Rio-2016: Taekvondoçumuz Azərbaycan millisinin aktivinə növbəti bürünc medalı yazdırıb - FOTOLAR + VİDEO

Rio-2016: Taekvondoçumuz Azərbaycan millisinin aktivinə növbəti bürünc medalı yazdırıb - FOTOLAR + VİDEO

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

"Olimpiya dünyası" qəzetinin Rio-ya ezam olunmuş əməkdaşının məlumatına görə, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz bürünc medal uğrunda döyüşdə Avropa çempionatının mükafatçısı, polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gəlib.

Rio-2016-nın on dördüncü günündə - avqustun 19-da mübarizəyə qoşulan Milad Beigi Harçeqani 1/8 final mərhələsindəki ilk görüşündə dünya çempionatlarının mükafatçısı Mali idmançısı İsmael Kulibalini 13:6 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. İdmançımız növbəti mərhələdə son dünya çempionatının qalibi, iranlı Mehdi Xodabaxşiyə 17:5 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Yarımfinal mərhələsində britaniyalı Lutalo Muhammada 7:12 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi Milad Beigi Harçeqani Rio-2016-nın bürünc medalı uğrunda mübarizə aparıb. O, həlledici görüşdə inamlı qələbə qazanaraq Rio-2016-da Azərbaycan millisinin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, karyerası ərzində bir çox nailiyyətlər əldə edən iyirmi beş yaşlı Milad Beigi Harçeqani Azərbaycan taekvondo yığmasının heyətinə ötən ilin əvvəllərində cəlb olunub. Bakı-2015-də fəxri kürsünün ən yüksək pilləsinə qalxan M.B.Harçeqani bu il İsveçrədə keçirilən taekvondo üzrə böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb. İdmançımız cari il Antalyada təşkil edilən klublararası Avropa çempionatında isə üçüncü yer tutub.

Milad Beigi Harçeqani taekvondo üzrə Polşada, Rusiyada, Koreyada və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin qalibi olub.

Cari ilin yanvarında İstanbulda təşkil olunmuş taekvondo üzrə Avropa Olimpiya təsnifat turnirində birinci yeri tutan idmançımız, eyni zamanda, Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamına əsasən, Milad Beigi Harçeqani birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif olunub.














Murad Fərzəliyev,
Fotolar, video müəllifindir
Rio-de Janeyro

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir