Tour d’Azerbaidjan-2015: 5 gün ərzində 870 km

Tour d’Azerbaidjan-2015: 5 gün ərzində 870 km

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015” veloyürüşünün startına 21 gün qalır. Mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 870 km məsafə qət edəcəklər.
Proqrama əsasən, velosipedçilər mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-Qobustan-Şamaxı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
Planetin nüfuzlu "Eurosport” kanalı ilə əldə olunmuş razılığa əsasən, "Tour d’Azerbaidjan-2015” veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri adıçəkilən telekanal vasitəsilə birbaşa yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə tamaşaçılara yarım saatlıq icmal şəklində təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra "Eurosport” bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq. Martın 21-dən başlayaraq telekanalda Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən hazırlanmış musiqili videoçarx yayımlanır. Bundan başqa, "Eurosport”un öz təşəbbüsü ilə "Tour d’Azerbaidjan-2015”lə bağlı daha bir videoçarx hazırlanıb və yayım proqramına salınıb. Qeyd edək ki, bu, telekanal tarixində ilk belə haldır və 2.1 kateqoriyalı turnirlərlə bağlı heç vaxt belə bir addım atılmayıb. Bunadək "Eurosport” yalnız "Tour de France”, "Vuelta”, "Giro d’İtalia” və digər dünya turları ilə bağlı özünün hazırladığı videoçarxları yayımlayıb.
Ölkəmizdə isə bu missiyanı "İdman Azərbaycan” həyata keçirəcək - telekanal turun 5 mərhələsinin hamısını birbaşa yayımlayacaq.
Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.