Azərbaycan ilk dəfə dağ xizəyi üzrə gənclər düşərgəsində iştirak edəcək

Azərbaycan ilk dəfə dağ xizəyi üzrə gənclər düşərgəsində iştirak edəcək

Azərbaycanda dağ xizək idman növlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etməkdədir. İdmançılarımızın beynəlxalq arenalarda təmsil olunmaları mühüm əhəmiyyət daşıyır. Bu sahəyə yeniyetmə və gənclərin cəlb olunması daha vacib amildir. Bugünlərdə Azərbaycan Alpinizm Federasiyasının 4 yeniyetmə üzvü dağ xizəyi üzrə gənclər düşərgəsinə dəvət alıb. Dekabrın 4-dən 7-dək Avstriyanın Tirol Alplarında yerləşən Lients şəhərində keçirilən düşərgədə idmançılarımız təlim və məşqlər keçəcəklər. Qeyd edək ki, tədbirdə Azərbaycan Təhsil Nazirliyinin maddi dəstəyi ilə iştirak edəcək gənc idmançılarımız Nizami incəsənət mərkəzinin nəzdində fəaliyyət göstərən "Gənc səyyah” dərnəyinin üzvləridirlər. Buyaxınlarda Dağ Xizəyi Federasiyasının üzvü olan Azərbaycan Alpinizm Federasiyası bu cür tədbirdə ilk dəfə iştirak edəcək. 8 ildir ki, təşkil olunan düşərgəyə bu dəfə 11 ölkəni təmsil edən idmançılar qatılacaqlar. MDB ölkələrindən bu tədbirdə yalnız Azərbaycan təmsil olunacaq. Dərnəyin məşqçisi Yevgeniya Nəcəfova qeyd edib ki, son illər yetirmələrimiz arasında dağ xizək idmanının təbliği aparılır: "Avstriyada keçiriləcək düşərgəyə qatılıcaq idmançılarımızın 13-15 yaşları var. Buna baxmayaraq, onların dağ xizəyi idmanında kifayət qədər təcrübəsi var. Ardıcıl olaraq iki il təmsilçilərimiz Gürcüstanın Bakuriani rayonunda yerləşən dağ xizək məktəbində dərs keçib, bu idman üzrə yarışlarda iştirak ediblər”.
Məşqçinin sözlərinə görə, Avstriyada keçiriləcək düşərgədə iştirakçılar təlimatçıların rəhbərliyi altında bu növün əsaslarını daha da dərindən öyrənəcək, bu növlə bağlı nəzərdə tutulmuş xüsusi təchizatla tanış olacaq və öyrəndiklərini tətbiq edəcəklər.
Qeyd edək ki, skimountenirinq alpinizm və dağ xizək idmanının qarışığı hesab olunur. Burada idmançılar dağa qalxıb, aşağı dağ xizəyi vasitəsi ilə enirlər. Yevgeniya xanım qeyd edir ki, Azərbaycan üçün skimountenirinq tamamilə yeni bir idman növüdür. "Ölkəmizdə idmana göstərilən dövlət qayğısı sayəsində qış idman növlərinin inkişafı üçün gözəl mərkəzlər yaradılıb. Yeniyetmə və gənclərin qış idman növləri ilə məşğul olmaları üçün hazırlıq keçmələri vacib məsələlərdəndir. Bütün dünyada dağ xizəyi, snoubord, skimountenirinq və s. qış idman növlərinə ildən-ilə maraq artır. Ümidvaram ki, ölkəmizdə də bu növ üzrə istedadlı idmançılar yetişəcəklər”.