Sahib Ələkbərov: "Velosiped İdmanı Federasiyası qarşıya qoyulan məqsədə çatıb”

Sahib Ələkbərov: "Velosiped İdmanı Federasiyası qarşıya qoyulan məqsədə çatıb”


Azərbaycanda velosiped idmanı uzun müddət lazımi səviyyədə təbliğ edilməyib. Amma Fazil Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik etməyə başlayandan sonra böyük işlər görülüb.

Olimpnews.az AzərTAc-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov deyib. 
Federasiyanın vitse-prezidenti qeyd edib ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün vacib baza yaradılmasına nail olunub. İdmanda yaxşı nəticələrin əldə olunması kütləvilikdən keçir. Kütləviliyə nail olmaq üçün isə idmanın hər bir növünü, o cümlədən velosipedi də populyarlaşdırmaq lazımdır. "Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə də məhz bu məqsədə xidmət edir.
Sahib Ələkbərov deyib ki, müsabiqənin keçirilməsi təşəbbüsü AVİF tərəfindən irəli sürülüb. Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və onun rəhbərliyi bu təşəbbüsü dəstəkləyiblər. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi də çox fəal şəkildə bu tədbirə qoşulublar. Sərgiyə iki ay müddətində 200-ə yaxın işin təqdim olunması istədiyimiz nəticəni aldığımızı sübut edir.
AVİF-in vitse-prezidenti bildirib ki, müsabiqəyə qəbul edilmiş əsərlərin sərgiləndiyi məkan da çox düzgün seçilib. Bura insanların daim gediş-gəlişi olan yerdir. Onlar bu məkanda istirahət edərkən velosiped idmanı ilə də tanış ola biləcəklər. Federasiya əməkdaşları, o cümlədən həmin işlərin müəllifləri isə onlara öz əsərləri barədə məlumat verəcəklər. Bu da velosiped idmanının populyarlaşması üçün böyük rol oynayacaq.
"Hesab edirəm ki, AVİF qarşıya qoyulan məqsədə çatıb. Gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırırıq. Mətbuat nümayəndələrinin bu tədbirlərin işıqlandırılmasında rolu çox böyükdür və buna görə onlara dərin təşəkkürümü bildirirəm”, - deyə Sahib Ələkbərov qeyd edib.