Üzgüçülərimizin Konya-2021-dəki çıxışı və əldə olunan nailiyyətlər müzakirə olunub

Üzgüçülərimizin Konya-2021-dəki çıxışı və əldə olunan nailiyyətlər müzakirə olunub

Sentyabrın 8-də Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev üzgüçülük üzrə milli komandamızın üzvləri ilə görüşüb. Tədbirdə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında üzgüçülərin çıxışı və əldə olunan nailiyyətlər müzakirə olunub.
Görüşdə çıxış edən X.Fətiyev üzgüçülərimizin yarışda bir dəst medal qazandığını bildirib: “Bu Azərbaycan üzgüçülərinin iştirak etdiyi sayca ikinci İslam Həmrəyliyi Oyunlarıdır. Bakıda keçirilən yarışda da komanda olaraq yaxşı nəticə göstərə bilmişdik. Lakin Konyadakı yarışlarda milli komanda tamamilə yerli, gənc idmançılarla təmsil olunmuşdu. Federasiyamızın da əsas məqsədi yerli idmançıların yetişdirilməsi, onların beynəlxalq yarışlara və turnirlərə, Avropa və dünya çempionatlarına yüksək səviyyədə hazırlanmasıdır. Buna görə də idmançılarımıza, onların məşqçilərinə bacardığımız qədər bütün məsələlərdə yardımçı olmağa çalışırıq”.
Federasiya rəsmisi vurğulayıb ki, bu gün su idman növlərinin inkişaf etdirilməsi üçün ölkəmizdə dövlət başçısı tərəfindən münbit şərait yaradılıb: “Ölkəmizdə beynəlxalq standartlara cavab verən Bakı Su İdman Sarayı fəaliyyət göstərir. Bu da həm peşəkar idmançılarımız, həm də həvəskarlar üçün böyük imkanlar açır. Bundan başqa, biz federasiya olaraq məşqçilər korpusunun daha da peşəkar olması üçün beynəlxalq təcrübəsi olan xarici mütəxəssisləri dəvət etmişik. Martda beynəlxalq dərəcəli məşqçi İvan Petrov sıralarımıza qoşuldu və federasiyanın idman direktoru təyin edildi. Bu gün isə daha bir üzgüçülük üzrə mütəxəssisi təqdim edirəm. Bu macarıstanlı məşqçi, bir zamanlar peşəkar üzgüçü olmuş Daniel Dudaşdır. O öz təcrübəsi, bilik və bacarığı ilə məşqçilər korpusuna yardımçı olmağa çalışacaq”.
Görülən işlər və gələcək planların müzakirələrindən sonra X.Fətiyev idmançıları narahat edən problemlərlə maraqlanıb. Bildirib ki, zaman ötdükcə federasiya fəaliyyətini daha da təkmilləşdirir və çalışır ki, milli komandalar həmişə diqqət və qayğı ilə əhatə olunsunlar.
“Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daim idmançıları dəstəkləyir və Azərbaycanda idmanın inkişafına lazımi diqqət göstərirlər. Bunun nəticəsidir ki, ölkəmiz böyük yarışlarda və turnirlərdə yüksək nəticələr göstərir, Azərbaycanın bayrağını yüksəkliklərə qaldırır. Bacardığımız qədər çalışırıq ki, idmançılarımız üçün maksimum şərait yaradaq. Sizin borcunuz isə göstərilən etimadı doğrultmağa çalışmaqdır. Biz bir yerdə, bir vahid komanda olaraq daim yüksək yerlər və medallar uğrunda mübarizə aparmalıyıq”,- deyə federasiyanın prezidenti vurğulayıb.
Sonda üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov və idmançılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.