Aqil Ağazadə: “Bakı-2017-də gümüş medal qazanmağımız məsuliyyətimizi daha da artırır”

Aqil Ağazadə: “Bakı-2017-də gümüş medal qazanmağımız məsuliyyətimizi daha da artırır”

“Bir aya yaxındır ki, məşqlərə başlamışıq. Əvvəlcə fiziki hazırlıqlar üzərində çalışdıq. Bir neçə gün olar ki, toplarla məşqlərə keçmişik. Paralel olaraq isə fitness və trenajor məşqləri edirik”. 

Bunu “Olimpiya dünyası” qəzetinə müsahibəsində voleybol üzrə kişilərdən ibarət yığma komandamızın üzvü Aqil Ağazadə qarşıdakı yarışlara hazırlıqla bağlı danışarkən deyib.   

Avqust ayında həm AVRO-2023-ün təsnifat mərhələsində, həm də V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklərini deyən voleybolçumuz qrafikin sıx olduğunu, lakin bununla belə, bu oyunlarda yüksək nəticə qazanacaqlarına inandıqlarına bildirib. 

“Oyunlarımız həm ev, həm də səfərdə olacaq. Real düşünsək AVRO-2023-dəki rəqiblərimiz çox güclüdür. Amma biz də qələbə qazanmağa çalışacağıq. Bundan başqa komandamız İslam Həmrəyliyi Oyunlarında da mübarizə aparacaq. Bakı-2017-də gümüş medal qazanmağımız məsuliyyətimizi daha da artırır. Çalışıb Konyada da uğurlu nəticə qazanmalıyıq. Düzdür, Bakıdakı yarışda ev sahibi olduğumuz üçün böyük üstünlüyümüz var idi. Türkiyədəki yarışa daha güclü ölkələrin komandaları gələcək. Bakıdakı yarışda Türkiyə, Pakistan və Qətər komandaları yaxşı formada idi. Konyadakı İslamiadaya isə Misir və Qazaxıstan kimi yüksək hazırlığa malik komandalar da gələcək. İnanıram ki, güclü rəqiblərlə mübarizədə gözəl nəticələrlə xalqımızı sevindirəcəyik”, - deyə Aqil Ağazadə qeyd edib. 

Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında A qrupunda Türkiyə və Danimarka milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.