“Azərbaycana gələndə elə bildim ki, burada Olimpiya oyunları keçirilir”

“Azərbaycana gələndə elə bildim ki, burada Olimpiya oyunları keçirilir”


1988-ci il Seul, 1996-cı ildə isə Atlanta Olimpiya Oyunlarında qılıncoynatma üzrə qalib adını qazanan həmyerlimiz İlqar Məmmədov hazırda Rusiyada yaşayır və fəaliyyət göstərir. Qılıncoynatma üzrə Rusiya yığma komandasının baş məşqçisi kimi çalışan İlqar Məmmədov da I Avropa Oyunları zamanı ölkəmizə səfər etmişdi. Fürsətdən istifadə edib həmyerlimizdən həyatında baş verən yeniliklər, Avropa Oyunlarının təşkili ilə bağlı müsahibə aldıq.

- Avropa Oyunlarının təşkili ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- İdmançı kimi karyeram ərzində 4 Olimpiya oyunlarının iştirakçısı olmuşam. Bir neçə Olimpiya oyunlarında isə məşqçi, hakim, hakimlər nümayəndəsinin üzvü kimi iştirak etmişəm. Doğma Azərbaycana gələndə elə bildim ki, burada Olimpiya Oyunları keçirilir. Avropa Oyunlarında təşkilatçılıq ən yüksək səviyyədə idi. Hava limanında qarşılanmadan tutmuş, Atletlər Kəndinə kimi idmançılara rəsmi qonaqlara hər cür şərait yaradılmışdı. Rusiya komandasının üzvləri Avropa Oyunlarında yaradılan şəraitdən çox məmnun qaldılar.

- Bakıya tez-tez gəlirsiniz?
- Çox istərdim ki, tez-tez gəlim. Amma il ərzində 3-4 dəfə gələ bilirəm. Sonuncu dəfə yanvar ayında Bakıda olmuşam.

"Mən "təyyarədə” yaşayıram”

- Sonuncu gəlişinizdə hansı dəyişikliklərin şahidi oldunuz?
- Əvvəl gördüyüm yarımçıq tikililərin inşası başa çatıb. Ən çox hiss olunan dəyişiklik nəqliyyatla bağlı idi. Sıxlıq aradan qalıdırılıb, şəhərdə maşınlar azalıb. Sakinlər tıxac problemi yaşamırlar. Paytaxtda böyük bir bayram əhval-ruhiyyəsi yaşanır. Hətta "Avropa Oyunları Bakıya nə üçün lazımdır?” kimi fikirlər səsləndirən bəzi insanlar, sonradan "yaxşı ki, Avropa Oyunları məhz Bakıda keçirilir” deyirdilər. Əlbəttə ki, başa düşmək lazımdır ki, görülən işlər, yeniliklər Azərbaycan xalqı üçün qalacaq.

- Doğma Bakı üçün darıxmırsınız?
- Atam, qardaşlarım, yaxınlarım burada yaşayırlar. Onlarla tez-tez görüşə bilmirəm. Bəzən xaricdə bir-birimizlə görüşürük. Yarışlar zamanı belə imkan tapırıq. O qədər yarışlarda, səfərlərdə oluruq ki, yaxınlarımızı görə bilmirik. Hərdən zarafatla deyirəm ki, mən nə Bakıda, nə də Rusiyada yaşayıram. Mən "təyyarədə” yaşayıram.

- Rusiya komandasının çıxışını necə dəyərləndirdiniz?
- Komandamızın üzvləri yaxşı çıxış etdilər. Medallarımız oldu.

- Rusiyada qılıncoynatma necə inkişaf edir?
- Rusiyada bu növ yüksək səviyyədə inkişaf etdirilir. Dövlət tərəfindən bu idman növünə yüksək diqqət və qayğı var. Son iki ildə komandamız ümumi hesabda dünya çempionatının birincisi olub. 2013-də Budapeştdə, 2014-də Kazanda keçirilən dünya çempionatında uğurla çıxış ediblər. Bu nəticələr məni sevindirir. Çox istərdim ki, Azərbaycan yığması da bu idman növündə yüksək uğurlar qazansın. Azərbaycanda qılıncoynatmanın gülcü ənənələri olub. Düşünürəm ki, I Avropa Oyunları təbliğati baxımdan böyük əhəmiyyət daşıyır və yarışlardan sonra bölmələrə axın artacaq. Qılıncoynatma gözəl idman növüdür. Bu növlə məşğul olan gəncin bədən quruluşu gözəlləşir. Ən əsası da burada gücləndirici dərmanlar qəbul etməyə ehtiyac yoxdur.

- Gəncləri bu növə necə cəlb edirsiniz?
- Məktəblərdə seçim aparırıq. Kim isə öz tanışını gətirir. Rusiyada qılıncoynatma üzrə il ərzində müxtəlif yarışlar olur. Moskva, Sankt-Peterburq, Novosibirskdə keçirilən yarışlar kütləvi xarakter daşıyır və bu növü olan marağın artırılmasına xidmət edir. Bu yarışları izləyənlər arasından da həvəs göstərənlər olur.

- Məşqçi kimi karyeranızı Azərbaycanda davam etdirmək istərdinizmi?
- Mənim başqa həyat tərzim var. Uzun illərdir ki, Rusiyada yaşayıram. Yenidən Bakıya qayıdıb burada yaşamaq çətin olar. Ailəm Rusiyadadır. Övladlarım orada oxuyurlar. Məni Bakı ilə çox sıx bağlar bağlayır. Amma məşqçiliklə bağlı heç fikirləşməmişəm.
"Öyrətmək mümkün deyil,
amma öyrənməyə kömək etmək mümkündür”

- Uğurlarınızda atanız Yaşar Məmmədovun nə qədər rolu olub?
- Mənim idmana gəlişimin, nailiyyətlərimin səbəbkarı atamdır. Atam o vaxtlar ilk mütəxəssis olub ki, idman meneceri kimi çalışıb. O Azrbaycan qılıncoynatma yığması üçün hər şey edib. Biz o vaxtlar ən yaxşı idmançılarla məşq edir, püxtələşirdik. Sovetlər birliyinin tərkibində Azərbaycanın adını bir çox yarışlarda yüksəltmişəm.

- Avropa Oyunlarında kimə azarkeşlik etdiniz?
- Azərbaycan və Rusiyaya. Səbinə Mikinadan medal gözləyirdim. Amma bu dəfə Sevil və Sevinc Bünyatova bacıları sürpriz nəticə göstərdilər. Ad çəkib kiminsə xətrinə dəymək istəməzdim. Amma karate, taekvondoda Azərbaycanın güclü idmançıları var. Ümumiyyətlə, Azərbaycan bayrağı qalxanda məndə xoş hisslər yaranırdı.

- Ailəniz haqda bir qədər məlumat verərdiniz?
- İki qızım var. Böyük qızım Milena və kiçik qızım Ayla da qılıncoynatma ilə məşğul olurlar. Milena 7, Ayla isə 2 ilə yaxındır ki, bu növün sirlərinə yiyələnir.

- Buraya ailənizlə birlikdə gəlmisiniz?
- Yox. Onlar gələ bilmədilər. Qızım bu il 11-ci sinfi bitirdi. Onun məzun gecəsi olduğundan orada qalmalı oldular.

- Təcrübəli məşqçi kimi, övladlarınıza idmanda hansı tövsiyələri verirsiniz?
- Onlara öz seçimində sərbəstlik verirəm. Uşağa nəyi isə məcbur etmək olmaz. Nəyi istəyib, nəyi istəmədiyinə özü qərar verməlidir. Mənim məşqçim həmişə deyərdi: "Öyrətmək mümkün deyil, amma öyrənməyə kömək etmək mümkündür”. Əgər idmançı nəyi isə öyrənmək istəyirsə, ona kömək etmək lazımdır. Məncə, hər kəs öz peşəsinə sevgi ilə yanaşmalıdır. Belə olan halda uğur da insanı tapacaq.

"Olimpiya çempionu yetişdirmək üçün dəmir iradəyə, dözümə sahib olmaq lazımdır”

- İkiqat Olimpiya çempionu titulunu qazanmısınız. Necə düşünürsünüz, Olimpiya çempionu yetişdirə bilərsinizmi?
- Bu çox maraqlı, həm də çətin sualdır. Olimpiya çempionu yetişdirmək üçün dəmir iradəyə, dözümə sahib olmaq lazımdır. Uğur qazanmaq üçün ilk növbədə insan güclü xarakterə malik olmalıdır. Güclü şəxsiyyət həmişə öz yolunu tapır. - Yəni belə demək mümkünsə, hər yaxşı idmançı yaxşı məşqçi ola bilmir.
Düzdür bu belədir. İdmançı yetişdirmək üçün bu məsələyə hərtərəfli yanaşmaq lazımdır. Mənim işim bir qədər fərqlidir. Mən ümumilikdə Rusiya yığmasının hazırlığının təminatına cavabdehlik daşıyıram. Komanda üzvlərinin hər birinin uğuru məni sevindirir.

- Yaxşı qılıncoynadan necə olmalıdır?
- İlk növbədə onun uşaqlıqdan təməli düzgün qoyulmalıdır. Fiziki göstəricilərə gəlincə, idmançının hansı boya malik olmasının fərqi yoxdur. Məsələn, qısaboylu qılıncoynadan bunu sürətli olması ilə konpensasiya edə bilər. Ən əsası da güclü xarakterə iradəyə malik olmalıdır. Bütün çətinliklərin öhdəsindən gəlməyi bacarmalıdır.

"Boş vaxtımı ailəmə
sərf edirəm”

- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Əlbəttə ki, evdə. Çox vaxtım səfərlərdə keçir. Buna görə də fürsət tapan ki, boş vaxtımı ailəmə sərf edirəm. 4 aydır ki, Moskvanın mərkəzinə yaxın meşəlik ərazidə yerləşən yeni evə köçmüşük. Qızımla velosiped sürür, təbiətdən zövq alırıq.
Aysel