Naxçıvanda Avropa çempionatının açılış mərasimi olub

Naxçıvanda Avropa çempionatının açılış mərasimi olub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatının açılış mərasimi olub.

Olimpnews.az saytının məlumatına görə, çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən danışıb.

İsmayıl İsmayılov qeyd edib ki, Azərbaycanda idmanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Artıq respublikamızın regionlarında da beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün müasir standartlara cavab verən olimpiya-idman kompleksləri tikilərək istifadəyə verilib. Hər il Azərbaycanda müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, beynəlxalq səviyyəli yarışların keçirilməsi ənənə halını alıb. Dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları ötən il müxtəlif beynəlxalq idman yarışlarında 823 medal qazanıblar.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini veteran ağır atletlər arasında Avropa çempionatının Naxçıvanda yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə muxtar respublika rəhbərliyinə minnətdarlığını bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Təbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov deyib ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi, bu gün Naxçıvan Muxtar Respublikasında gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıb.

Azad Cabbarov qeyd edib ki, bütün idman növləri kimi ağır atletika idman növü üzrə də muxtar respublikada bir sıra nailiyyətlər əldə edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Ağır atletika bölməsinin yetirməsi Təmrenxan Babayev 2015-ci ildə Azərbaycan çempionatının qalibi olub, 2016-cı ildə İsveçrədə yeniyetmələr arasında Avropa çempionatında iştirak edib, Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq turnirdə 2-ci yerə layiq görülüb.

Çıxışının sonunda Azad Cabbarov idmançılara yarışlarda uğurlar arzulayıb.

Çempionatın açılış mərasimində çıxış edən Avropa Usta Ağır Atletika Komitəsinin sədri Bill Barton deyib ki, bu, onun Naxçıvana ikinci səfəridir və hər dəfə gələndə Naxçıvanın gözəlliyinə heyran olur. Bill Barton yarışın yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında konsert proqramı olub.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və veteran ağır atletlər arasında Avropa çempionatı açıq elan edilib.