Yelkənçilərimiz Avropa çempionatına hazırlaşırlar

Yelkənçilərimiz Avropa çempionatına hazırlaşırlar

Azərbaycan Yelkənli İdman Federasiyasının "Optimist” sinfi üzrə yelkənçilərdən ibarət komandası Fransada "Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Çempionata hazırlıq məqsədilə yelkənçilər İzmirdə məşqlərə start veriblər.
Təlim-məşq düşərgəsinə Azərbaycanı "Optimist” sinfi üzrə yelkənçilərdən Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacızadə, Timur Sıkaçevski, "Optimist” sinfi üzrə baş məşqçi cəlb olunublar. Seyhun Yıldızın rəhbərliyi ilə məşqə qoşulan yelkənçilərimiz qayıqların hazırlanması, yelkənlərin qurulması prosesini uğurla baş çatdırıblar.
Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən yelkənçilər də iştirak edirlər. Məşqlərə beynəlxalq və dünya yelkəni üzrə məşqçi Vagelis Atzemian tərəfindən hazırlıq toplantısından
sonra start verilib. Yelkənçilər xüsusi çətin şərtlər altında məşqlərə cəlb olunublar. Saatlarla davam edən məşqlərdə Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləri bacarıq və hazırlıqları ilə beynəlxalq məşqçilərin rəğbətini qazanmağa müvəffəq olublar. Yelkənçilər maraqlı bir yoxlamadan da keçiblər. İki nəfərdən biri tünd qara eynəklə yelkəni idarə etməli olub. Komanda yoldaşının müşayiəti ilə toplanış məntəqəsinə səhvlərə yol vermədən çatmaq məşq prosesində çətin və maraqlı anlar yaşadıb. Yelkənçilərin peşəkarlığını və sayıqlığını artırmaq məqsədilə tətbiq edilən bu addım idmançıların mübarizəsini daha gücləndirib.
Qeyd edək ki, beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim-məşq düşərgələrində iştirak ediblər. Təlim-məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda xaricdən dəvət edilən iki baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Aktiv bazası 2014-cü ildən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Optimist” sinfi üzrə 7-14 yaş uşaqlar, "Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etməkdir.