Aynur İmanova: “Çalışacağıq ki, yarışlara qədər bütün çatışmazlıqları aradan qaldıraq” 

Aynur İmanova: “Çalışacağıq ki, yarışlara qədər bütün çatışmazlıqları aradan qaldıraq” 

“Artıq bir həftədir ki, qarşıdakı mötəbər yarışların hazırlıqlarına başlamışıq. Əsas üstünlüyü fiziki hazırlıqlara vermişik. İstər zalda, istər sahil qırağında, istərsə də stadionda əsas üstünlük fiziki hazırlıqlarla bağlıdır”. 
Bu sözləri “Olimpiya dünyası” qəzetinə açıqlamasında voleybol üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Aynur İmanova deyib. Yarışlara “Murov” Voleybol Klubunun idman zalında hazırlıq keçən millimizin təcrübəli idmançısı V İslam Həmrəyliyi Oyunlarına, həm də AVRO-2023-ün təsnifat mərhələsinə ümidlərinin böyük olduğunu bildirib: “Oyunlara qədər ölkə xaricində də təlim məşq toplanışında və yoldaşlıq görüşlərində iştirak edəcəyik. Bu hazırlıqlardan sonra həmin yarışlarda iştirak edəcəyik. Çalışacağıq ki, yarışlara qədər bütün çatışmazlıqları aradan qaldıraq. Hələ ki heç bir komanda haqqında indidən bir söz deyə bilmərəm. Hər şey bizim oyunlara necə hazırlaşmağımızdan asılıdır. Hazırlıqların sonunda nəsə bir fikir demək olar. Hər bir komandanın öz, taktikası, oyun üslubu var. Biz də onlara uyğun məşq edib, qalib gəlməyə çalışacağıq. Rəhbərlik tərəfindən qarşımıza V İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmaq hədəfi qoyulub. Biz 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşduq. Çox istəyirik ki, Konyadakı yarışda da bu uğuru təkrarlayaq. Bundan sonrakı hədəfimiz isə Avropa çempionatının təsnifat mərhələsində uğurla çıxış edərək, növbəti mərhələyə vəsiqə qazanmaqdır”, - deyə Aynur İmanova qeyd edib.  
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.