“Torpaqlarımızı qaytarmaq üçün vətənpərvər insanlara, cəsur əsgərlərə ehtiyacımız var”

“Torpaqlarımızı qaytarmaq üçün vətənpərvər insanlara, cəsur əsgərlərə ehtiyacımız var”

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində bir çox amillər mühüm rol oynayır. Bu amillərdən biri də qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yoludur. Onların yazdığı qəhrəmanlıq dastanı dildən-dilə düşür , gənclərin psixologiyasına müsbət təsir edir və gənc nəsildə vətənpərvərlik hisslərini formalaşdırır. Belə qəhrəmanlardan biri də Qarabağ döyüşlərində öz şücaəti ilə seçilən döyüşçü, kəşfiyyatçı İbad Hüseynovdur.
O, 1970-ci il oktyabrın 18-də tarixində Qarabağ bölgəsində anadan olub. Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə sovet rəhbərliyinin qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Ibad Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə, müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə, rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır: hərbçiləri xidmət müddəti başa çatmamış ehtiyata buraxırlar. Beləliklə, İbad Azərbaycana qayıtmağı bacarır. O, 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra doğma yurdu Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi. İbad kəşfiyyat-diversiya dəstəsi yaradır və erməni tərəfə keçərək onları məhv edir. Çoxlu sayda silah və təchizat da ələ keçirilir. Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum olur ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə "Avo” ləqəbli məşhur erməni komandiri gəlir.
Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Hərbçilərimiz onu "Avo” kimi tanıyır və bilirdilər ki, ermənilər Avoya hörmət edirlər. Bu qaniçən erməni bir neçə Yaxın Şərq müharibələrində iştirak etmiş, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdu. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində törədilən qətillərdə Avo birbaşa iştirak edib və erməni birləşmələrinin rəhbəri olub.
İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağa söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqqında məlumat yığmağa başlayır. İbad tərəfindən döyüşçülərə xüsusi əmr verilmişdi: "Əgər haradasa Avonu görsəniz, atəş açmayın, mənə deyin”. O, Avo ilə şəxsən üz-üzə gəlmək istəyirdi. Gəldi də.... İbadın başçılığı altında olan dəstəyə düşmənin arxasınca keçib, onun cəbhə xətti boyunca bütün gücünü öyrənmək, hərəkəti və sayı haqqında məlumat toplamaq əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə ilə onlar düşmən tərəfə keçir və iki gün ərzində lazımi məlumatlar toplamağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özü ilə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an onlar Kuropatkino kəndi tərəfdən "UAZ” markalı avtomobilin Muğanlı kəndi istiqamətində hərəkət etdiyini görürlər. Bir neçə dəqiqədən sonra "UAZ” dağ çayında ilişib qalır. Avtomobildən hərbi formalı bir adam düşür və yanında olan iki nəfərə yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır.
İbad ilə Monte Melkonyan kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və Hüseynovdan onu öldürməməyi xahiş edir. Ermənilər arasında məşhur və az qala əfsanəvi olan komandir tökdüyü qanlara görə cavab verməli. Monte Melkonyanı öldürdükdən sonra İbad qənimət kimi özü ilə silah, şəkilli bloknot, çəkmə, siqaret və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: "Məndə sizin üçün suvenir var!”, - deyir və torbada olanları masaya düzür. Komandir dərhal hərbi hissəni yığır və xəbəri bütün şəxsi heyətə açıqlayır.
26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başı, əli və ayaqlara girir və Hüseynov komaya düşür. 28 günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. O, kəlləni yardıqda beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxma aşkar edir və gematomanı ləğv edir. Həkimlərin diaqnozuna baxmayaraq, İbad Hüseynov komadan çıxır və sağlam həyata qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o, cəbhə xəttindəki öz hərbi hissəsinə üz tutur.
Qeyd edək ki, 2010-cu ildə Bakıda, "Azərbaycanfilm” kinostudiyasında İbad Hüseynova həsr edilmiş "Əsgər” sənədli filminin təqdimat mərasimi olub. Film rejissor Etibar Məmmədov tərəfindən çəkilib.
"Azərbaycan bayrağı” ordenli keçmiş, kəşfiyyatçı, Milli Qəhrəman İbad Hüseynovla olan maraqlı müsahibəmizi oxucularımıza təqdim edirik.



- Siz millətimizin qürüru, Milli Qəhrəman adını qazanmış döyüşçüsünüz. İlk dəfə bir Milli Qəhrəmanla müsahibə götürdüyüm üçün mən də qürur hissləri keçirirəm. Bu görüşümüz mənim həm qürur duyduğum, həm də unudulmayan görüşlərdən biridir. Maraqlıdır, bəs sizin həyatınızda necə, unudulmayan anlar çox olub?
- Əvvəlcə göstərdiyiniz diqqət və səmimi sözlər üçün sizə, Milli Olimpiya Komitəsinin "Olimpiya dünyası” qəzetinə öz təşəkkürümü bildirirəm. Mənim ən şirin, ən acı, ən yaddaqalan xatirələrim döyüş yolumuzla bağlıdır... İnanın ki, haqqımda çəkilən filmlər, "Xüsusi təyinatlı” adlı kitab və yazılan məqalələr döyüş yolumu, başıma gələn hadisələri tam əhatə edə bilməyib. O vaxtlar keçirdiyim hissləri sözlə ifadə edə bilməmişəm.... Mənim 43 yaşım var. Bu illər ərzində müxtəlif hadisələrlə üzləşmişəm. Lakin əminliklə deyə bilərəm ki, həyatımın bütün mənalı, şərəfli və çətin anları döyüş bölgələrində, ömrümü qurban vermək istədiyim torpaqlarımızda keçib.

- Buyaxınlarda Türkiyədə cərrahiyyə əməliyyatı keçirmişsiniz. Özünüzü indi necə hiss edirsiniz ?
- İndi özümü yaxşı hiss edirəm, lakin axşamlar ağrılarım bir az çoxalır. Çalışıram ki, özümü çox yormayım. Lakin ümümilikdə səhhətim yaxşıdır.

- Cərrahiyyə əməliyyatı aparılmasının səbəbi nə idi?
- Səhhətimdə müharibənin yaratdığı problemlər var idi. Minaya düşəndə başımdan ağır zədə almışdım. O vaxt 28 gün komada qalmışdım. Uzun müddət müalicəyə getmədim. Çalışdım ki, səhhətimi idmanla qoruyub saxlayım. Əlim və ayağım keyimişdi. İdmanla bu problemi aradan qaldırdım. Kəskin baş gicəllənmələrim olurdu. Türkiyədəki dostlarım məsləhət gördülər ki, gedib orada müalicə olum. Həkimlərin məsləhəti ilə belimdə və çiynimdə cərrahiyyə əməliyyatı aparıldı. İndi yaxşıyam...

- Döyüş xatirələrinizi danışmağı xoşlamadığınızı bilirik. Odur ki, sizə belə suallarla müraciət etməyəcəyik. Maraqlıdır, 3 övlad atası olan Milli Qəhramanımız öz övladlarının vətənpərvər böyüməsi üçün nə edir?
- Mənim iki oğlum və bir qızım var. Onlar balaca vaxtlarından mənə maraqlı suallar verirdilər. Uşaqlar alnımda olan zədə izi haqqında soruşur, mən də onlara bu zədələri necə, nə zaman aldığımı deyirdim. Bir sözlə, bizim evdə vətənpərvərlik mövzusunda tez-tez söhbətlər olur. Onlar mənim bütün həyatımı əzbər bilirlər... Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və təvənpərvərlik hisslərinin tərbiyəsinə belə söhbətlərin böyük təsiri var. Döyüş yolumu isə istəyirəm ki, həmkarlarım danışsın.

- Ağır döyüş yolu keçmisiniz. Çox sayda düşməni məhv etmisiniz. Amma tanınmış erməni terrorçusi Melkonyanı öldürməyiniz ən yaddaqqlan hadisələrdən olub....
- Müharibə ağırdır. Qürurla deyə bilərəm ki, düşmənlərimizə layiqli cavab vermişəm. 10-a qədər terrorçunu məhv etmişəm. Türklərin düşməsi, tanınmış terrorçu Melkonyandan qisasımızı aldığıma görə də qürur duyuram. Onun öldürülməsi mənə tapşırılmışdı. Məni çağırıb dedilər ki, cəbhə xəttinə belə bir terrorçu göndərilib və onun məqsədi Kür çayına kimi torpaqlarımızın işğalını təşkil etməkdir. 13 nəfər döyüşçü ilə birgə əməliyyata başladıq. Əməliyyatın aparılacağı bütün mövqeləri xəritədə müəyyənləşdirdik. İki gün Melkonyanın hara gedib, gəlməyini izlədik. Kəşfiyyat Xocavənd ərazisində gedirdi. Üçüncü gün sərhədi keçib, ermənilərin bazasına getdik. Onlar bunu gözləmirdilər. Kuropatkino ilə Muğanlı arasında bir çay var idi, həmin yolda onun maşını çayda batdı. Heç ağlına gəlməzdi ki, qarşısına azərbaycanlı əsğər çıxa bilər. Məktəbin yanında qarşılaşdıq. Orada terrorcudan qisasımızı aldım. İndi hamı istəyir ki, torpaq qayıtsın. Axı təkcə topraq davası getmir. Bəs, qisas? Biz düşməndən qisasımızı da almalıyıq.



"Bizdə vətənpərvərlik hissləri olmasa,
heç bir texnikanın
torpaqlarımızı qaytarmağa gücü çatmaz”

- Odun-alovun, dəhşətli müharibəni
n içində sağ qalmağınız əsl möçüzədir. Heç düşünürdünüz ki, girov düşə, yaxud şəhid ola bilərsiniz?
- Mən inanırdım ki, erməni gülləsi məni öldürməyəcək. Qəribə də olsa, hər zaman belə düşünmüşəm. Mən qorxu hissinin nə olduğunu heç vaxt bilməmişəm. Elə indi də həmən adamam... 1992-ci ildə şəklimi çəkib şəhidlərin şərəf lövhəsinə vurmuşdum. Müharibədə yaxın dostlarımı itirdim. Bu məndə düşmənə qarşı nifrətimi daha da çoxaltdı, qisas hissini artırdı. Torpaqlarımızı qaytarmaq üçün vətənpərvər insanlara, cəsur əsəgərlərə ehtiyacımız var. Vətənpərvərlik hissləri olmasa heç bir texnikanın torpaqlarımızı qaytarmağa gücü çatmaz. Biz torpaqlarımızı sülh yolu ilə qaytarsaq, bəs ermənilərdən qisasımızı necə alacağıq? Torpaqlarımızı döyüşərək geri qaytarmalıyıq. Düşməndən qisasımıız almalıyıq! Gənclərimiz daha da vətənpərvər böyüməlidirlər.

- Yeri gəlmişkən, gənclərimizin vətənpərvərlik hissləri sizi qane edirmi?
- Düzünü deyim ki, o qədər də yox. Bunun üçün onları beşikdə, baxçada, məktəbdə vətənpərvər hissdə tərbiyə etmək lazımdır. Mətbuat və televiziyalar da bu məsuliyyəti, bu borcu unutmamalıdırla. Vətənpərvərlik mövzusuna daha çox üstünlük vermək lazımdır. Yaxşı olardı ki, belə bir telekanal da açılsın. Sutkanın bütün saatlarında yalnız vətənpərvərlik mövzusunda olan verilişlər, film və konsertlər, tamaşalar, oyunlar göstərilsin. Bu zaman gənclərimiz daha da vətənpərvər olacaqlar.

- Sizin vətənpərvər ruhda böyüməyinizdə kimlərin rolu olub?
- Bu mövzuda valideynlərin rolunu danmaq olmaz. Anam Kifayət xanımın bizim tərbiyəmizdə böyük rolu var idi. Hələ balaca olanda o bizə deyir di ki, evə döyülüb gəlməyin. Sizə vuranı siz də vurun. Oğlan uşağının ağlamasını, uduzmasını anam heç sevməzdi. Bu xüsusuyyətlər bizə anamızdan keçib. Atam Mövsüm kişidən də mərdlik, hünərli və ürəkli olmağı öyrənmişik. Valideynlər uşaqlar qəhraman kimi böyütməlidirlər.

"Öncə vətənimizi,
bayrağımızı, müstəqilliyimizi qorumalıyıq ki, bu bayrağı
dalğalandıra bilək”

- Siz həm də idmanla məşğul olmusunuz. Əgər gəncliyiniz müharibə dövrünə düşməsə idi idmanla peşəkar şəkildə məşğul olmaq istəyərdinizmi?
- Mən güləşlə məşğul olmuşam. İdmanı olduqca çox sevirdim. Müharibə olmasa idi mütləq peşəkar idmançı olmaq istəyərdim. Axı yaxşı idmançı olmaq, bayrağımızı ucaltmaq özü də qəhrəmanlıqdır. Qəhrəmanlıq müxtəlif çür olur. İnsan vətəninə bir çox sahələrdə də xidmət edə bilər. Əsas odur ki, vətənə lazlmlı şəxs olasan. Bizlər torpaq üçün canımızı qoymasaq, torpaq da, bayraq da olmaz. Öncə vətənimizi, bayrağımızı, müstəqilliyimizi qorumalıyıq ki, bu bayrağı dalğalandıra bilək. Xalq öz qəhrəmanlarını heç vaxt unutmur. Xalqın, ulu öndər Heydər Əliyevin və ölkə rəhbərliyinin qəhrəmanlara göstərdiyi diqqət kimi. Yeri gəlmişkən deyim ki, ulu öndər Heydər Əliyev mənə telefon nömrəsini vermişdi. Ümummilli liderdən xüsusi diqqət görmək, qəbulunda olmağım, hətta toy günümdə mənə məktub göndərməsi ən xoş, əzizi xatirələrimdən biridir. Bu böyük şəxsiyyət xalqını sevən, ona xidmət edən bütün insanları daim diqqətdə saxlayırdı.

- Siz bütün türk dünyasının sevilən qəhrəmanısınız. Türkiyədə olan görüşləriniz, sizə olan böyük hörmət və məhəbət bunu sübut edir...
- Mən Türkiyədən hər dəfə maraqlı və yaddaqalan təəssüratlarla qayıdıram. Orada vətənpərvər insanlara, qəhrəmanlara böyük diqqət göstərilir. Bu diqqətə Naxcıvanda da dəfələrlə şahid olmuşam. Nuh yurdunda vətənpərvərlik hissləri olduqca güclüdür. Müharibənin səhhətimdə qoyduğu izlər nitqimdə müəyyən qüsurlar yaradıb. Buna baxmayaraq, görüşlərdə mütləq danışmağımı xahiş edirlər. Görüşlərin birində məndən soruşdular ki, düşməni hansı əlinizlə öldürmüsünüz? Dedim ki, sağ əlimlə. Bunu soruşan adam əyilib sağ əlimdən öpdü. Dəfələrlə belə hadisələrin şahidi oluram.



- Qəhrəmanlarımızı tanımaq hər bir vətəndaşın borcudur. Çünki onların döyüş yolu xalqın döyüş yoludur.
- Vətəndaşlar bilməlidir ki, qəhrəmanlar hansı keşməkeşli yollardan keçib, onlara necə qəhrəman adı verilib. Elə anlar olur ki, qəhrəmanların adı, varlığı çətin anlarda əsgərlərə güc verir. Mənim Xocavənddə olmağım bəs idi ki, əsgərlər ürəklənsinlər. Bu, onlar üçün böyük stimul idi.

- Bəs sizin üçün ən böyük stimul nədir?
- Ən böyük stimul insanlıarın mənə olan diqqəti və sevgisidir. Xalq uğrunda həyatını qurban verməyə hazır olan birinin başqa bir istəyi, qorxusu ola bilməz. Türkiyəyə cərrahiyyə əməliyyatı üçün gedərkən, mətbuatın, jurnalistlərin mənə göstərdikləri diqqət ürəyimcə oldu. Hər bir qəhrəmanı yaşadan ona göstərilən diqqətdir.

- Dəvət olunduğunuz yerlərə, görüşlərə getmədiyiniz vaxtlar olurmu?
- Bəzən olur. Bunun da səbəbi səhhətimlə əlaqədardır. Əgər hansısa görüşdə iştirak edə bilmirəmsə, deməli, özümü yaxşı hiss etmirəm.

- Özünüzdəki hansı xüsusiyyətləri bəyənirsiniz?
- Mən heç kimin sözü, fikri ilə yaşamıram. Qətiyyətliyəm. Bu isə hər zaman mənə kömək olub. Müharibə zamanı da bu xüsusiyyətimlə fərqlənirdim. Sanki hansısa bir hiss mənə doğru yolda olduğumu deyir.
- Risk etməyi sevirsiniz?
- Bəli. Çox vaxt risk etmişəm. Heç vaxt da peşman olmamışam. Mənə deyirlər ki, uğurlu adamsan. Mənim etdiyim riskləri başqası etsə idi sonu, bəlkə də, uğurlu olmazdı. Bəlkə də, bu, mənim xarakterimlə, daşıdığım xüsusiyyətlərlə bağlıdır.

- Xüsusiyyətlərinizdən söz düşmüşkən, bürclərə inanırsınız?
- Bürclərə inanıram. Tərəzi bürçündənəm. Bu bürcün, demək olar ki, bir çox xüsusiyyətlərini daşıyıram. Ədalətli olmağı sevirəm. Bütün insanlara ədalətli, səmimi olmağı arzulayıram. Bir zaman gəlir ki, insan həyatdan gedir. İmsanı nə malı, nə də ki, mülkü ilə yada salırlar. Hər kəsi qazandığı ada görə xatırlayırlar. Taleyimə qəhrəman adı yazıldığı üçün fəxr edirəm. Həyatımı vətənimə həsr etdiyim üçün qürur duyuram.

Jalə Rzabəyli

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
 İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.