Olimpiya çempionları təltifə görə təşəkkür edirlər

Olimpiya çempionları təltifə görə təşəkkür edirlər

Bu günlərdə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Budəfəki yubiley də idman ictimaiyyətinin nümayəndələrinin böyük sevincinə səbəb oldu. Belə ki, yubiley münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və "Tərəqqi” medalı ilə təltif olunması ilə bağlı Sərəncam imzaladı.

Bu fəxri mükafatlar Azərbaycan idmançılarının xidmətlərinə verilən ən yüksək qiymət idi.

Olimpiya çempionlarımız özlərinə doğma hesab etdikləri "Olimpiya dünyası" qəzeti vasitəsi ilə fəxri mükafatlarla təltif olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

İdmançılarımızın sevinc və minnətdarlıq hisslərini oxucularımıza təqdim edirik.

 

 

"Bu mükafat bizim məsuliyyətimizi bir

qədər də artırır"

Zemfira Meftaxetdinova,

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu:

- "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğum üçün Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsinin 30 illik yubileyində belə bir mükafatla təltif olunduğum üçün fəxr edirəm. Bu mükafat bizim məsuliyyətimizi bir qədər də artırır. Biz idmançılar və Olimpiya çempionları hər zaman olduğu kimi ölkəmizə xidmət edirik. Bizi daim diqqətdə saxladığına görə ölkə rəhbərliyinə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Qeyd edim ki, bundan əvvəl "Tərəqqi" medalı, "Şöhrət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşam. Bir idmançı üçün bundan böyük xoşbəxtlik ola bilməz.

 

"Bu mükafat biz idmançılara 

verilən ən yüksək qiymətdir"

 

Rəfiqə Şabanova,

Olimpiya çempionu:

- Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundum. Çox sevincliyəm. Bu mükafat biz idmançılara verilən ən yüksək qiymətdir. Bunun üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu mükafat bizim üçün bir stimuldur. Çalışacağıq ki, bu etimadı doğruldaq. Ümumiyyətlə, biz Olimpiya çempionları hər zaman dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Bu etimada layiq olmaq bizim üçün böyük şərəfdir.

 

 

"30 illik yubileyi münasibəti

ilə təltif edildiyimə

görə qürur duyuram"

 

Nazim Hüseynov,

Olimpiya çempionu:

- "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görüldüyüm üçün çox sevinirəm. Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyi münasibəti ilə təltif edildiyimə görə qürur duyuram. Bütün idmançılarımıza belə gözəl duyğular yaşamağı arzu edirəm. Bu, Prezidentimiz tərəfindən bizə verilən ən böyük dəyərdir. Bizə göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib, bir daha Milli Olimpiya Komitəsinin rəhbərliyini və idman ictimaiyyətini yubiley münasibəti ilə təbrik edirəm.

 

 

Türkay Niftəliyeva