Velosiped idmanı üzrə “Məktəbli kuboku” turnirinin qalibi müəyyənləşib

Velosiped idmanı üzrə “Məktəbli kuboku” turnirinin qalibi müəyyənləşib

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası "Məktəbli kuboku” layihəsinin icrasına başlayıb.
Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə əldə olunmuş razılığa əsasən, Veloparkda adı çəkilən rayonun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Yarışda hər birinin tərkibində 2 qız və 2 oğlan olan 21 məktəbin komandası iştirak edib. Federasiya tərəfindən velosiped və digər zəruri avadanlıqla təmin edilən şagirdlər estafet sistemi üzrə yarışıblar. Nəticədə 207 nömrəli orta məktəbin komandası hamıdan yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri "Tərəqqi” texniki-humanitar liseyi, üçüncü yeri isə 47 nömrəli orta məktəbin kollektivi tutub.
Qaliblər federasiya tərəfindən pul mükafatı, kubok, medal və diplomla təltif ediliblər.
Nərimanov rayonunun məktəbliləri arasında keçirilən bu yarış pilot layihə xarakteri daşıyıb. Yaxın gələcəkdə ümumrespublika "Məktəbli kuboku”nun təşkili də nəzərdə tutulur.