Mövlud Mirəliyev: “Mən uğursuzluğa əsas səbəb kimi, psixoloji gərginliyi görürəm”

Mövlud Mirəliyev: “Mən uğursuzluğa əsas səbəb kimi, psixoloji gərginliyi görürəm”

Bu günlərdə Azərbaycan Cüdo Federasiyasının məşqçilər heyətində dəyişiklik oldu. Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluqdan sonra komandanın məşqçilər heyəti istefaya göndərildi. Ötən həftə isə federasiyanın keçirilən iclasında komandaya yeni məşqçilər təyin olundu. Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında keçirilən iclasda Pekin-2008 Yay Olimpiya Oyunlarının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olundu. Bu günlərdə komandaya yeni baş məşqçi təyin olunan Mövlud Mirəliyevlə əlaqə saxladıq. Daha əvvəl də əsas yığmada məşqçilər heyətində yer alan Mövlud müəllim ona ünvanlanan suallarımızı cavablandırdı.

- Mövlud müəllim, bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının məşqçilər heyətində yeni təyinatlar oldu. Bu təyinata əsasən, Sizə federasiya tərəfindən böyük etimad göstərilərək yığma komandanın baş məşqçi vəzifəsi həvalə olundu.

- Bəli, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi bizə etimad göstərərək belə bir məsul vəzifəyə təyin etdi. Bizə göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu, çox məsuliyyətli bir yükdür. Məşqçilər heyətində yer alan hər birimiz məsuliyyətimizi yaxşı dərk edirik. Bizdən əvvəlki məşqçilər heyəti də kifayət qədər uğurlu nəticələr əldə ediblər. Onların zəhmətini danmaq olmaz. Çalışacağıq ki, bu etimadı doğruldaraq yaxşı nəticələr qazanaq.

- Siz həm Afina və Pekin olimpiadalarında idmançı kimi, həm də Rio-2016 Yay Olimpiya Oyunlarında köməkçi məşqçi kimi komandanın tərkibində yer almısınız. Yəqin ki, bu təcrübə sizə işinizi doğru istiqamətdə qurmağa kömək olacaq.

- Bəli, bundan əvvəl yığmada köməkçi məşqçi vəzifəsində çalışmışam. Həmin vaxtlarda kifayət qədər uğurlu nəticələrimiz olub. Rio Olimpiadasında komandamız iki gümüş medala sahib çıxmışdı. Bundan başqa cüdoçularımız bir sıra yarışlarda da uğurla çıxış etmişdilər. Təbii ki, məqsədimiz yenə də eynidir - yalnız irəli getmək və medallar qazanmaq. Tezliklə, komanda ilə məşqlərə başlayacağıq. Artıq Paris Olimpiadasına 3 ildən bir qədər də az vaxt qalıb. Çalışacağıq ki, əvvəlki təcrübəmizdən yararlanaraq bacardığımız qədər komandaya öz töhfəmizi verək.


- Millidə əsasən nələrə üstünlük verəcəksiniz?

- Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza hələ ki, bir müddət istirahət verilib. Tezliklə məşqlərə başlayacağıq. Bildiyiniz kimi, federasiya tərəfindən bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Biz eyni zamanda hər iki komandaya nəzarət edəcəyik. Gənclər arasında yetərincə perspektivli idmançılar var ki, qarşıdakı vaxtlarda onları əsas yığmaya cəlb edəcəyik. Belə gənclərin böyüklərlə birgə məşq edərək təcrübə qazanması və onların növbəti yarışlarda iştirak etməsi hazırlıq səviyyələrinin də artmasına böyük ölçüdə təkan verəcək. Hesab edirəm ki, federasiyanın qəbul etdiyi bu qərar təqdirəlayiqdir.

- Belə çıxır ki, əsas yığma komandanın heyətində dəyişikliklər olacaq?

- Əsaslı dəyişikliklər olmayacaq. Yığmada çıxış edən idmançılarımızın hər biri öz çəkisində favorit sayılırlar. Düzdür, ola bilər ki, hansısa idmançı karyerasını başa vursun. Məsələn, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə karyerasını başa vurdu. Təbii ki, bu yığmaya yeni perspektivli idmançıların gəlişinə yol açır. Bu gün bizim ağır çəki dərəcəsində müəyyən çətinliklərimiz var. Bildiyiniz kimi, bu çəki dərəcəsində əsasən, Uşangi Kokauri mübarizə aparır. Çalışacağıq ki, tədricən ağır çəkidə olan problemləri aradan qaldıraq. Gənclər arasında ən ağır çəkidə iştirak edən perspektivli idmançılarımız var. Məşqlər zamanı onların potensialını daha yaxından izləyərək seçimlər edəcəyik.

- Yığmaya yeni təyin olunan baş məşqçi kimi, Tokio-2020-də cüdoçularımızın uğursuz çıxış etməsi ilə bağlı fikirləriniz maraqlı olardı.

- Düzdür, mən onların arasında olmamışam. Buna görə də hansı problemin olduğunu dəqiq deyə bilmərəm. Amma fakt budur ki, komandanın tərkibində yer alan idmançılar olimpiadaya qədər yaxşı nəticələr göstəriblər. Rəhbərlik də onlar üçün hər cür şərait yaratmışdı. İstər təlim-məşq toplanışlarında, istərsə də yarışlarda komandanın iştirakı üçün hər cür şərait yaradılıb. Bir sözlə, federasiya onlar üçün heç nəyi əsirgəməyib. Olimpiada zamanı hiss olunurdu ki, idmançıların psixoloji vəziyyətləri o qədər də yaxşı deyil. Olimpiya Oyunlarının cüdo yarışlarında hər gün bir çəki dərəcəsində qaliblər müəyyənləşir. Ola bilər ki, yarışlar zamanı bu gün medalsız qalan cüdoçunun uğursuz çıxışı növbəti idmançıya da psixoloji təsir göstərib. Bu anları mən Afina və Pekin Yay Olimpiya Oyunlarında idmançı kimi yaşadığım üçün onları daha yaxşı başa düşürəm. Orada ilk olaraq 60 kq çəki dərəcəsində çıxış edən idmançılar mübarizəyə başlayırlar. Həmin çəkidə çıxış edən idmançı məğlub olanda sonrakı idmançılar daha çox həyəcan keçirirlər. Təbii ki, idmançıların bu uğursuz çıxışı məşqçiyə də təsir edir. Onlar belə bir yarışlarda idmançılardan mütləq nəticə gözləyirlər. İdmançılar isə belə hallarda özlərini psixoloji cəhətdən idarə edə bilmirlər. Hamı ondan medal gözlədiyi üçün idmançının üzərində böyük təziq olur. Amma bir məsələni qeyd edim ki, bir uğursuz nəticəyə görə yığmanın bütün idmançılarını komandadan uzaqlaşdırmaq da düzgün deyil. Bu idmançılar olimpiadaya qədər uğurla çıxış edərək, həmin yarışa lisenziya qazanıblar. Əgər onlar zəif olsa idilər, heç bu Oyunlara belə lisenziya qazana bilməzdilər. Onu da deyim ki, komandamız budəfəki Olimpiya Oyunlarına tam heyətlə yollanmışdı. Təəssüf ki, nəticə uğurlu alınmadı.

- Bəs püşk amilində komandamızın şanssız olduğu fikrinə münasibətiniz necədir?

- Təbii ki, püşkdən də çox şey asılıdır. Amma hər şeyi də püşkün üzərinə atmaq olmaz. Hər kəs bilir ki, Olimpiya Oyunları ən güclülərin iştirak etdiyi bir yarışdır. Burada zəif rəqib olmur. Bu nəhənglərin mübarizəsində isə mükafatçılar sırasına düşmək üçün ən güclülər ilə güləşib, onları məğlub etməlisən. İlk mərhələdə olmasa belə, sonrakı görüşlərdə ən güclü ilə mübarizə aparmalı olacaqsan. İdmançı püşkə baxmayaraq sona qədər güləşməli, istədiyi nəticəni əldə etməlidir. Ola bilər ki, püşk də müəyyən rol oynayıb. Amma mən uğursuzluğa əsas səbəb kimi, psixoloji gərginliyi görürəm.

 

Azər Əlizadə