciliyində 2 idmançımız çıxış edib. Lakin Penanqda katletlərimiz müvəffəqiyyət əldə edə bilməyiblər. Orxan Əliquluzadə (94 kq) 313 kq (140 kq + 173 kq) nəticə ilə 16-cı yerlə kifayətlənib. Nailxan Nəbiyev (85 kq) birdənqaldırmada 152 kq nəticə göstərib və 6-cı yeri tutub. Təkanla qaldırmada uğursuz çıxış edən Nailxan, iki hərəkətin cəmində "0” nəticə ilə yadda qalıb. Həmin ildə idmançılarımız qitə çempionatına da qatılıblar. Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında 4 atletimiz mübarizə aparıb. Lakin onlardan yalnız biri mükafatalayiq nəticə göstərib. 20 yaşına qədər gənclər arasında keçirilən Avropa birinciliyində Firudin Quliyev bürünc medal qazanıb - 303 kq (173 kq + 130 kq). 2012-ci ildə gənclərimiz uğur qazanmaq üçün növbəti yarışda qüvvələrini sınayıblar. Bu dəfə sınaq meydanı Buxarest olub. Komandamızın yetişməkdə olan atletlərindən Firudin Quliyev Buxarestdən sonra nəticəsini daha da yaxşılaşdırıb. 69 kq çəki dərəcəsində qüvvəsini sınayan ağırlıqqaldıranımız Avropa çempionu adını qazanıb - 316 kq (136 kq + 180 kq). Yarışda ölkəmizi təmsil edən digər 5 atletimiz isə qalibiyyət sevinci yaşaya bilməyiblər. Qvatemalanın Antiqua şəhərində keçirilən çempionat gənclər üçün əsas yarışlardan biri olub. Lakin yarışda iştirak edən iki idmançımızdan Firudin Quliyev 306 kq (130 kq + 176 kq) nəticə ilə 5-ci, Nicat Rəhimov isə 333 kq (148 kq + 185 kq) nəticə ilə 4-cü olub.

Yola saldığımız ildə gənclərdən ibarət yığmamız onlara bəslənilən ümidləri doğruldublar. Ağırlıqqaldırma idman növündə qazanılan medallarda gənc atletlərimizin də payı var. İlin əvvəlində Perunun paytaxtı Limada keçirilən dünya birinciliyində Azərbaycan yığması 3 idmançı ilə təmsil olunub. Komandaya daxil edilən Valentin Xristov (62 kq) gənclər arasında dünya çempionu olub. 316 kq (138 kq + 178 kq) nəticə qazanan Xristov eyni zamanda rekordunu yeniləyib. Limada fərqlənən digər atletimiz Nicat Rəhimov (77 kq) olub. O, 340 kq (153 kq + 187 kq) nəticə ilə dünya birinciliyinin gümüş mükafatına yiyələnib. Ardıcıl olaraq iki mötəbər yarışda həm çempion, həm də bürünc mükafatçı olan Firudin Quliyev okeanın o tayından əliboş qayıtmayıb. Belə ki, atletimiz 308 kq (132 kq + 176 kq) nəticə ilə dünya birinciliyinin bürünc mükafatçısı adını qazanıb.
20 yaşına qədər gənclər arasında keçirilən Avropa birinciliyi ağırlıqqaldıranlarımız üçün uğurlu alınıb. Yarışa qatılan 3 idmançımız çıxış etdikləri çəki dərəcələrində birinci olublar. 68 kq çəki dərəcəsində Yuri Dudolqo 286 kq (130 kq + 156 kq) nəticə ilə fərqlənib. 69 kq-da Elxan Əliquluzadə 309 kq (135 kq + 174 kq), 94 kq-da isə Nailxan Nəbiyev 343 kq (153 kq + 190 kq) fərqlənib.
2012-ci il yanvarın 28-dən fevralın 2-nə qədər Səudiyyə Ərəbistanının Dammam şəhərində ağırlıqqaldırma üzrə İslam Ölkələrinin Həmrəylik Çempionatı keçirilib. 29 ölkədən 111 gənc atletin iştirak etdiyi yarışda yığmamız da qüvvəsini sınayıb. Çempionatda milli komandamızın baş məşqçisi Nizami Paşayev və məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında çıxış edən Paşa İbrahimli, Rauf Nəbiyev (hər ikisi 62 kq), Firudin Quliyev, Elxan Əliquluzadə (hər ikisi 69 kq), Nicat Rəhimov (77 kq), Namiq Cəmilov, Turan Abdullayev (hər ikisi 85 kq) və Nailxan Nəbiyevdən (94 kq) ibarət yığma komanda üçüncü yeri tutub.
Ümumi hesabda 2 qızıl və 1 gümüş medal əldə edən yığmamız yalnız Misir (3 qızıl) və Səudiyyə Ərəbistanından (2 qızıl, 5 gümüş) geri qalıb.


Tələbələrin böyük qələbəsi

2013-cü il iyulun 6-17-də Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Yay Universiadası çərçivəsində keçirilən ağırlıqqaldırma yarışlarında Azərbaycan atletləri də iştirak edib. 50 ölkədən 253 atletin mübarizə apardığı yarışda baş məşqçi Zlatan Vanev və məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında Yuri Dudoqlo (62 kq), Firudin Quliyev (69 kq), Nicat Rəhimov, Elxan Əliquluzadə (hər ikisi 77 kq), Nailxan Nəbiyev (94 kq), Aluda Manaqadze (105 kq), Yuliya Derkaç (53 kq), Kristina Yovu (58 kq), Alyona Kiriyenko (69 kq) və Tatyana Varlamova (+75 kq) qüvvələrini sınayıblar.
Təmsilçimiz Kristina Yovu 58 kq çəki dərəcəsində 226 kq (100 kq + 126 kq) nəticə ilə Kazan Universiadasının gümüş medalına yiyələnib. 69 kq çəki dərəcəsində Firudin Quliyev 323 kq (142 kq + 181 kq) nəticə ilə milli komandamıza ilk qızıl medalı qazandırıb. Digər idmançılarımızdan Yuliya Derkaç 53 kq çəki dərəcəsində 187 kq (86 kq + 101 kq) nəticə ilə 5-ci yeri tutub. Alyona Kiriyenko da (69 kq) 209 kq (94 kq + 115 kq) nəticə ilə 5-ci yerə layiq görülüb. Kişilərin yarışında 62 kq-da Yuri Dudoqlo iki hərəkətin cəmində 298 kq (133 kq + 165 kq) nəticə ilə universiadanı 7-ci pillədə başa vurub.
Anar Əhmədov