İkinci dünya müharibəsində İdman Akademiyasının tələbələrinin vətənpərvərlik tərbiyəsi

İkinci dünya müharibəsində İdman Akademiyasının tələbələrinin vətənpərvərlik tərbiyəsi

Artıq 77 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».
İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq, ölkəmizin hər yerində olduğu kimi respublikamızda da bədən tərbiyəsi və idman işləri yenidən quruldu.
1941-ci ilin iyununda Almaniya ölkəmizə xaincəsinə basqın etdi. Müharibənin ilk günündən etibarən bütün bədən tərbiyəsi və idman işi Vətəninin müdafiəsi vəzifəsinə tabe etdirilmişdi. «Hər şey cəbhə üçün, hər şey qələbə üçün» şüarı, eyni zamanda idmançıların şüarı oldu. Azərbaycan idmançıları kütləvi surətdə xalq qoşunu sıralarına getdilər.
Bədən tərbiyəsi təşkilatlarının qarşısında duran başlıca vəzifə, kütləvi hərbi-fiziki hazırlıq işini canlandırmaqdan ibarət oldu. Bədən tərbiyəsi və idman işləri komitələri, həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri özlərinin ən bacaraqlı və təcrübəli mütəxəssislərini, təlimatçılarını, müəllimlərini və idmançı-fəallarını ümumi hərbi hazırlıq sistemində məşğələlərə rəhbərlik üçün səfərbərliyə almışdılar.
Müharibənin ilk həftəsində respublikanın hərbi komissarlığına könüllü surətdə “Ordu sıralarına getmək” haqqında 40 mindən çox ərizə daxil olmuşdu. 1941-1942-ci illərdəsə 150 mindən çox gənc Orduya səfərbərliyə alınmışdı. Onların xeyli hissəsini idmançılar təşkil edirdi. 1941-ci il iyunun 25-nə kimi Ağdaş rayonundan 250 nəfər, Nuxadan (Şəki) 200 nəfər bədən tərbiyəçisi könüllü olaraq, ordu sıralarına yola düşdü.
Dövlətin gündəlik köməyi və nəzarəti sayəsində müharibənin ilk aylarında əlbəyağa döyüş üzrə 395 nəfər təlimatçı, 120 nəfər müalicə bədən tərbiyəsi metodisti hazırlandı. 10 min nəfərdən çox gənc döyüşçü çağırışçılara təlim verən kurslara cəlb olundu.
1941-ci ilin payızında respublikanın müdafiə qabiliyyətini möhkəmlətmək üçün başlanan iş SSRİ Ali Soveti Rəyasət heyətinin Zaqafqaziyada hərbi vəziyyət elan olunması haqqında 1942-ci il sentyabrın 9-da verdiyi fərmandan sonra daha da gücləndi.
ÜİLKGİ MK qərarı ilə 2 mart 1941-ci ildə bütün ölkədə iki həftəlik kütləvi yarış (gimnastika üzrə) keçirildi. Züleyxa Hacıyeva Moskva şəhərində sovet idmançılarının birinci antifaşist mitinqinin ilk iştirakçısı olmuşdur.

SSRİ XKS yanında Bədən Tərbiyəsi və idman işləri üzrə Ümumittifaq Komitəsinin 25 iyul 1941-ci il tarixli 188 saylı, «Bədən tərbiyəsi təşkilatlarının əhalinin hərbi hazırlığı üzrə işi haqqında», 15 yanvar 1944-cü il tarixli 9 saylı «İdmanın inkişafı üzrə tədbirlər haqqında» qərarlarından sonra ən yaxşı bədən tərbiyəsi kadrlarının cəbhəyə göndərilməsi SSRİ-nin bütün bədən tərbiyəsi təşkilatlarında idman fəaliyyətinin zəifləməsinə gətirib çıxardı. Bədən tərbiyəsi institutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əlaqədar olaraq, respublikada müəllim kadrlarından düzgün istifadə edilməsi məqsədi ilə və Azərbaycan KP MK və Xalq Komissarları Şurasının 11 dekabr 1941-ci il 5157 saylı qərarı iləBədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Qərarda deyilirdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (Azərbaycan DBTİ) Azərbaycan Dövlət Universitetinin bazasında bədən tərbiyəsi fakültəsi kimi təşkil edilsin və fakültə keçmiş Azərbaycan DBTİ-nin binasında yerləşdirilsin.
Müharibənin başlanğıcında institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşdü. Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetişdirilməsi ikinci dünya müharibəsində misilsiz rəşadət göstərdilər.

Müalicə bədən tərbiyəsi işi sovet döyüşçülərinin sağlamlığının qorunmasına yönəldilmişdi. Artıq 1941-ci il iyunun 25-də Ümumittifaq İdman Komitəsi bütün xəstəxanalarda müalicə bədən tərbiyəsi işini həyata keçirməyə, bunun üçün idman fəalları arasından təlimatçılar hazırlanması işini qaydaya salmağı təklif etdi. Komitənin qərarında deyilirdi ki,xəstəxanalarda, səhiyyə və ordunun sanitar orqanlarının təşkil etdiyi digər sağlamlıq müəssisələrində müalicə bədən tərbiyəsi işlərinin təşkilində fəal iştirak etmək lazımdır. Xəstəxanalarda işləmək üçün bədən tərbiyəsi təşkilatçıları və bədən tərbiyəsi fəallarından (ilk növbədə qadınlardan) ibarət müalicə bədən tərbiyəsi təlimatçıları hazırlamaq üçün kurslar və seminarlar keçməlidirlər. Sağalmaqda olan döyüşçülərlə məşğul olmaq üçün xəstəxana və müalicə müəssisələri lazımi idman inventarları ilə təmin edilmişdir. Müharibənin birinci ilində həmin kurslar Bakıda, Naxçıvanda, Gəncədə və digər şəhərlərdə fəaliyyət göstərməyə başladı. Bu kursların məzunlarını respublikaya köçürülmüş xəstəxanalara göndərirdilər. Müəllim və tələbələrin bir qismi Z. Rzayeva, A.Qəniyev, S.Əliyev, S.Məmmədova, D.Qədirli, M.Həsənov və başqaları isə müdafiə əhəmiyyətli xüsusi işlərdə fəal iştirak etdilər, hərbi istehsalatda çalışdılar, əhali arasında geniş təbliğat-təşviqat işləri aparıb, hərbi xəstəxanalara hamilik etməklə sovet xalqının faşizm üzərində qələbəsinə köməklik göstərdilər.
Respublikanın Əməkdar bədən tərbiyəsi və idman xadimləri Tofiq Abbasov, Həsən Qarayev, Ənvər Babayev, akrobat Hacıbaba Ağayev, Azərbaycan DBTİA-nın məzunu İ.İslamov, A.M.Əsgərov, güləşçi Baba Süleymanov, İbadulla Həsənov, Xandadaş Mədətov və başqalarının Böyük Vətən Müharibəsində şücaəti böyük olmuşdur. Məsələn, Əhməd Məmmədoğlu müharibədə ağır yaralanaraq, əlil olduqdan sonra yenidən körpücük üzərinə qayıtmış və dünya rekordu müəyyənləşdirmişdir. Onun ayaq barmaqları 40 dərəcəli şaxtadan donmuşdur. 6 ay hərbi xəstəxanada müalicə olunduqdan sonra o, Azərbaycana qayıtdı, şikəst olmasına baxmayaraq, 1945-ci ildə 94 kiloqram ağırlıq qaldıraraq yeni SSRİ rekordu qazandı.
Xandadaş Mədətov 1942-ci ildə könüllü olaraq, Böyük Vətən müharibəsinə getmiş, Azərbaycanın məşhur 416 Taqanroq diviziyasında kəşfiyyatçı kimi vuruşmuş və 3 dəfə ağıryaralanmışdır. Sağ budunda mərmi qəlpəsinin qalmasına baxmayaraq, o, ömrünün sonuna qədər idmanla məşğul olmuşdur. 1946-cı ildən “Dinamo” cəmiyyətində Əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında atletika bölməsində məşğul olmuşdur. İbadulla Həsənov 1944-cü ildə könüllü olaraq, orduya getmiş və 1951-ci ildə qayıtmışdır. Almaniyada, Ukrayinada, Çində hərbi xidmətdə olmuşdur. Həsənov təyyarə atıcısı olmuşdur. Orduda da atletika ilə məşğul olmuş və dəfələrlə 16 hərbi hissənin 800-1500 metr qaçışlarında çempion olmuşdur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu İ. İslamov kəşfiyyatda olarkən əlindən ağır yaralanmasına baxmayaraq, verilən tapşırığı yerinə yetirdikdən sonra geri qayıtmışdı. Faşistlərin planlarının pozulmasında həmin institutun məzunu A.Əsgərovun da xidmətləri vardır. 1939-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, dəfələrlə Azərbaycan çempionu olmuş akrobat Hacıbaba Ağayev Böyük Vətən müharibəsinin ilk günlərindən SSRİ silahlı qüvvələri sıralarına çağrılmış və kəşfiyyat alayına göndərilmişdir. Hacıbaba Ağayev orduda özünü qorxmaz kəşfiyyatçı kimi göstərmiş, fiziki hazırlığı sayəsində düşmənin əzilməsində özünəməxsus rolu olmuşdur. Basketbol üzrə Əməkdar məşqçi, Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Abbasov ağır döyüşlərdə öz qüvvə və bacarığı sayəsində yaralı komandirini döyüş meydanından çıxarıb, onun həyatını xilas etmişdir. Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi Həsən Qarayev də vətən uğrunda döyüşlərdə əsil şücaət nümunələri göstərmişdir. Müharibənin ilk günlərində arxa cəbhədə institutun bütün kollektivi respublika hərbi komissarlığının tapşırığı ilə əlbəyağa döyüş üzrə təlimatçıların hazırlanmasına başladı. Yalnız 1943-cü ildə tələbələr və institutun əməkdaşları Şuşa, Xankəndi, Şamaxı, Ağdam, Qusar, Şəki, Gədəbəy, İsmayıllı və Zaqatalada 700-dən çox təlimatçı və 12000-dən çox əlbəyağa döyüşçü və qumbaraatanlar hazırlamışdılar.
1943-cü ildə respublikamızın idman həyatında böyük dönüş yarandı. İdman işlərində canlanma başlansa da, kadr hazırlığına olan ehtiyac lazımi səviyyədə təmin edilmədi. Məhz buna görə Azərbaycan K(b)P MK və Xalq Komissarlığı Sovetinin 20 iyul 1943-cü il tarixli 53 saylı qərarı ilə bədən tərbiyəsi institutu öz keçmiş adını (Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu) bərpa etdi.

Respublikamızın idmançıları odlu cəbhələrdə çox böyük hünər göstərdilər. Alman-faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan, komandanlığın döyüş tapşırıqlarını şərəflə yerinə yetirən 10 min nəfərdən çox Azərbaycan idmançısı və bədən tərbiyəçisi orden və medallarla təltif olundu. Yeddi nəfər idmançı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Respublikamızın məşhur futbolçusu və voleybolçusu Səlahəddin Kazımova SSRİ Ali Sovetinin Prezidentinin qərarı ilə «Sovet İttifaqı Qəhrəmanı» fəxri adı verildi. Bundan başqa digərqorxmaz idmançı döyüşçülər T.Abbasov, İ.Odinov, Ə.Babayev, M.Talıbov, K.Abdullayev, B.Süleymanov, İ.İslamov, H.Əsgərov, H.Ağayev, A.Ağalarov, İ.Aşumov, V.Maksimoviç, F.Hüseynov, A.Əsgərov, M.Kərimov, Ə.Məmmədoğlu, H.Qarayev, A.Ələkbərov, M.Hüseynzadə V.Sliva, D.Çelyadionov, A.Kozırev, V.Krivenko, A.Neçayev, A.Kryuçkov və b. orden və medallarla təltif olunmuşdur.
Respublikanın bədən tərbiyəçilərindən onlarla adlı-sanlı idmançı amansız müharibənin qurbanı olmuş A.Talıbov, A.Tağıyev, S.Cavadov, M.Allahverdiyev, A.Barışev, A.Kayurov, N.Kitasov R.Rəhimov, İ.Əsgərov, M.Cəfərov, B.Xankişiyev M.Abbasov, M.Ağayev və başqaları Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlarını qədirbilən xalqımız heç vaxt unutmayacaqdır.
Müharibə ölkəmizi ağır itkilərə və dağıntılara məruz qoymuşdu. Azərbaycan döyüş meydanı olmasa da, müharibə respublikamızın xalq təsərrüfatına xeyli ziyan vurmuşdu. Maarif, bədən tərbiyəsi və idman sahəsində ağır vəziyyət yaranmışdı. Yüksək ixtisaslı idman mütəxəssislərinin bir çoxu idman sahəsindən uzaqlaşmışdı.
Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, ümummilli liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xalq öz qəhrəmanlarının xatirəsini əziz tutur, böyük qələbənin 77 illiyində həlak olanların xatirəsini ehtiramla yad edir, bütün cəbhəçilərə dərin minnətdarlıqlarını bildirir.