Azərbaycanın Bolqarıstandakı səfiri Bakı-2015 Avropa Oyunları barədə geniş müsahibə verib

Azərbaycanın Bolqarıstandakı səfiri Bakı-2015 Avropa Oyunları barədə geniş müsahibə verib

Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin geniş oxucu kütləsinə malik "Standard” qəzetinə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı müsahibə verib. Müsahibə qəzetin 7 iyun nömrəsində dərc edilib.
Bütün suallara ətraflı cavab verən səfir ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə danışaraq, bu qərarın 2012-ci ildə, Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunmasından, Oyunlarda 20-yə yaxın idman növündə 6000-dən çox idmançının iştirak edəcəyindən və ümumilikdə, 253 dəst medal uğrunda mübarizə aparılacağından bəhs edib. Bundan əlavə, səfir Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə 2013-cü il yanvar ayının 17-də Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalandığını diqqətə çatdırıb.
E.Kərimov Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə olan Bakı-2015 ilk Avropa Oyunları məşəlinin bu il aprelin 26-da alovlandırılması mərasimindən söz açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin həmin mərasimdə iştirak etmələrindən, birinci Avropa Oyunlarının məşəlinin səyahətindən danışıb.
Diplomat Bakı-2015 ilk Avropa Oyunlarının keçiriləcəyi idman kompleksləri barədə də ətraflı məlumat verərək, açılış mərasiminin yeni inşa edilmiş, 65000 nəfərlik Bakı Olimpiya Stadionunda olacağını diqqətə çatdırıb. Bununla yanaşı, Oyunlar ərəfəsində idmançılar və komanda rəsmilərinin 7300 nəfərlik "Olimpiya kəndi”ndə yerləşdiriləcəyini vurğulayıb.
Səfir, həmçinin Bakı-2015-də Bolqarıstandan 127 idmançının müxtəlif medallar uğrunda yarışacaqlarını bildirib.
E.Kərimov Azərbaycanda idmanın inkişafı və ölkəmizdə tarixən ənənəvi olan idman növləri barədə də danışıb. Bildirilib ki, Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növü olan güləşin Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsi "Kitabi-Dədə Qorqud” da adı çəkilir. Bundan başqa, XI əsrdə yazıb-yaratmış, bütün Şərqdə tanınan Azərbaycan şairi Xəqani Şirvaninin əsərlərində çövkən, at çapmaq, şahmat, qılıncoynatma və sair kimi oyunlardan da bəhs olunub.
Tarixi mənbələrə istinadən çövkən oyunu barədə ətraflı məlumat verən səfir Orta Asiya, Türkiyə, İran və İraqda məşhur olan bu oyunun Azərbaycanda VI-VII əsrlərdə yarandığını və XII əsrdə tarixdə ilk dəfə beynəlxalq çövkən yarışlarının Bağdad şəhərində keçirildiyini xatırladıb. Qeyd olunub ki, XIX əsrdə ingilislər tərəfindən İngiltərəyə gətirilən bu oyun onların təşəbbüsü ilə "polo” adlandırılıb və ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilib. 1960-cı ildən Azərbaycanda çövkən üzrə rəsmi yarışların keçirilməsi bərpa olunub, 1979-cu ildə Çövkən oyunu haqqında sənədli film çəkilib. Bundan əlavə, 2006-cı ildə Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində çövkən oyunu üzrə turnir keçirilib, 2013-cü ildə Bakıda müasir polo yarışları üzrə qarışıq dünya yığmaları və Azərbaycanın çövkən üzrə komandası arasında polo Dünya kuboku yarışları təşkil olunub. Daha sonra Azərbaycanın ənənəvi çövkən milli oyununun 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi gündəmə gəlib.
Səfir orta əsrlərdə Azərbaycanda idmanın intellektual növü olan şahmatın da geniş yayıldığını, XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin mahir şahmat oyunçusu olduğunu, bundan əlavə, XIX əsrdə Fransa yazıçısı Aleksandr Dümanın Azərbaycana səfəri zamanı Qarabağ xanının qızı, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvanla şahmat oynadığını və Natəvanın gözəl oyunundan heyran qaldığı barədə məlumatları diqqətə çatdırıb.
E.Kərimov hələ sovet hakimiyyəti dövründə güləş, boks, yüngül atletika, qılıncoynatma, tennis və s. kimi idman növləri üzrə SSRİ-nin yığmasında olan Azərbaycan idmançılarının dünya və beynəlxalq yarışlardakı nailiyyətləri əldə etməsindən söz açaraq, XX əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun bütün dünyada məşhur olmalarından, onların dünyanın ən böyük şəhərlərində - Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük məharət göstərmələrindən danışıb. Müsahibədə dörd dəfə SSRİ çempionluğunu qazanan Azərbaycan futbolçusu Ələkbər Məmmədov və SSRİ çempionatlarında 136 qolun müəllifi, SSRİ yığmasının 1966-cı il dünya çempionatının bürünc mükafatçısı və 1972-ci ildə Avropanın gümüş mükafatçısı olmasında böyük rolu olmuş futbolçu Anatoli Banişevskidən də söz açılıb.
Diplomat, həmçinin voleybol idman növünün ölkəmizdəki inkişafından bəhs edərək, bu istiqamətdə voleybol üzrə qadınlardan ibarət milli yığma komandamızın baş məşqçisi Faiq Qarayevin böyük rolundan, 1993-cü ildə onun rəhbərliyi ilə Azərbaycan milli komandasının Bolqarıstanda dünya çempionatının seçmə oyunlarında birinci olmasından, 1994-cü ildə Rumıniyada "Bahar” kubokuna yiyələnərək, elə həmin il dünya çempionatında dünyanın 10 ən güclü qadın komandası sırasına düşməsindən danışıb.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra idmana xüsusi diqqətin ayrıldığını və 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradıldığını, habelə gənclər və idman siyasətinin əsasının ulu öndər tərəfindən qoyulduğunu diqqətə çatdıran E.Kərimov aparılan müdrik siyasət nəticəsində 1994-2003-cü illər ərzində Azərbaycan idmançılarının beynəlxalq və dünya yarışlarında 456 qızıl, 360 gümüş və 515 bürünc medal qazandıqlarını xatırladıb.
Qeyd olunub ki, son 10 ildə ölkədə bir çox beynəlxalq və dünya yarışları keçirilib. Bədii gimnastika üzrə Dünya kuboku və Avropa çempionatı, boks üzrə dünya çempionatı, gənc qadınlar arasında futbol üzrə dünya çempionatı, sərbəst güləş üzrə Avropa çempionatı və s. buna misaldır.
Diplomat 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş dövlətimizin başçısı İlham Əliyevin gördüyü nəhəng işlər nəticəsində ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövrün başlandığını, respublikamızın ilk dəfə olaraq 1996-cı ildə Atlanta Olimpiadasında 1 gümüş, 2000-ci ildə Sidney şəhərində 27-ci Yay Olimpiya Oyunlarında 2 qızıl və 1 gümüş, 2004-cü ildə Yunanıstanda 28-ci Yay Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medal qazandığını xatırladıb, habelə 2006-2014-cü illərdə keçirilən yay və qış Olimpiya, eləcə də Paralimpiya Oyunlarında da əldə olunan nailiyyətlərdən də danışıb.