Pekin-2022 Qış Paralimpiya Oyunları başlayır

Pekin-2022 Qış Paralimpiya Oyunları başlayır
Bu gün Çinin paytaxtı Pekində XIII Qış Paralimpiya Oyunları başlayır.
Pekin-2022 Qış Paralimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, oyunlarda 49 ölkədən təxminən 650 paralimpiyaçı iştirak edəcək. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Ən böyük heyətlə ev sahibi Çin, habelə ABŞ və Kanada komandaları oyunlarda iştirak edir.
Beynəlxalq Paralimpiya Komitəsi (İPC) Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla əlaqədar olaraq Rusiya və Belarus təmsilçilərinin Pekin-2022 Qış Paralimpiya Oyunlarında İPC bayrağı altında iştirakına razılıq versə də, bəzi ölkələrin milli paralimpiya komitələrinin boykot çağırışlarından sonra qərarını dəyişərək, bu ölkələrdən olan idmançıların Paralimpiya Oyunlarında iştirakına qadağa qoyub.
Pekin-2022-də paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparacaqlar. XXIV Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenalar və “Olimpiya kəndləri” Paralimpiya Oyunlarında istifadə olunmaq üçün uyğunlaşdırılıb. Paralimpiya Oyunları üzrə yarışlar Pekin ilə yanaşı yaxınlıqda yerləşən Canciakou şəhərindəki 6 arenada təşkil olunacaq. Açılış mərasimi isə Qış Olimpiya Oyunlarında olduğu kimi, Pekindəki məşhur “Quş yuvası” stadionunda təşkil ediləcək. Fiziki imkanları məhdud şəxslərin də iştirakı ilə təşkil olunacaq açılış şousu 80 dəqiqə davam edəcək. Mərasimdə Çin Xalq Respublikasının Sədri Si Cinpin iştirak edəcək. Paralimpiya Oyunları martın 13-də başa çatacaq.
Paralimpiya məşəlinin estafeti isə davam edir. Martın 2-də başlayan estafet Pekin və Canciaokou şəhərlərini əhatə edir.
Qeyd edək ki, Azərbaycanı Pekin-2022 Qış Paralimpiya Oyunlarında Mehman Ramazanzadə təmsil edəcək. O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. İdmançımız martın 9-da mübarizəyə qoşulacaq.