ADBTİA-da qadın idmançı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir

ADBTİA-da qadın idmançı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir


Ümummilli liderimiz Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə gələndə milli təhsilimizin inkişafına çox böyük önəm verərək yüzlərlə gəncin keçmiş SSRİ-nin və dünyanın müxtəlif ölkələrində keyfiyyətli təhsil almalarına şərait yaratmışdı. O bu ənənəsinə sadiq qalaraq ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra da həm keçmiş Sovet İttifaqına daxil olan ölkələrlə, həm də dünyanın digər qabaqcıl ölkələri ilə elm, mədəniyyət, idman və təhsil sahələrində əlaqəni bərpa etdi, həmin ölkələrdə gənclərimizin dünya standartlarına uyğun keyfiyyətli təhsil almalarına şərait yaratdı.
İdman hər yaşda insanların sağlamlığı ilə bərabər, onların harmonik inkişafına da şərait yaradır, şagirdlərdə doğma məktəbin, tələbələrdə ali təhsil ocaqlarının, ümumilikdə isə Vətənin şərəfini müdafiə etmək kimi müsbət keyfiyyətlər tərbiyə edir. Buna görə də, idmanın kütləviliyi gənc nəslin mənəvi və fiziki inkişafı üçün vacibdir. Ümummilli lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu barədə belə demişdir: "İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.


 

İllər keçdikcə
qadın idmançıların sayı artmışdır


1930-u ilin 7 noyabr günü Azərbaycan idmançıları üçün ikiqat bayram oldu, həmin gün Bakıda Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu açıldı. Qızlar da oğlanlarla birlikdə institutda oxumağa başladılar. Onların arasında institutda təhsil alan yeganə azərbaycanlı qızı Məsumə Fərzəliyeva vardı. İnstituta ilk dəfə qəbul olunan qızların sayı altı nəfər idi.
Sonrakı illərdə (1933-1940) institutu 335 nəfər, o cümlədən 93 qadın bitirdi. Onlardan beş nəfəri azərbaycanlı idi. Muradova Raziya Ağarəhim qızı 1933-cü ildə diplom ala bilmədiyinə görə o, 1940-cı ildə institutu bitirərək diplom almışdır. Həmin illəri (1939-cu il) Humay Zərgərli, Zeynab Məmmədova və Nina Sultanova məzun olmuşlar.
1935-ci ilin oktyabrında həmkarlar ittifaqları kollektivlərinin atletika üzrə yarışlarında kişilərlə bərabər qadınlar da çıxış edirdi. Bu yarışlarda qadınlarımız tərəfindən bir neçə Zaqafqaziya və respublika rekordu qazanılmışdır. İştirakçılar arasında Sona Qasımovanın (atletika) müvəffəqiyyətli çıxışı uğurlu addımlardan idi. 1937-ci ildə isə Bakıda keçirilmiş qardaş respublikaların spartakiadasında Zaqafqaziya rekordu müəyyən etmişdir. Sona Qasımova 1949-cu ildə Gəncə Bədən Tərbiyəsi Texnikumunu, 1953-cü ildə isə Azərbaycan DBTİ-ni bitirdikdən sonra Zaqatalada işləmişdir. Onun əməyi medallar və fəxri fərmanlarla təltif olunmuşdur. Respublikanın idman həyatında fəal iştirak etdiyinə görə 1964-cü ildə ona Azərbaycan SSR Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı verilmişdir.
İkinci dünya müharibəsi illərində bir çox azərbaycanlı qadınların göstərdiyi misilsiz hünərdən az yazılmayıb. Belə qadınlardan mahir atıcı Ziba Qəniyeva və ilk azərbaycanlı təyarəçi qadın Züleyxa Seyidməmmədovanı xüsusi ilə qeyd etmək lazımdır. Bu igid qadınlar şöhrətin zirvəsinə idmanda qazandıqları iradə, dözüm və cəsarət kimi fiziki keyfiyyətlər sayəsində çatmışlar. 1936-cı ildə 62 nəfər qadının Hacıkənd-Bakı atlı yürüşü, 1938-ci ildə 14 nəfər gənc idmançı qızın min kilometrlik məsafəyə 17 günlük velosiped yürüşü Azərbaycan qadınlarının idman sahəsində əldə etdikləri böyük nailiyyətlərə gözəl sübutdur.

1941-ci ildən 1976-cı illərə kimi institutu 1089 qadın bitirmişdir. Onlardan 114 nəfər azərbaycanlı qızları olmuşdur. Göründüyü kimi, illər keçdikcə qadın idmançı qızlarının sayı artmışdır.
Azərbaycan qadınlarının 1957-ci ildə çağrılmış qurultayından sonra institutda qadınlar arasında bədən tərbiyəsi və idman böyük vüsətlə inkişaf etməyə başladı. 1961-ci ildə Bakı şəhərinin I qadın spartakiadasını keçirmək qərara alınd!. Spartakiadanın proqramına idmanın 16 növü üzrə yarışlar daxil edilmişdi. Bu yarışlarda atletika üzrə idman ustası Ziba Ələsgərova, gimnastika üzrə idman ustası Məsmə Məmmədova, Züleyxa Hacıyeva, Adilə Yenigeyeva və başqaları uğurla çıxış etmişlər.
1957-ci ildə Zaqafqaziya respublikaları və Moldaviyada SSRİ xalqlarının ənənəvi VIII spartakiadasında Azərbaycanın voleybolçu qadınları mükafata layiq görülərək, ikinci yerə çıxmışlar. Bu uğurlar əlbəttə, təsadüfi idman qələbələri deyildi. Artıq həmin illər, Azərbaycan bədən tərbiyəsi hərəkatında fəal iştirak edən qadınların sayı 20 mini keçmişdi.
1962-ci il oktyabrın 24-27-də Bakıda qadınlar arasında bədən tərbiyəsi işi üzrə təcrübə mübadiləsinə həsr olunmuş I ümumittifaq müşavirəsi keçirildi. Bu, respublikada qadınlar arasında bədən tərbiyəsi və idmanın təbliğatı üçün mühüm stimul olmuşdur.
1962-ci ildə Qahirədə dünya gənclərinin çempionatında Bakı qılınc oynadanı Karalina Mirzəyeva qızıl medal, üzgüçü V.Jenyenkova Helsinkidə keçirilən VII Ümumdünya tələbə və gənclər festivalında gümüş medal qazandılar. Voleybolçu İnna Rıskal SSRİ yığma komandasının heyətində dünya çempionu oldu.
1969-cu ildən sonra Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində idmançı qadın kadrları artmağa başlamışdır. 1971-ci ildə 4507 nəfər fəaliyyət göstərirdi ki, onların cəmi 70 faizinin xüsusi bədən tərbiyəsi təhsili vardı. Həmin illərdə Azərbaycanda 5569, bədən tərbiyəsi kollektivində 750 min nəfər bədən tərbiyəsi və idmanla məşğul olurdu. Bunların 22 faizini qadınlar təşkil edirdi.
1971-ci il iyulun 16-da Ümumittifaq spartakiadasında Azərbaycanın həndbolçu qızları gümüş medal qazandılar. XXI yay Olimpiya Oyunlarında Rəfiqə Şabanova, Lyudmila Şubina çempion olmuşlar: Larisa Savkina isə 1980-cı ildə XX Moskva Yay Olimpiya Oyunlarının çempionu olmuşdur.
Belə ki, dövlətin bədən tərbiyəsi və idmana diqqət və qayğısı nəticəsində ilk dəfə olaraq Naxçıvan MR-dan məktəbli qızları ADBTİ-nin hazırlıq şöbəsinə qəbul olunmuşlar. 1973-cü ildə 50 nəfərdən ibarət naxçıvanlı qızlar ADBTİ-nu bitirərək, Naxçıvan MR qayıtmış və hazırda, onlar bədən tərbiyəsi və idman ixtisasları üzrə müxtəlif tədris ocaqlarında çalışırlar.
Hazırda respublikada bədən tərbiyəsi və idman sahəsində müxtəlif vəzifələrdə 1786 nəfər qadın işləyir ki, bu da 1961-ci ildə olduğundan 1494 nəfər çoxdur. Onların çoxu respublikada bədən tərbiyəsi hərəkatının inkişafına böyük əmək sərf etmişlər. Bunlar Zeynab Rzayeva, Sara Əliyeva, Əminə Nurulla qızı, Sima Dəmirova, Ülkər Qasımova və başqalarıdır. İndi bütün şəhər və rayonların idman təşkilatları, ADBTİA-nın məzunları idmançı qadınlarının ustalıq səviyyəsinin yüksəlməsi üçün hiss olunacaq əmək sərf edirlər. Bunun da sayəsində son illər idmançı qadınlarımızdan "Azərbaycanın idman ustası”, "Əməkdar idman ustası”, "Azərbaycanın əməkdar məşqçisi”, "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” adını alanlar çoxalır. Onlardan Yelena Quliyeva, Aynur Sofiyeva, Tanya Mirinova, Arzu Atayeva, Firuzə Qasımova, Təranə Abbasova, Ervira Cabbarova, Gülşən Şirinova, Zülfiyyə Hüseynova, Sevil Muradova və bir çox başqaları tanınmış idmançılardır.


 

Sidneydən
başlayan yol


Müstəqilliyimiz dövründə Azərbaycanın ən yaxşı qadın idmançılarımız arasında ən titullusu olan stend atıcısı Zemfira Meftaxetdinova dünya çempionu, Avropa çempionu, çoxsaylı beynəlxalq yarışların qalibi olub. 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarında qadınlar arasında stend atıcılığı yarışlarında Azərbaycanı təmsil edən Zemfira 100 mümkün xaldan 98 xal toplayaraq, Olimpiya çempionu adını qazanıb. O, Olimpiya oyunlarında qadınlar arasında stend atıcılığında mərhələ və final yarışlarının ilk rekordçusudur.
Güllə atıcımız İradə Aşumova 1998-ci və 2002-ci illərdə dünya çempionatının gümüş medalını qazanıb. Sidney Olimpiadasının iştirakçısı olan İradə xanım, Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

İdmanın ən fərqləndirici cəhətlərindən biri budur ki, yarışda həmişə yüksək dərəcədə əsəb gərginliyi və maksimum fiziki yükün öhdəsindən gəlmək tələb olunur. Ona görə də yarışlara ən möhkəm iradi keyfiyyətlərə malik olan idmançılar çıxa bilərlər. İdman yarışları ilə yanaşı mərdlik tərbiyə edən ən gözəl məktəblər məşq məktəbləridir. İdmançının qələbəyə nail olması üçün onun ciddi-cəhdlə arası kəsilmədən məşq etməsi, möhkəm rejim saxlaması, böyük və ağır yükə bacarıqla dözə bilməsi əsasdır. Bütün bunların nəticəsində mərdlik, iradə qüvvəsi, inadkarlıq, mətinlik, səbatlılıq və s. kimi xüsusiyyətlər formalaşır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman sahəsində kadrların hazırlanması (1991-ci ilə müqayisədə) sürətlə artır. Təkcə onu demək kifayətdir ki, son beş il ərzində (2015-2020) idmançılarımız universiada, beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, birinciliklərində 700-dən çox medal, o cümlədən 200-dən çox qızıl medal qazanılmış, 3600 idman normativlərini yerinə yetirmişlər (46 beynəlxalq dərəcəli idman ustası, 908 idman ustası, 2646 idman ustalığına namizəd). Olimpiya, dünya və Avropa çempionatlarında və birinciliklərində isə 274 medal qazanılmışdır ( Olimpiya oyunlarında 29 medal (14 qızıl, 6 gümüş, 9 bürünc, müstəqilliyimiz dövründə 6 qızıl, 6 bürünc), dünya çempionatında 132 medal (72 qızıl, 35 gümüş, 25 bürünc: müstəqilliyimiz dövründə 28 qızıl, 15 gümüş, 22 bürünc, 1991-1993-cü illər də 6 qızıl, 4 gümüş, 2 bürünc), Avropa çempionatında 113 medal (57 qızıl, 35 gümüş, 21 bürünc: müstəqilliyimiz dövründə 28 qızıl, 27 gümüş, 19 bürünc, 1991-1993-cü illər isə 4 qızıl, 2 gümüş, 1 bürünc)) qazanmışlar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını 1933-2020-ci illərdə 3212 nəfər qadın bitirmişdir. Təkcə beş il ərzində (2015-2020) 272 nəfər qadın məzun olmuşlar. Onlardan 248-i azərbaycanlıdır.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan keçən otuz il ərzində digər ali təhsil müəssısələri kimi, ADBTİA-nın kadr hazırlığı sahəsindəki fəaliyyətinin metodologiyasına yenidən baxılmış, öz strateji funksiyasının prinsiplərinə milli dövlətçiliyimiz və mənafeimiz baxımından yanaşmalı olmuşdur. ADBTİA dövlətin sifarişlərinə əsasən respublika üçün bədən tərbiyəsi və idman sahəsində pedaqoji kadrlar hazırlayır. Öz vəzifələrinin aktuallığını və bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini akademiyanın rəhbərliyi və burada çalışan pedaqoji kollektiv dərindən dərk edərək, əməli vəzifələrini yerinə yetirməyə xüsusi qayğı ilə yanaşır. Əlbəttə, bu, ADBTİA-nın rəhbərliyinin, professor - müəllim heyətinin, onların yetirmələrinin gərgin əməyinin sayəsində mümkün olur. Bu əməyin şərəfli və nəcib məqsədi akademiya müəllimlərini daha coşqun və səmərəli işləməyə, yüksək ixtisaslı bədən tərbiyəsi və idman müəllimləri hazırlamağa ruhlandırır.