Gənclərdə vətən sevgisi, qürur hissi formalaşdırmaq əsas şərtdir

Gənclərdə vətən sevgisi, qürur hissi formalaşdırmaq əsas şərtdir

Azərbaycan iqtisadiyyatında müşahidə edilən yüksəliş ölkə vətəndaşlarının maddi vəziyyətini xeyli yaxşılaşdırıb. Sabitlik və əmin-amanlıq dövlətin qarşıya çıxan problemlərə həssaslıqla yanaşmasına şərait yaradıb. Cəmiyyətdə xoş əhval-ruhiyyənin yaranması, insanların sakit həyat tərzi sürməsi bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalır. Günü-gündən iqtisadi cəhətdən möhkəmlənən dövlətimiz insanların maddi rifahının yüksəldilməsinə xüsusi diqqət yetirir. İqtisadi yüksəliş hər bir insanın, o cümlədən gənc nəslin rahat yaşamasına zəmanət verir. Ölkəmizin gənclərinin bütün problemləri dövlətimiz tərəfindən öz həllini tapır. Bu isə gənc nəsildə vətən sevgisini artırır, onların doğma yurda olan bağlılığını möhkəmləndirir.
Sözsüz ki, qarşıda duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində, onlarda yüksək dövlətçilik şüurunun yaranmasında xüsusi əhəmiyyət kəsb edir. Problemlərdən uzaq olan gənc nəsil öz milləti, dövləti ilə qürur duyur. Bu gün Azərbaycanın gənc nəslinin vətənpərvər ruhda böyüməsi daha vacibdir. Ona görə ki, torpaqlarımızın 20 faizi işğal altındadır, tarixi ərazilərimizin böyük bir hissəsi digər dövlətlərin tərkibinə qatılıb. Tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində aparılan işlərdən biri də məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlıdır. Sevindirici haldır ki, Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə olunması, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması gözlənilən nəticəni verir.
Təcrübə göstərir ki, hər bir fərdin, o cümlədən gənclərin vətəni uca tutması böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu halda "vətən” anlayışı təkcə insanların yaşadığı coğrafi ərazi ilə ölçülməməlidir. Bu, bütövlükdə cəmiyyətə və dövlətə qarşı emosional-psixoloji münasibətlə də müşayət olunmalıdır. Belə bir deyim var: "Torpaq uğrunda ölən varsa vətəndir”. Bu sözlərdən aydın görünür ki, vətən sadəcə coğrafi bir ərazi kimi nəzərdə tutulmur. İnsanların ona qarşı xüsusi münasibətinin formalaşdığı zaman "vətən” sözü müqəddəs bir anlayışa çevrilir. Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra "vətən” anlayışı özünəməxsus bir məfhuma çevrildi. Xalqımız milli ideyaları daha yüksəkdə tutaraq, doğma el-obasına, yurduna daha çox sadiqlik nümayiş etdirdi. 70 il ərzində SSRİ məkanında yaşayan, bu dövlətin ordusunda xidmət edən, onun sərhədlərini qoruyan azərbaycanlılar bundan sonra doğma topaqlarının keşiyində dayandılar. Milli dövlətin, hər şeyinin sənə məxsus olduğu bir dövlətin keşiyini çəkmək, onu sevmək isə qürurvericidir. Hər birimiz fəxr edirik ki, bu gün Azəbaycan gəncliyində müsbət dünyagörüşü formalaşıb. Gənclərin vətən və dövlət qarşısında məsuliyyət hissi artıb. Ölkəmizin gəncləri doğma vətənin, xalqın, cəmiyyətin, özünün mənafeyi naminə seçim etmək və müstəqil qərar qəbul etmək gücünə malikdirlər. Onlar möhkəm iradəyə sahib olan, qarşıya çıxan problemlərdən çəkinməyən tam yetkin şəxsiyyət kimi formalaşırlar. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır.

Cəmiyyətdə xüsusi yeri olan gənclərin mənəvi və əxlaqi tərbiyəsində sürətli
inkişaf müşahidə olunur

Bu gün Azərbaycanda dövlət rəmzlərinə - bayrağa, gerbə, himnə və milli bayramlara hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Uşaq bağçalarında, orta məktəblərdə qeyd etdiyimiz bu rəmzlərin hansı mənanı ifadə etdiyi uşaqlara öyrədilir. Sevindirici haldır ki, hazırda körpə yaşlı uşaqlar Azərbaycanın Dövlət himnini əzbər bilirlər. Ölkənin ən kiçikyaşlı uşaqlarının əksər hissəsi, ən azı, Səməd Vurğunun "Azərbaycan” şeirini əzbərdən deyə bilir. Respublikamızın, demək olar ki, bütün orta ixtisas məktəblərində dərs günü himnin oxunması ilə başlanır. Hər bir şagird Azərbaycanın Dövlət himni çalınanda qürur hissi keçirir və onu sonacan fəxrlə ifa edir.
Müşahidəçilərin fikrincə, milli vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Dünyanın ən sürətlə inkişaf edən, ailəyə və mənəvi dəyərlərə böyük önəm verilən ölkəsində - Azərbaycanda gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsində milli dəyərlərin qorunması əsas götürülür. Hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin təbliği lazımi istiqamətdə aparılır.
Cəmiyyətdə xüsusi yeri olan gənclərin mənəvi və əxlaqi tərbiyəsində sürətli inkişaf müşahidə olunur. Nəticədə, əsasən ənənələrə əsaslanan Azərbaycan gəncliyində millətə və dövlətə olan bağlılığın möhkəmlənməsi müşahidə edilir. Qeyd edək ki, vətənpərvərlik hisslərinin təbliğində ailə dəyərlərinin qorunmasının da mühüm rol oynadığı sübuta yetirilib. Mütəxəssislər hesab edirlər ki, ailə və cəmiyyət mənəvi-əxlaqi tərbiyənin formalaşdığı sosial məkandır.
Əhalinin siyasi biliklərinin və yüksək siyasi mədəniyyətinin olması da ölkədaxili sabitliyin təminatçısıdır. Vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, dövlətçiliyə xələl gətirəcək proseslərlə qarşı mübarizə aparması hazırkı dövrdə olduqca vacibdir. Qeyd etmək lazımdır ki, bu məsələlər respublikamızda ardıcıl surətdə həyata keçirilir.
Bütün bu problemlər dövlət hakimiyyəti ilə gənclər təşkilatlarının birgə fəaliyyətinə təkan verir. Bu fəaliyyət müəyyən konsepsiyalarla müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi Dövlət proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1999-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı” bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması bir-birindən təcrid olunmayan vahid konsepsiya şəklində həyata keçirilir. Bu konsepsiya yuxarıda qeyd olunan həmin sənədlərlə üst-üstə düşür. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan xalqının və dövlətinin milli xüsusiyyətlərini, müasir gerçəkliyi tam şəkildə əks etdirən, konkret istiqamətləri və tədbirlər planını nəzərdə tutan bu konsepsiya məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə ciddi dəstək verir.
Konsepsiyanın ümumi müddəaları gənclərlə iş sahəsində aparılan siyasətin bir qoludur, desək, yanılmarıq. Bu sənədin ayrı-ayrı bəndlərində Azərbaycanın gənc nəsilinin vətənpərvər insan kimi yetişməsində başlıca rol oynayan amillər qeyd olunub.
Konsepsiya Azərbaycan gənclərində vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlərin əsas istiqamətlərini və məzmununu müəyyən edir.
Bu sənəd bir sistem kimi gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onlarda yüksək vətənpərvərlik şüurunun, öz vətəninə sədaqət hissinin formalaşması, vətəndaşlıq borclarını və konstitusion vəzifələrini vicdanla yerinə yetirməsi istiqamətində qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri və s. tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin kompleksini əhatə edir.
Bu sənəd gənclərdə vətənpərvərliyin gücləndirilməsi və vətəndaşlıq hisslərinin gücləndirilməsi adlı iki əsas istiqamətlərdən ibarətdir: Hərbi vətənpərvərlik, təhsildə vətənpərvərliyin gücləndirilməsi, milli-mədəni dəyərlərin təbliği;
dövlət rəmzlərinin və milli bayramların təbliği, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin yüksəldilməsi.
Azərbaycan dövlətinin apardığı ardıcıl siyasətin əsas məqsədi gənclərdə milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onların tam bir vətənpərvər şəxsiyyət kimi formalaşdırılmasına zəmin yaradılmasıdır. Eyni zamanda, gənclərdə milli şüurun formalaşması, vətənə sədaqət, onlarda milli-mənəvi və əxlaqi kamilliyin təmin edilməsi dövlətimizin gənclərlə iş sahəsində həyata keçirdiyi ən mühüm proqramdır. Gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması aşağıda göstərilən vəzifələrə əməl etməklə həyata keçirilə bilər:
Azərbaycan xalqının şanlı keçmişini, qədim dövlətçilik ənənələrini, milli rəmzlərini təbliğ etmək;
gəncləri Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etməyə, daima vətən qarşısında borcunu yerinə yetirməyə hazır vəziyyətə gətirmək;
gənclərdə vətənə və dövlətə münasibətdə qürur hissi formalaşdırmaq;
gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində təhsil prosesinin keyfiyyətini artırmaq;
gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlamaq;
gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi üzrə hüquqi bazanın yaradılmasına nail olmaq;
vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesinə təhsil, mədəniyyət müəssisələrinin, hərbi hissələrin, bütün dövlət və yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı fərdlərin cəlb edilməsinə nail olmaq.

Gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi əsas şərtdir

Gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Qarabağın işğal altında olması xalqımızın ən böyük problemidir. Hər bir azərbaycanlını narahat edən bir problemin həlli torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Bu məsələdə bütün xalqımızın milli birliyi, vahid bir məqsəd uğrunda mübarizəyə qalxması önəmlidir. Bu baxımdan gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsində Qarabağın azadlığı uğrunda mübarizəyə mühüm yer ayrılmalıdır. Sevindirici haldır ki, qeyd etdiyimiz bu məsələ dövlətimizin diqqət mərkəzindədir. İstər orta məktəblərdə, istərsə də ayrı-ayrı gənclər təşkilatlarında keçirilən tədbirlərdə torpaqlarımızın işğal altında olması daim xatırlanır. Məktəblərdə "Qarabağı unutmamalı” adlı müntəzəm tədbirlər təşkil olunur. Eləcə də digər tədbirlər çərçivəsində Azərbaycan Respublikasının düşmən tapdağı altında olan hər bir bölgəsinin işğal günləri yada salınır, şəhidlərimiz daima xüsusi mərasimlərlə yad edilir. Bu məsələdə ictimaiyyətin, KİV-lərin rolu böyükdür. KİV-lər gəncləri hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmağa çağırır. Qeyd olunur ki, hərbi əməliyyatlar hələ başa çatmayıb. Sadəcə olaraq, Azərbaycan dövləti əlverişsiz şərtlərə görə, müvəqqəti olaraq, bu əməliyyatları saxlayıb. Mətbuatda yer alan belə təbliğatlar gənc nəslin inamını daha da yüksəldir. Unutmaq olmaz ki, Qarabağ həqiqətləri barədə daha dolğun məlumat verən tədbirlərdə gənclərin iştirakı təmin olunmalıdır. Çünki belə tədbirlər gənclərin Qarabağla bağlı inamsızlığının azalmamasına zəmin yaradır. Sözsüz ki, təbliğatla yanaşı, gənclərin daima yüksək fiziki və hərbi hazırlığının təmin edilməsi də vacibdir.
Torpaqlarının 20 faizi işğal altında olan, hər an hərbi əməliyyatların bərpa olunması ehtimalı olan Azərbaycan Respublikasında gənclərin bu sahədə hazırlığı xüsusilə önəmlidir. Bu məqsədlə müvafiq təhsil müəssisələrində hərbi dərslərin sayının artırılması, hərbi dərnəklərin təşkil edilməsi, həmin dərnəklər vasitəsilə gənclərin orta və ali təhsil müəssisələrində həqiqi hərbi xidmətə tam hazırlığı həyata keçirilməlidir. Azərbaycan dövlətinin bu məsələdə qayğısı yetərincədir. Belə ki, orta məktəblərlə hərbi hissələr arasında əlaqələr qurulur, orta və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələr arasında hər il hərbi-idman yarışları təşkil edilir. Şagirdlərin iştirak etdiyi "Cəsurlar” və "Şahinlər” hərbi idman oyunlarının keçirilməsi buna bariz nümunədir. Təhsil müəssisələrində bu mövzuda tədbirlər keçirilməsi də məqsədə uyğundur. Gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə müntəzəm görüşləri, onların Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi görüşlərinin təşkili vətənpərvərlik tərbiyəsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Mütəxəssislər hesab edirlər ki, ayrı-ayrı yaşayış məntəqələrində müharibə veteranlarının və keçmiş hərbi qulluqçuların himayəsi altında hərbi klublar yaradılması, vətənin ərazi bütövlüyü və müstəqilliyinin qorunması zamanı həlak olmuş qəhrəmanların mütəmadi olaraq yad edilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində milli kompyuter hərbi oyunlarımızın yaradılması gənclərin milli şüurunun formalaşmasında müstəsna rol oynaya bilər. Eyni zamanda, elə təbliğat aparılmalıdır ki, gənclərin hərbi xidmətdən yayınması hallarının qarşısını almaq və onları hərbi xidmət keçməyə həvəsləndirmək mümkün olsun. Qeyd etmək lazımdır ki, son illərdə hərbi qanunvericilikdə aparılan islahatlar nəticəsində (çağırış yaşının 35-ə çatdırılması, bakalavr pilləsindən sonra hərbi xidmətə getmək və s.) gənclərin hərbi xidmətdən yayınması halları xeyli dərəcədə azalıb. Aparılan məqsədyönlü təbliğat, ilk növbədə, hərbi qanunvericilik, hərbi nizam-intizam və bunların mahiyyəti barədə gənclər arasında maarifçilik işinin aparılması ən vacib məqamlardır. Qarabağ müharibəsində igidlik göstərərək şəhid olanların həyatı bərədə söhbətlərin aparılması da gənclərin vətən sevgisini artırır. Qururla demək lazımdır ki, gənclərimiz bu gün hərb sənətinə böyük maraq göstərirlər. Valideynlərlə bu mövzuda söhbətlərin aparılması da gənclərin düzgün seçiminə zəmin yaradır. Bu isə qüdrətli Azərbaycan ordusunun sırasının gənc zabitlərlə möhkəmləndirilməsinə yol açır.
Təcrübələr göstərir ki, hərbi xidmət zamanı fərqlənən əsgərlər barədə onların valideynlərinə göndərilən təşəkkür məktublarının məktəblərdə şagirdlər qarşısında oxunması hərb sənətinə marağı artıran amillərdəndir. Belə məktublar gənclərin orduya hazırlığında, hərbi xidmətə həvəslə yollanmasında müsbət rol oynayır.
Şübhəsiz ki, bütün bunlarla yanaşı, Azərbaycan dövlətinin, hərbi vətənpərvərlik sahəsində xüsusi proqramı fəaliyyət göstərir. Belə ki, dövlətimiz vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan və ya yaralanan əsgər və zabitlərin, onların ailə üzvlərinin sosial problemlərinə qayğı və diqqəti artırıb. Bundan başqa, onların maddi təminatı müstəsna dərəcədə yaxşılaşdırılır, müharibədə şəhid olanların ailəsinə və yaralananlara güzəştli yardımlar göstərilir. Hərbçilərin maddi təminatının yüksəldilməsi, sözsüz ki, hərb sənətinə marağı artırır.
Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan və ya yaralanan əsgərlər, həmçinin zabitlər haqqında sənədli filmlərin çəkilməsi, ədəbi əsərlərin yazılması gənc nəslin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynayır. Eləcə də, Qarabağ müharibəsinə həsr olunan bədii filmlər, ermənilərin vəhşiliyini əks etdirən sənədli filmlər gənclər arasında aparılan mühüm təbliğat vasitəsidir.

Dərsliklərdə vətənpərvərliyin və şanlı tariximizin təbliğinə xüsusi yer verilir
Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi təhsil prosesi ilə sıx bağlıdır. Məktəblərdə müharibə veteranları ilə təşki olunan görüşlər, şəhidlərimizin şəkillərini əks etdirən stendlərin hazırlanması, əlamətdar günlərdə milli qəhrəmanlarımızdan danışılması şagirdlərin qəlbində vətən sevgisini təcəssüm etdirən hisslər yaradır. Təhsildə hərbi mövzuya aid tədris vəsaitləri də gənclərdə vətənpərvərlik hisslərini gücləndirilməsində əsas şərtdir. Təcrübə göstərir ki, gənclər üçün baza bilikləri müəyyənləşdirən dərsliklər onların dünyagörüşünü də formalaşdırır.
Xalqımızın şanlı tarixini, keçmişini əks etdirən mövzuların dərsliklərdə (xüsusilə Azərbaycan tarixi dərsliyində) yer alması qədim tariximizə bir ekskursiyadır. Qeyd olunan bu mövzular ölkəmizin tarixi, qəhrəmanlarımız, onların göstərdikləri igidliklər barədə şagirdlərə dolğun məlumat verir. Bu baxımdan, tariximizin öyrənilməsi çox əhəmiyyətlidir. Dərsliklərdə Azərbaycanın keçmişi ilə yanaşı, müasir dövrümüzdə yaşayan igidlərimiz haqqında geniş məlumatların yer alması, bir növ, vəhdət təşkil edir. Yəni orta məktəb şagirdi yurdumuzun tarixində iz qoyan, xalqımızın yaddaşında əbədi yaşayan əvvəlki qəhrəmanlarla yanaşı, müasir dövrümüzdə vətənimizin azadlığı uğrunda canını fəda edən igidlərimizi də daha yaxından tanıyır.
Mütəxəssislərin fikrincə, təhsil müəssisələrində gənclərin iştirakı ilə vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəyə istiqamətlənmiş müxtəlif tədbirlər keçirilməli, təhsil müəssisələri vətənpərvərliyi təbliğ edən vasitələr və metodoloji vəsaitlərlə təchiz edilməlidir.
Belə tədbirlər müxtəlif istiqamətli olmalıdır. Milli vətənpərvərlik mövzusunda gənclərin biliklərinin yoxlanılmasına və artırılmasına xidmət edən müxtəlif növ mövuzda intellektual yarışlar, orta məktəb şagirdləri arasında olimpiadaların təşkil olunması məqsədə uyğundur.
Təhsil müəssisələrinin kitabxana fondu vətənpərvərlik ruhunda olan müxtəlif kitablar, əlavə ədəbiyyatlarla zənginləşdirilməsi, şagird və tələbələrin onları mütaliə etməsinə yönəldilməsi də vacibdir. Təhsil ocaqlarında dövlətçiliyi və milli-mənəvi dəyərləri təbliğ edən lövhələrin yaradılması şagirdlərin vətənpərvər ruhda yetişməsinə xidmət edir.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.