Taekvondoçular beynəlxalq turnirdə 10 medal qazanıblar

Taekvondoçular beynəlxalq turnirdə 10 medal qazanıblar
Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənəvi "Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, G1 kateqoriyalı yarış ölkəmizin gənc və böyüklərdən ibarət yığma komandaları üçün uğurlu olub. Yarışın ilk günündə böyüklər arasında yarışda Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl medala layiq görülüblər. Ayxan Tağızadə (68 kq) bürünc mürünc medalla kifayələnib. Gənclərdən ibarət yığma komandamızın üzvü Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) isə bürünc medala sahib olublar.

Beynəlxalq turnirin sonuncu günündə 5 taekvondoçumuz fəxri kürsüdə yer alıb. 45 kq çəki dərəcəsində mübarizə aparan gənc taekvondoçumuz Xanoğlan Kərimov bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıb. Böyüklər arasında isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və Radik İsaev (+87 kq) qızıl medala layiq görülüblər. Qadın taekvondoçumuz Darya Şkurko (62 kq) finala yüksəlsə də, bu mərhələdə məğlub olaraq yarışı gümüş medalla başa çatdırıb.

Beləliklə, milli komandamız iki gün davam edən beynəlxalq turniri 10 medalla (6 qızıl, 2 gümüş və 2 bürünc) başa vurub.