Azərbaycanın idman ictimaiyyəti 2018-ci ili uğurla yola salır. Sevindirici haldır ki, bu il də idmançılarımız üçün yaddaqalan olub. Qəzetimiz idman sahəsində qazanılan uğurlar və ilin yekunları ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin fikirlərini öyrənib. MOK-un vitse-prezidenti ölkəmizdə idman və Olimpiya Hərəkatının inkişafı, respublikamızın ev sahibliyi etdiyi mötəbər yarışlar, idmançılarımızın əldə etdikləri uğurlardan danışıb.
- Azərbaycan dünyanın inkişaf etmiş idman dövlətlərindən birinə çevrilib. Bunu ölkəmizdə yaradılan güclü maddi-texniki baza, idmançılar üçün yaradılan şərait, beynəlxalq miqyaslı yarışlarda qazanılan nəticələr də təsdiqləyir. Azərbaycan həm də mötəbər yarışlara ev sahibliyi baxımından böyük təşkilatçılıq təcrübəsinə malikdir. I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 və digər beynəlxalq yarışların yüksək səviyyədə təşkili ölkəmizin idman qüdrətinin təcəssümüdür.
Azərbaycan Bakı-2015 Avropa Oyunlarında Olimpiya Hərəkatına sadiq bir dövlət kimi özünü bütün dünyada təsdiqlədi. Biz bütün dünyaya sübut etdik ki, belə bir tədbiri yüksək səviyyədə təşkil edə bilərik. Avropa Oyunları möhtəşəm bir tədbir idi. Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən yüksək səviyyəli təşkilatçılıq işləri Oyunların uğurla keçməsi ilə nəticələndi. Biz nümayiş etdirdik ki, dünyanın sivil ölkələrindən biriyik və ən böyük tədbirləri yüksək səviyyədə təşkil etməyə qadirik. Bəzi ölkələrin rəsmi nümayəndələri deyirlər ki, Azərbaycan zəngin ölkədir və buna görə təşkilatçılıq işlərini yüksək səviyyədə həyata keçirir. Amma biz həm də idman nəticələri ilə uğur qazandıq. Atletlərimizin uğurları ölkəmizin hər bir sahədə inkişaf etdiyini sübuta yetirdi. Bu, bir daha onu göstərir ki, biz nəinki zəngin, həm də qüdrətli ölkəyik. Azərbaycan I Avropa Oyunları ilə tarix yazdı və bu barədə hələ çox danışılacaq.
Ölkəmiz şərqlə qərb arasında körpü rolunu oynayan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi etdi. Fərəhli haldır ki, həm də komandamız yarışları qalib kimi başa vurdu. I Avropa Oyunları, eləcə də, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyindən sonra yaradılan infrastruktur və təşkilatçılıq təcrübəsi bizə istənilən kompleks yarışları keçirmək imkanı verir.
Azərbaycan dünyanın mötəbər idman tədbiri olan Olimpiya Oyunlarında da uğurla çıxış edir, idmançılarımız bu yarışlardan medallarla qayıdırlar. Olimpiadada qazanılan medalların sayı ildən ilə artır. Bu, çox yaxşıdır. Düşünürəm ki, Tokio-2020 Olimpiadası bizim üçün məsuliyyətli olacaq. Çalışmalıyıq ki, nəticələrimiz əvvəlki olimpiadalardan daha yüksək olsun. Bunun üçün potensial imkanları olan idmançılarımız kifayət qədərdir.
Azərbaycan idmançıları bu il Argenitanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yaxşı nəticə göstərdilər. Düzdür, bu nəticə Sinqapur-2010 və Nankin-2014 Olimpiadası ilə müqayisədə o qədər də yüksək nəticə deyil, amma etiraf edək ki, Buenos-Ayres-2018-ə seçim qaydaları da çox çətin idi. Olimpiadaya lisenziyanı ancaq çempion olan idmançı ala bilərdi. Burada məqsəd hər idman növü üzrə bütün qitələrədən atletlərin iştirakını təmin etmək idi. Sinqapurda və Nankində ənənəvi idman növü olan güləşdə 5 idmançımız iştirak etdiyi halda, Buenos-Ayresdə cəmi 2 idmançımız yarışırdı. Bu da istər-istəməz medal sayına və əyarına öz təsirini göstərdi. Bu olimpiadanın üstünlüyü müxtəlif idman növlərində təmsil olunmağımız oldu. Məsələn, tennis və üzgüçülük kimi idman növlərində təmsil olunmaqla yanaşı, pis nəticə də göstərmədik. Xüsusilə, tennisçilərimiz komanda yarışlarında gözəl oyun nümayiş etdirdilər. Bu da ölkəmizdə idmana olan diqqət və qayğının nəticəsi kimi bu sahənin inkişafının göstəricisidir.
Bu olimpiadada qazanılan medallar ayrı-ayrı idman növlərində əldə edilib. Biz bu olimpiyadada cəmi 17 idmançı ilə iştirak edib, 7 medal qazanmışıq. Bu, çox gözəl nəticədir. Hansı ki, biz həmin gənclərin 2020-ci ildən sonrakı dövrdə böyüklər arasında yarışlarda iştirakını gözləyirik. Onlar gələcəkdə Azərbaycanın dünya və Avropa çempionları olacaqlar.
Gələn il Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. İnamla deyə bilərəm ki, Bakı-2019 Olimpiya Festivalı başqalarından mütləq seçiləcək.
1997-ci ildə, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idman ölkəmizdə gündən-günə inkişaf edir və nailiyyətlərimiz artır. İndiyə qədər idmanda ən yüksək nailiyyətlərimizi 2017-ci ildə əldə etmişik. Cənab Prezident də qeyd etdiyi kimi, Rioda qazanılan uğuru təkrar etmək çətin olacaq. Buna baxmayaraq, biz çalışacağıq ki, daha yüksək uğurlar qazanaq. Eyni zamanda, biz 2018-ci ili bir növ 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq ili kimi qəbul edirik.
Azərbaycan idmançıları 2018-ci ili uğurla başa vurdular. Qarşıda atletlərimizi Minsk-2019 Avropa Oyunları, Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı və Tokio-2020 Olimpiadası kimi mötəbər yarışlar gözləyir. Əminəm ki, bu yarışlarda da idmançılarımız onlara bəslənilən etimadı doğruldacaqlar.