Qış olimpiadasının İtaliya modeli hazırdır

Qış olimpiadasının İtaliya modeli hazırdır

İtaliyada keçiriləcək XXV Qış Olimpiya və Paralimpiya Oyunları üçün hazırlıq prosesi başa çatıb. Təşkilat Komitəsi növbəti Qış Olimpiadasının modelini bütün dünyaya təqdim edib. Uzun müddətdir Oyunların loqosu, talismanı, məşəli və piktoqramları ictimaiyyətə təqdim olunub. 

          
“Futura” həmrəylik və sağlam həyat tərzini təbliğ edir

Milan və Kortina Ampetsoda keçirilən XXV Qış Olimpiya və Paralimpiya Oyunlarının emblemi 2021-ci il mart ayının 30-da rəsmi olaraq ictimaiyyətə təqdim olunub. Emblemin seçilməsi prosesi 7-25 mart tarixlərini əhatə edib. Bu müddət ərzində italiyalı təşkilatçılar bütün dünyaya 2 variant təqdim ediblər. Variantlardan biri “Dado”, digəri isə “Futura” (gələcək) adlandırılıb. Seçimlərdə 169 ölkədən iştirak edən 871 min nəfər sonda “Futura” (74/26) variantını bəyənib. “Futura”nın qalib gəlməsində əsas səbəb kimi emblemdəki “26”nın qar və buz cizgiləri ilə əhatə olunması göstərilib. Emblemdə, həmçinin, Olimpiya Hərəkatının inkişafı, həmrəylik və sağlam həyat tərzi öz əksini tapıb. 
Qeyd edək ki, “Futura” eyni zamanda Qış Paralimpiya Oyunlarına da aid edilib.  


“Tina” və “Milo” idmanla yanaşı, incəsənəti də sevir 

Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanları ictimaiyyətə 2024-cü il fevral ayının 24-də San-Remo musiqi festivalı zamanı təqdim olunub. “Tina” və “Milo” talismanlarının adları Oyunlara ev sahibliyi edəcək iki şəhərin qısaltmasını özündə əks etdirir. Müəlliflərin fikrincə, “Tina” şəhərdə yaşayır, əyləncəyə, incəsənətə böyük maraq göstərir. O, güc və gözəlliyi özündə cəmləşdirib. Onu tez-tez konsert salonlarında və təqdimat mərasimlərində görmək mümkündür. 
“Milo”ya gəlincə, emblem qəhrəmanı daha çox arzularla yaşamağı sevir. Dünyaya pəncəsiz gələn bu talisman özündə güc tapıb, yeriməyi öyrənərək, quyruğu ilə xarüqələr yaratmağa nail olub. Onun ən böyük əyləncəsi qartopu oynamaq, musiqi alətində ifa etməkdir. “Milo” fiziki qüsurlu insanların güclü xarakterinin təsəssümü hesab olunur.        
 

Zirvədən zirvəyə və ya iki hissədən ibarət medal

Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının medalları 2025-ci ilin iyul ayında Veneto (Venetsia) rayonunda yerləşən “Palatso Balbi” arenasında ictimaiyyətə təqdim olunub. Mərasimdə İtaliyanın əfsanəvi idmançıları - xizəksürmə üzrə ikiqat bürünc mükafatçı Federiko Pelleqrino və paralimpiya çempionu Françeska Porçelatto iştirak ediblər. 
Medalların dizaynında iştirakçı şəhərlərin birgə ittifaqı öz əksini tapıb. İki hissədən ibarət medalın mərkəzində Olimpiya halqaları xüsusi olaraq qeyd olunub. Mükafatın kənarlarında isə Milan və Kortina Ampetso-2026 Qış Olimpiya və Paralimpiya Oyunları sözlərinə rast gəlinir. 
Məlumat üçün bildirək ki, Qış Olimpiya Oyunları üçün 245, Paralimpiya Oyunları üçün isə 137 dəst medal hazırlanıb. 

Olimp dağından Alp yamacına uzanan yol
 
Milan-Kortina-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin təqdimatı ötən ilin aprel ayının 14-nə təsadüf edir. Maraqlıdır ki, məşəlin təqdimatı eyni vaxtda həm Milanda, həm də Yaponiyanın Osaka şəhərində keçirilən Ekspo-2025 sərgisində təşkil edilib. Milandakı təqdimat mərasimində Turin-2006 Qış Olimpiya Oyunlarında çempion olan idmançılar - xizəkçi Stefaniya Belmondo və paralimpiyaçı Bebe Vio iştirak etdiblər. Osakada keçirilən mərasimə isə Soçi-2014 Olimpiadasında fiqurlu konkisürmədə bürünc mükafata layiq görülən Karolina Kostner və paralimpiya çempionu Martina Kayroni dəvət edilmişdi. İtaliyanın məşhur Karlo Ratti Assosiati kompaniyası tərəfindən hazırlanan məşəl xüsusi dizaynla hazırlanıb. 1060 qram çəkiyə məxsus məşəlin hazırlanmasında aluminium metalına üstünlük verilib.                  

On min nəfərin tək arzusu 

Milan və Kortina Ampetso-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəli ötən ilin 26 noyabr tarixində Yunanıstanda, Qədim Olimpiya massivində alovlandırılıb. Alovlanan məşəlin Təşkilat Komitəsinə təqdim edilməsi mərasimi ötən ilin dekabr ayının 4-nə təsadüf edib. İtaliya ərazisində məşəl estafeti dekabrın 6-da başlayıb və fevralın 6-na qədər davam edəcək. On mindən artıq iştirakçı ilə keçirilən məşəl estafeti ölkənin 110 bölgəsini əhatə edəcək. Paytaxt Romadan başlayıb 63 gün davam edəcək tədbirdə məşəl 60 fərqli məkanda dayacanaq, ümumilikdə 12 min kilometr məsafə qət olunacaq. Məşəl fevralın 6-da Milandakı San-Siro stadionuna çatacaq.                         

Müştərək yaradılan sənət nümunəsi

İdman azarkeşlərinin hər Olimpiya və Paralimpiya Oyunlarından əvvəl diqqətlə gözlədiyi təqdimatlardan biri də piktoqramlardır. Bu elementlər istənilən böyük idman tədbiri üçün xüsusi əhəmiyyət kəsb edir. Milan-Kortina Ampetso-2026 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi də nəhəng idman tədbiri üçün bu məqəma xüsusi diqqət yetiriblər. Budəfəki Oyunların piktoqramları hələ iki il əvvəl, noyabrın 24-də ictimaiyyətə təqdim edilib. Oyunların Təşkilat Komitəsi Beynəlxalq Qış İdman növləri Federasiyası ilə birlikdə mükəmməl bir işin öhdəsindən gəliblər. Hər iki qurum Qış olimpiadası üçün 16, Paralimpiya Oyunları üçün 6 piktoqram hazırlayıblar. Müəlliflər bu sənət əsərində insan cizgilərinə, idman hərəkətlərinə, mübarizə üslubuna və qış elementlərinə üstünlük veriblər. Nəticədə ortaya qoyulan mükəmməl bir iş bütün dünyadakı idman azarkeşlərinin rəğbətini qazanıb.

Anar Əhmədov