Argentina yığması cərimə olunub

Argentina yığması cərimə olunub

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Argentina və Dominikan Respublikası milli komandaları arasında keçirilən matçında kütləvi davada “fəallıq göstərən” 7 nəfəri diskvalifikasiya edib. Oyun Amerika Kubokunun qrup mərhələsi çərçivəsində təşkil olunub. Argentinalılar əlavə vaxtda 83:84 hesabı ilə məğlub olublar. Qarşılaşma başa çatdıqdan dərhal sonra hər iki komandanın idmançıları arasında əlbəyaxa dava düşüb.
FİBA-nın məlumatına görə, Dominikan Respublikası yığmasına qarşı aşağıdakı intizam tədbirləri tətbiq edilib: David Cons-Qarsia iki, Xuan Qerrero və Xuan Suero isə bir oyuna diskvalifikasiya edilib. Anhel Delqado üç illik sınaq müddəti ilə bir oyunu buraxacaq. Bundan əlavə, komanda üç il sınaq müddəti üçün şərti cəza kimi 10 min İsveçrə frankı ödənişi də daxil olmaqla, 20 min İsveçrə frankı (təxminən 25 min dollar) məbləğində cərimə ödəyəcək.
Argentinaya gəlincə, Qonzalo Bressan iki, Fransisko Kaffaro və Juampi Vaulet isə bir oyuna diskvalifikasiya olunub. Milli komandanın məşqçisi 2000 İsveçrə frankı (təxminən 2500 dollar) məbləğində cərimə ödəməlidir. Ölkənin basketbol federasiyası 20 min İsveçrə frankı məbləğində, o cümlədən üç il sınaq müddəti olmaqla şərti cəza şəklində 10 min İsveçrə frankı məbləğində cərimələnib.