Milli dəyərlərimiz Azərbaycan xalqının mənəviyyat bayrağıdır

Milli dəyərlərimiz Azərbaycan xalqının mənəviyyat bayrağıdır
Azərbaycan xalqı dünyanın ən mədəni və zəngin mənəvi dəyərlərə malik olan xalqlarındandır. Şərq aləmində ilk opera, ilk teatr, ilk balet və ən əsası, ilk demokratik cümhuriyyət məhz Azərbaycanda yaradılıb. Ölkəmizdə islami dəyərlər və bəşər sivilizasiyasının müasir nailiyyətləri sistemli şəkildə öz təcəssümünü tapıb. Şübhəsiz ki, bu sistemin dağılması istənilən formada cəmiyyətdə və dövlətin həyatında müəyyən təhlükəli anlar yarada bilər. Bunların baş verməməsi üçün Azərbaycan dövləti ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlərdə daha çox ölkəmizin gənc nəslinin iştirakı təmin olunur. Cəmiyyətin mənəvi cəhətdən aşınmasının qarşısına almaq üçün dövlətimiz aşağıdakı tədbirlərin həyat keçirilməsinə xüsusi diqqətlə yanaşır: Gənclər arasında Azərbaycan milli mədəniyyətinin təbliğ edilməsi, qorunması və inkişaf etdirilməsi.
Bunları həyata keçirmək üçün xalqın ədəbiyyat, mədəniyyət və incəsənət əsərləri daim təbliğ edilməli və müasir metodlarla yayılmalıdır. Azərbaycanın şanlı keçmişi ilə bağlı itmiş tarixi abidələrin yerinin müəyyən edilməsi üzrə ekspedisiyalar təşkil edilməli, ölkənin tarixini və mədəniyyətini təbliğ edən muzeylərə, tarixi qələbələrin yaşandığı ərazilərə və digər yerlərə turist marşrutları, pulsuz səfərlər genişləndirilməlidir. Ədəbiyyat, mədəniyyət və incəsənət əsərlərində vətənpərvərlik ideyalarına geniş yer verilməlidir. Milli vətənpərvərlik hisslərini təbliğ edən kinofilmlər, seriallar, sənədli filmlər, cizgi filmlərinin çəkilişi genişləndirilməlidir. Sevindirici haldır ki, Azərbaycan dövləti gənclərin vətənpərvər ruhda tərbiyəsinə geniş prizmadan yanaşır və yuxarıda qeyd olunanlar dövlətimizin əsas ideologiyasını təşkil edir.
Azərbaycan dilinin həm dövlət dili, həm də ictimai ünsiyyət dili kimi rolunun tam möhkəmləndirilməsini də diqqətdən qaçırmaq olmaz.

"Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini,
mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”

Məlum məsələdir ki, dövlət dili milli birlik istiqamətində ən başlıca faktorlardan biridir. Müstəqilliyimizin bərpasından əvvəl cəmiyyətdə, hətta dövlət orqanlarında Azərbaycan Respublikasının dövlət dilini bilməyən, yaxud ondan istifadə etməyi bacarmayan gənclər var idi. Müstəqillik qazandıqdan sonra dilimiz təmizliyi məsələsi önə çəkildi. Ümummilli lider Heydər Əliyev bu sahədə ən böyük işlər görən şəxsiyyətlərdən biridir.
Heydər ƏIiyevin bu məsələ ilə bağlı ayrı-ayrı çıxışlarında söylədiyi fikirlər olduqca ibrətamizdir. Ümummilli lider türk dünyası yazıçılarının III qurultayında etdiyi tarixi nitqində (6 noyabr 1996-cı il) yazıçı, şair və söz sərraflarının mənəvi sərvətlərimizin, dilimizin qorunmasında, onların təbliğ olunmasındakı xidmətlərinə çox böyük qiymət vermiş və fikrini belə ümumiləşdirmişdir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadan, zənginləşdirən, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz, adətən, böyük tariximiz haqqında, xalqımızın böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək, eyni zamanda, öz tariximizi, mədəniyyətimizi təbliğ edirik”.
Heydər ƏIiyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Heydər Əliyevin Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır.
18 iyun 2001-ci il Azərbaycan xalqının tarixində əlamətdar bir gün kimi qeyd olunur. Məhz bu tarixdə Heydər ƏIiyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” müstəsna dəyəri olan bir fərman imzalayıb. Ondan bir neçə gün sonra - 4 iyul 2001-ci il tarixdə "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” sərəncam imzalandı. 9 avqust 2001-ci il tarixdə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında” fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi. Heydər ƏIiyev verdiyi fərmanın reallaşması istiqamətində ciddi işlər gördü. Hər şeydən əvvəl, insanlara anlatdı ki, Azərbaycan dili, sadəcə olaraq, bir ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. Hər bir azərbaycanlı anlamalıdır ki, ulu babalarımızın, aqillərimizin bizə yadigar qoyduqları bu dil tarixdir, mənəviyyatdır, xalqımızın varlığı və Azərbaycan adlı müstəqil dövlətin əsas simvoludur. Ümummilli lider çıxışlarında qeyd edirdi ki, Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə qədər ki, bu bayraq Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan var, xalqımız yaşayır. Azərbaycan xalqı bu gün dünyanın əksər qitələrində yaşayır, onların sayı 50 milyonu aşır. Dilimiz tarixən çox mürəkkəb bir regionda, müxtəlif sistemli dillər mühitində formalaşıb və inkişaf edib. Heydər ƏIiyev Azərbaycana rəhbərlik etdiyi illərdə dilimizə çox böyük qayğı ilə yanaşıb, onun keşiyində dayanıb. Ümummilli liderin Azərbaycan dili haqqında yuxarıda qeyd etdiyimiz fərman və sərəncamı geniş xalq kütləsi, ziyalılar, alimlər, gənclər, təhsil və mətbuat işçiləri tərəfindən minnətdarlıqla qarşılandı. Çünki fərmanda Azərbaycan dilinin, xalqımızın, dövlətimizin varlığı və müstəqilliyindəki rolu sadə, anlaşıqlı bir dildə şərh olunur, Azərbaycan dövlət dilinin tətbiqi və inkişafı ilə bağlı olaraq qarşıda duran vəzifələr göstərilirdi. Bu fərmandan sonra Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısı artdı, dilimizin öyrənilməsi, aparılan elmi araşdırmalar sürətləndirildi. Bu isə Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə səbəb oldu.
Bu sahədə təbliğat aparılmaqla yanaşı, dilimizin təbii xüsusiyyətləri qorundu, yad ünsürlərdən təmizlənməsi prosesi davam etdirildi. Ümummilli liderin Azərbaycan dili ilə bağlı verdiyi fərmanın müddəalarının yerinə yetirilməsi məqsədi ilə görkəmli dilşünasların iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi geniş şəkil aldı.
Ən əsası isə gənclər məişət nitqində digər dillərdən olan sözlərdən və ifadələrdən istifadə etməyi tədricən tərgitməyə başladılar. Onların hər biri başa düşdü ki, doğma dilimizə olan münasibət, eyni zamanda dövlətimizə, vətənimizə, xalqımıza olan münasibətdir.

Tədris vəsaitlərinin mədəni və mənəvi dəyərləri təbliğ edən elementlərlə zənginləşdirilməsi vacibdir

Hazırda milli xüsusiyyətləri və sosial hadisələri əks etdirən dərsliklər (azərbaycan dili, azərbaycan tarixi, ədəbiyyat, insan və cəmiyyət və s.) ölkəmizdə yüksək ixtisaslı vətənpərvər mütəxəssislər tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçiliyinin əsasları, milli-mənəvi dəyərlərlə tamamilə uyğun gələn şəkildə tərtib olunur. Bu dərsliklər bütün müvafiq dövlət və ictimai strukturların ekspertizasından keçdikdən sonra tədrisə buraxılır. Məktəblilərə milli ruh aşılayan dərsliklər təhsil müəssisələrində, KİV-lərdə geniş müzakirə edilir.
Aparılmış təhlillər əsasında tədris vəsaitlərinə müvafiq dəyişikliklər edilməsi, onların milli vətənpərvərlik və vətəndaşlıq elementlərini, milli, mədəni və mənəvi dəyərləri təbliğ edən elementlərlə zənginləşdirilməsi vacibdir. Mütəxəssilərin fikrincə, sosial və humanitar fənlərin tədrisi milli şüur üzərində qurulmalı, Azərbaycanın tarixi, coğrafiyası, hüdudları dəqiq şəkildə tədris edilməli, əhalinin etnik kökləri, etnik-dini tərkibi dəqiq və qərəzsiz şəkildə əks olunmalıdır. Dərsliklərdə ömrünü xalqının maariflənməsi və vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş nümunəvi ziyalılarımızın və dövlət xadimlərinin (M.F.Axundov, H.Zərdabi, M.Rəsulzadə, C.Məmmədquluzadə, Ə.Topçubaşov, N.Yusifbəyli, F.Xoyski, H. Əliyev, B.Vahabzadə və digərlərinin) həyat və fəaliyyətləri geniş işıqlandırılır, gənclərimiz bu insanlardan nümunə götürürlər. Dərsliklərdə həmçinin tarixi qəhrəmanlarımızın, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş milli qəhrəmanların, şəhidlərin və Qarabağ müharibəsi veteranlarının qəhrəmanlıqları da tədris edilir.
Gənclərin təlim və tərbiyəsi ilə məşğul olan pedaqoji heyətin vətənpərvərlik keyfiyyətləri də yüksək olmalıdır. Çünki müəllim heyəti şagird və tələbələr üçün nümunə rolunu oynayır. Buna görə də, həmin heyətin özlərinin bu sahədə məqbul biliklərə malik olması və gördüyü işə vicdanla yanaşması vacibdir. Bu məqsədlə müəllimlərə vətənpərvərlik və dövlətçilik mövzularında xüsusi treninqlər və kurslar keçirilir, onlar mütəmadi olaraq bu istiqamətdə attestasiya olunurlar. Bu sahədə ixtisaslaşmış pedaqoji kadrların hazırlanması da zəruridir. Bütün bu sadalananlar şagirdlərin vətənpərvərlik tərbiyəsində, onların milli mənlik şüurunun inikişafında əvəzsiz rol oynayır.
Orta və ali təhsil müəssisələrində tədris olunan fənlər predmetinin müəyyən edilməsi üzrə dövlət orqanlarının xüsusi nəzarəti altında hərtərəfli elmi araşdırmalar aparılması, müvafiq mütəxəssislər və dövlət orqanları tərəfindən tam müsbət rəy alındıqdan sonra tədris edilməsi gənc nəslin yüksək təhsilə yiyələnməsinə də təkan verir.

Gənclərin şüurunda ailə dəyərlərinin təbliği və möhkəmləndirilməsi

Müasir dünyada ailə dəyərləri müxtəlif təsirlərə məruz qalır. Bir sıra hallarda ifrat müasirləşmə meyarları cəmiyyətdə ailə dəyərlərinin zəifləməsinə, ailədaxili münaqişələrin artmasına və son nəticədə, cəmiyyətin, dövlətin ilkin rüşeymi olan ailələrin parçalanmasına gətirib çıxarır. Bu amillərin qarşısını almaq üçün ailələrdə aparılan söhbətlər milli dəyərlərə söykənməli, valideynlər öz övladlarına vətənpərvər ruhda tərbiyə verməlidirlər. Uşağın ailədə aldığı tərbiyə onun gələcəkdə vətənpərvər bir gənc kimi yetişməsinə zəmin yaradır. Bu, ailələrin möhkəmləndirilməsi üçün də gərəklidir. Ümumiyyətlə, ailədaxili münasibətlər, onların möhkəmliyinə və ya dağılmasına zəmin yaradan amillər tədqiq edilərək üzə çıxarılmalıdır. Təhsil müəssisələrində gələcəyin valideynlərinə ailə dəyərləri təbliğ edilməli, onlar qeyri-etik davranışdan çəkindirilməlidir. Ailə tərbiyəsi üzrə gənclər arasında mütəmadi treninqlərin keçirilməsi də zəruridir. Nümayiş etdirilən televiziya verilişləri, filmlər, KİV, kitablar Azərbaycan xalqının ailə dəyərləri aspektindən ekspertizadan keçirilməlidir. Ona görə ki, möhkəm ailədə yetişən hər bir gənc vətəninə, xalqına, doğmalarına xoş münasibət göstərir. Belə gənclər vətənin dar günündə əlindən gələni əsirgəmir. Vətənpərvər valideynlərdən alınan tərbiyə onun şüurunda dərin iz buraxır.

Dövlət rəmzləri millətin mədəni emblemlərinin kompleksidir

Gənclərin kütləvi şəkildə Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətlə yanaşması böyük əhəmiyyət kəsb edir.
Dövlət rəmzlərinin təbliği və tətbiqi istiqamətində həyata keçirilən dövlət siyasətinin bir hissəsi də gənc nəslin rəmzlərə etimadla yanaşmasını təmin etməkdir. Dövlət rəmzləri millətin mədəni emblemlərinin kompleksidir. Onlardan düzgün istifadə edilməsi əhalidə, o cümlədən gənclərdə şəxsi özünüdərkin və ictimailəşmə hisslərinin formalaşmasına kömək edir. Dövlət rəmzlərinin təbliği müxtəlif səviyyələrdə - konfransların, seminarların, əhalinin iştirakı ilə kütləvi tədbirlərin təşkili yolu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının dövlət rəmzləri (ilk növbədə üçrəngli bayrağı) geniş həcmdə yüksək keyfiyyətli xammaldan istehsal edilərək əhali arasında, müxtəlif təşkilatlarda, məktəblərdə yayılır. Kütləvi tədbirlərdə və digər hallarda dövlət himni çalınarkən hər kəsin bir nəfər kimi dövlət himnini ifa etməsi vətənpərvərlik hisslərindən doğur. Azərbaycan Respublikasının bayrağının, himninin, gerbinin mənşəyinin elmi səviyyədə araşdırılması, əhalinin müxtəlif sosial qrupları tərəfindən dövlət rəmzlərinin mənasının nə dərəcədə dərk olunmasına dair sosioloji tədqiqatların aparılması da vacibdir. Çünki dövlət rəmzləri sadəcə nümayiş xarakteri daşımır. Onlar tarixi dövrlərdə yaranmaqla yanaşı, müəyyən ideoloji zəminlərə də malikdir. Respublikamızda həyat keçirilən müxtəlif tədbirlər vasitəsilə uşaqlar, yeniyetmələr və gənclər dövlət rəmzlərinin əhəmiyyəti barədə məlumatlandırılır. Pedaqoqlar bu rəmzlərin mənşəyini uşaqlara izah edirlər. Kütləvi informasiya vasitələrində, dərsliklərdə, kitablarda digər nəşrlərdə, sənədli və kinofilmlərdə, milli internet məkanında dövlət rəmzlərindən geniş istifadə edilməsi, onların təbliğini sürətləndirir. Gəncləri maraqlandıran məmulatlarda, geyimlərdə milli rəmzlərin əks etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu amillər gənc nəslin doğma vətəninə, onun dövlət atributlarına olan sevgisini artırır. Şübhəsiz ki, dövlət bayrağına, himninə hörmət edən hər bir gəncin ürəyində həm də vətən sevgisi yaşayır.

Dövlət bayramlarının gənclər tərəfindən xüsusi şəkildə qeyd edilməsi milli şüurun formalaşmasında xüsusi rol oynayır
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacib, əhəmiyyətli məsələdir. Bu iş Azərbaycanda müxtəlif vasitələrlə həyata keçirilməkdədir. Məsələn, dövlət bayramlarının qeyd olunması ilə bağlı tədbirlərə gənclərin dəvət olunması, ilk baxışdan adi bir məsələ kimi görünür. Lakin bu, belə deyil. Həyata keçirilən hər bir dövlət bayramında ölkəmizin tarixi, keçimişi barədə məlumat verilir. Gənclər iştirak etdikləri tədbirin hansı əhəmiyyət daşıdığını əxz edirlər. Bu, onların milli şüurlarına müsbət təsir göstərir. Bu baxımdan, konfransların, dəyirmi masaların, mərasimlərin, sırf gənclərin iştirakı ilə konsert proqramlarının keçirilməsi zəruridir. Bu tədbirlər zamanı Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi gənclərin yaddaşında dərin iz buraxır. Həmçinin ümummilli lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına ziyarətlərin təşkil olunması gənclərin vətənpərvərlik tərbiyəsində önəmli xarakter daşıyır.
Azərbaycan dövləti ölkənin gənc nəslinin vətənpərvərlik hisslərinin inkişafı istiqamətində ardıcıl iş aparır. Məhz bunların sayəsində respublikamızın gənc vətəndaşları doğma yurda qırılmaz tellərlə bağlanır. Dövlətimiz gənclər siyasətində aşağıdakı amillərə xususi diqqətlə yanaşır:
- gənclərdə milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması və gücləndirilməsi;
- gənclərdə vətəndaşlıq öhdəliklərinin aşılanması;
- vətəndaşlıq məsuliyyəti hisslərinin, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə marağın artırılması;
- gənclərin, orta nəslin mübarizə ruhunda tərbiyə edilməsi, onlarda dövlətin və cəmiyyətin problemlərinə marağın artırılması;
- vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarımı fəda etmiş qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi;
- nəsillər arasında əlaqələrin gücləndirilməsi, gənclərin xalqımızın şanlı keçmişi ruhunda tərbiyə edilməsi;
- milli-mədəni dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin təmin edilməsinə gənclərin marağının daha da yüksəldilməsi;
- hərbi idman növlərinə gənclərin axınının artırılması, onların fiziki və iradəvi keyfiyyətlərinin, vətənin müdafiəsinə, hərbi xidmətə hazırlığının təmin edilməsi;
- gənclərin öz fiziki sağlamlıqlarını qorumağa və yüksəltməyə maraqlandırılması;
- gənclərin, yaradıcı, ictimai təşəbbüskarlıqlarının yüksəldilməsi;
- gənclərin milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi ruhunda tərbiyəsinin metodiki bazasının yaradılmasına nail olmaq.

Gənclərimiz dövlətimizin Konstitusiyasını bilməli, dövlətin inkişafına öz töhfəsini verməyi bacarmalıdır

Dövlətlə bütövlükdə cəmiyyət, o cümlədən gənclər arasında qarşılıqlı əlaqənin təmin edilməsi də Azərbaycan dövlətinin gənclər sahəsində həyata keçirdiyi proqramın mühüm tərkib hissəsidir. Bu baxımdan, gənclərdə dövlətə məhəbbət, insan hüquqlarına, Azərbaycan Respublikasının qanunlarına, qanunçuluğa və hüquq qaydalarına hörmət böyük əhəmiyyət kəsb edir.
Mütəxəssislər hesab edirlər ki, hər bir Azərbaycan gənci dövlətimizin Konstitusiyasını və əsaslarını bilməli, onları dərk etməli, dövlətin inkişafına öz töhfəsini verməyi bacarmalıdır. Təhsil müəssisələrində dövlət həyatının bütün sahələrindəki yeniliklər barədə gənclər məlumatlandırılmalıdır. Buraya əldə edilmiş iqtisadi inkişafın nəticələri, siyasi sabitlik, dövlətçilik naminə aparılan işlər və s. aid ola bilər.
Təcrübə göstərir ki, cəmiyyətin elmi potensialı, gənclərin elmi bilikləri artıqca onlarda vətənə, doğma yurda olan sevgi də artan xətlə inkişaf edir.
Gənclərə vətəndaşlığın mahiyyəti başa salınmalı, vətəndaşın malik olduğu hüquqlar, dövlətin vətəndaşlar qarşısında öhdəlikləri ilə yanaşı, vətəndaşın dövlət qarşısında vəzifələri də təlqin edilməlidir. Bu isə gənclərə həm öz hüquqlarını bilərək onları tələb etmək vərdişləri aşılayacaq, həm də onlarda vətənə sədaqət, dövlət rəmzlərinə, digər vətəndaşların hüquqlarına hörmət, sağlam ətraf mühiti qorumaq və s. bu kimi müsbət davranışların formalaşmasına kömək edəcək.
Anar Əhmədov

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.