Bakıda qayayadırmanma üzrə Dünya Kubokunun yarışı başa çatıb

Bakıda qayayadırmanma üzrə Dünya Kubokunun yarışı başa çatıb


Mayın 4-də Bakıda qayayadırmanma idmanı üzrə Dünya Kuboku turnirinin mərhələ yarışı başa çatıb. Yarış Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyası (FAIREX) ilə Beynəlxalq Qayayadırmanma İdmanı Federasiyasının (IFSC) birgə təşkilatçılığı ilə keçirilib.
İdmançılar Dövlət Bayrağı Meydanında, açıq havada qayaya dırmaşmaq üçün quraşdırılmış 15 metr hündürlüyündə divarda yarışıblar.
İki gün davam edən beynəlxalq turnirdə dünyanın 22 ölkəsindən 150-dən çox idmançı marşrutun mürəkkəbliyi (boulderinq) və sürət üzrə birincilik uğrunda mübarizə aparıblar. Sürət üzrə yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə kişilər arasında ukraynalı Danilo Boldırev, qadınlar arasında Rusiya təmsilçisi Mariya Krasavina qalxıblar. Marşrutun mürəkkəbliyi üzrə yarışlarda birinci yeri kişilər arasında Dmitri Şarafutdinov (Rusiya), qadınlar arasında Anna Şter (Avstriya) tutublar.
IFSM-nin nümayəndəsi Qremi Alderson bildirib ki, qayayadırmanma idmanı üzrə Dünya Kuboku yarışı ən yüksək səviyyədə təşkil olunub.
Xatırladaq ki, Dünya Kuboku yarışları çərçivəsində sürətə görə 7 mərhələ nəzərdə tutulub. Bu mərhələlərdən biri Çuntsində (Çin) keçirilib. Bakıdan sonra növbəti mərhələlər Xayyan (Çin, 20-22 iyun), Şamoni (Fransa, 10-12 iyul), Arko (İtaliya, 30-31 avqust), Mokpo (Koreya Respublikası, 11-12 oktyabr) və Utszyanda (Çin, 18-19 oktyabr) keçiriləcək.
Bundan əlavə, boulderinq yarışlarında 8 mərhələ planlaşdırılır. Çuntsin və Bakı mərhələlərindən sonra növbəti mərhələ yarışları İnsbruk (Avstriya, 16-17 may), Toronto (Kanada, 31 may-1 iyun), Veyle (ABŞ, 6-7 iyun), Xayyan (Çin, 20-22 iyun) və Lavalda (Fransa, 27-28 iyun) təşkil ediləcək.