Hər bir insan öz yurdunu sevməli və qorumalıdır

Hər bir insan öz yurdunu sevməli və qorumalıdır


Vətən dünyaya göz açdığımız doğma el-oba sayılır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə vətənini öz şəxsiyyətində yaşatmalıdır.
Vətənpərvərlik elə bir hissdir ki, o, özü üçün deyil, eli, obası, xalqı üçün yaşamağa, yalnız bu gün üçün deyil, həm də gələcək üçün sövq edir.
Vətənpərvər insan təkcə soyuq səngərlərdə, döyüş bölgələrində xidmət edən insan deyil. Hər bir kəs öz əməyi ilə vətənpərvər ola bilər. Bənna külüngü, diplomat siyasəti, alim elmi, yazıçı, şair qələmi, tarixçi üzə çıxartdığı həqiqətlər, analar böyütdükləri övladları, oğullarımız mərdliyi, qeyrəti, şagirdlərimiz təhsili ilə əsl vətəndaş ola bilərlər. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır.

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunması üçün şərait yaradır.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətəni naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda apardığı mübarizəyə onda inam hissini gücləndirir.

Gənclər dövlətin həm bu günü, həm də gələcəyidir

Danılmaz faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amillə bağlıdır. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Tariximiz həmişə sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman övladları ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidirlər. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur. Çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ulu öndər Heydər Əliyev müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Dövlətimizin böyük Qarabağ problemi hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində oldubu üçün cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir.
Bunun üçün təhsil müəssisələrində, mətbuatda, cəmiyyət arasında hərbi-vətənpərvərlik, ordu, şəhidlər, milli qəhrəmanlar, düşmənlə bağlı müxtəlif istiqamətdə söhbətlər aparılmalı, televiziya və radiolarda verilişlər nümayiş etdirilməlidir.
Vətənpərvərlik həm də emosional hissdir. Hər bir insan bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalıdır.
Bəzən deyilir ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Bəli, bu hiss ən birinci ailədən başlanır. Ailə uşağa elə tərbiyə verə bilər ki, o, vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüsün. Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu "kiçik dövlət”lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib. Azərbaycanlılar üçün isə ailə dəyərləri, onun mənəvi-əxlaqi keyfiyyətləri həmişə xüsusi önəm daşıyıb. Amma cəmiyyətin bütün elementləri kimi, ailə də daim dəyişikliyə məruz qalır. İctimai inkişaf prosesi ailənin formalaşmasına, qadının və kişinin ailədə tutduğu mövqeyə, uşaqların tərbiyəsinə, ailə planlaşmasına öz təsirini göstərir. Lakin bütün bunların əsasında milli mentalitetə məxsus ailə dəyərlərinin qorunub saxlanılması durur.

Ən bahalı geyim əsgər paltarı, ən şərəfli xidmət əsgərlik, ən yaxşı mahnı dövlət himnidir

Qarabağ müharibəsi, qaçqın və məcburi köçkünlük həyatı, informasiya məkanındakı müxtəlif ideoloji ünsürlər, fərqli dünyagörüşün və fərqli mədəniyyətlərin təbliği gənclərin, uşaqların psixologiyasına təsir göstərən amillərdir. Təsadüfi deyil ki, son illər bəzi Azərbaycan ailələrində qeyri-ənənəvi dəyərlərə meyillər yaranıb ki, bu da olduqca zərərli hallardır.
Təəssüf ki, Azərbaycan cəmiyyətində, bəzi ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi istənilən səviyyədə təbliğ olmadığından ciddi narahatlıqlar yaranır. Gələcəyimiz olan uşaqların, yeniyetmə və gənclərin əksəriyyəti Azərbaycanın hansı bölgələrinin erməni işğalı altında olduğunu belə bilmir. Çoxları isə heç milli qəhrəmanlarımızı belə tanımırlar. Halbuki, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız vətən, millət, torpaq uğrunda savaş meydanına atılanları, o cümlədən də milli qəhrəmanları, şəhidləri tanımağa borcluyuq.
Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri tənqid olunur. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Amma bu məsələdə daha çox ailə tərbiyəsinin xüsusi rolu var. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır.
Ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlara düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün canlarından keçdiyini, onların niyə müqəddəs sayıldığını anladılmalıdır.
Onlara ən dəyərli geyimin əsgər paltarı, ən şərəfli xidmətin əsgərlik, ən yaxşı mahnının dövlət himnimiz olduğu təlqin edilməlidir. Bu da onu göstərir ki, vətənpərvərlik hissləri ilk növbədə kiçik yaşlarından ailədən başlanılmalıdır.

Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan ümmandır

Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək hər birimizin üzərinə düşən məsuliyyətli bir işdir. Azərbaycan Respublikasından kənarda on milyonlarla soydaşımız yaşayır. Onların içərisində çoxlu məşhur elm və mədəniyyət xadimləri, iş adamları, yüksək mənsəb sahibi olan insanlar var. Onları dünyada və Azərbaycanda tanıtmaq hər birimizin borcu olduğu kimi, bizim də onlardan öz tarixi vətənləri, doğma ata-baba yurdlarına münasibətdə qayğıkeş və təəssübkeş olmağı tələb etməyə haqqımız var. Hazırda qarşımızda duran ən vacib və taleyüklü vəzifələrdən biri əl-ələ verərək dünya azərbaycanlılarının hər hansı bir ölkədə və mühitdə yaşaması, fəaliyyət göstərməsindən asılı olmayaraq, özünün milli-mənəvi dəyərlərini qoruması, inkişaf etdirməsindən ibarətdir. Hər bir insanın qəlbində ana kimi müqəddəs, ülvi və şirin bir hiss var. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Vətən eşqi, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan ümmandır. Vətəni sevmək və bu sevgi uğrunda canından bele keçməyə hazır olmaq isə hər bir vicdanlı vətən övladının borcudur. İlahi tərəfindən millətimizə bəxş olunan torpağımız tarix ərzində müxtəlif zamanlarda igid oğullarının yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında axıdılan qanından yoğrulmuşdur.
Bu səbəbdən Azərbaycan torpağı adi torpaq parçası deyil, bizi yaşadan və yaşamağa sövq edən vətən torpağıdır. Əvvəlki zamanlar bu günə qədər xalqımızın mərd ogulları vətənin azadlıgı uğrunda xarici düşmənlərə qarşı igidliklə vuruşmuş, ana torpağı qorumağa çalışmış, nəticədə isə yenidən öz torpagının sahibi olmuşdur. Əlbəttə, onların hər biri öz vətəndaşlıq borcunu yerinə yetirib. Axı müqəddəs ana torpağını vətən edən onun vətəndaşıdır. Hər bir vətəndaş öz yurdunu qorumağa, çiçəkləndirməyə borcludur. Xalqımızın neçə-neçə qeyrətli oğulları bu şərəfli vəzifənin öhdəsindən inanılmaz qəhrəmanlıqla gəlib. Bəziləri sağlamlığını itirmiş, bəziləri itkin düşmüş, bəziləri isə şəhidlik zirvəsinə yüksəlmişlər. Onların hər biri vətəndaşlığın, vətənpərvərliyin fəth olunmaz zirvəsini məhz şəhidlik zirvəsi hesab edirdilər. Onların hər biri vətən uğrunda canlarını qurban verərək əbədiyətə qovuşublar. Doğma torpaq uğrunda mübarizəyə qalxan minlərlə igid oğullarımız haqqında neçə-neçə əsərlər, kitablar yazılıb, dastanlar qoşulub. Bəlkə də, bunun nəticəsidir ki, torpaq uğrunda həlak olan şəhidlərimiz xalqımızın qəlbində yaşayır. Lakin onların ruhları hələ də narahatdır. Axı onların canlarından keçərək bizə əmanət etdikləri vətən torpagı hələ də düşmən əsarəti altındadır.

Azərbaycanda ordu mövzusu tarixən çox aktual olub

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı hərbi məktəblər vətən oğullarına vətən sevgisini, şərəfi, müstəqilliyi öyrədir. Azərbaycan ordusunun ehtiyaclarına cavab verəcək keyfiyyətlərə malik olan bacarıqlı zabitlərin yetişdirilməsi üçün hərbi məktəblərdə hərtərəfli imkanlar yaradılıb. Əgər SSRİ-nin dövründə hərbi məktəblərdə çox az sayda Azərbaycan oğulları oxuyurdusa, hazırda təhsil alanların hamısı azərbaycanlıdır. Bütün bunlar ümumilli lider Heydər Əliyevin zəhməti, uzaqgörənliyi, müdrikliyi sayəsində həyata keçirilib. Vətən oğullarını ruhlandıran, cəsarətli hərbçilər yetişdirən məktəb ulu öndər Heydər Əliyevin qurub-yaratdığı hərbi məktəblərdir. Bu hərbi ocaqlarda vətən oğulları ilə yanaşı, qızlar da hərbi təhsil alırlar. Bu da onu deməyə əsas verir ki, məzun hərbiçi oğullarımızla bərabər, məzun leytenant qızlarımız da az deyil. Sevindirici haldır ki, bu cür qızlarımızın sayı durmadan artmaqdadır.
Azərbaycanda ordu mövzusu tarixən çox aktual olub. Çoxsaylı müharibələr, silahlı toqquşmalar və qarşıdurmalar meydanına çevrilən ölkəmiz üçün ordunun vəziyyəti, onun döyüş qabiliyyətinin öyrənilməsi həmişə öndə duran məsələlərdən biri olub.
Son iki əsrdə Azərbaycanda ordu ilə bağlı proseslərin ictimailəşdirilməsinə yönəlmiş addımların sayının tədricən artdığı müşahidə olunur. Məhz 19-cu əsrin sonlarında Azərbaycanda milli mətbuatın yaranması ordu ilə bağlı ictimai məlumatlandırmanın zəruriliyinə dəlalət edən məqamların ortaya çıxmasına səbəb oldu.
Azərbaycanda ilk mətbuat tarixinin formalaşdığı dövrdə - "Əkinçi” qəzetinin nəşr olunduğu zaman - 1875-1877-ci illərdə ordu islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının formalaşdırılmasına başlanıldı. Bu qəzetin bir sıra saylarında hərbi sahə ilə bağlı məlumatlar, kiçik şərhlər öz əksini tapırdı. "Əkinçi” 1877-ci ildə "Təzə xəbərlər” şöbəsində hərbi mövzuya daha çox yer vermişdi. Bu, Azərbaycan ictimaiyyəti üçün bir növ, yenilik idi.
Əvvəllər ictimaiyyət arasında şayiə kimi dolaşan fikirlər, xəbərlər artıq "Əkinçi”də əksini tapır və onlarda ordu ilə bağlı məlumatları əldə etmək istəyi yaradırdı. Bu baxımdan, da biz Azərbaycanda ordu - KİV münasibətlərinin yaranması - hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin tarixini ölkədə ilk milli mətbuatın yaranması ilə eyni dövrə aid olduğunu iddia edə bilərik.
Azərbaycanda hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına isə məhz ötən əsrin əvvəllərində - Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-1920-ci illərdə başlanılıb. O zaman yeni formalaşdırılıan Azərbaycan Ordusu ilə bağlı müxtəlif məlumat və məqalələr dərc olunan qəzetlərdə işıq üzü görürdü. "Azərbaycan” qəzetinin elə 1-ci sayında (15 sentyabr, 1918-ci il) hərbi xidmətə çağırışın uğurla başa çatması barədə məqalə buna sübutdur. Bu məqalədə problemlərdən də danışılır: orduya çağırış yaşının qeyri-müəyyən olmasının çağırış prosesində bəzi çətinliklər yaratdığı qeyd olunur. Qəzetin 11-ci sayında (16 oktyabr, 1918) dərc olunan məqalədə isə Azərbaycanda milli hərbi xidmətin çətinliklərindən bəhs olunur. Buna səbəb olaraq aşağıdakılar göstərilir: birincisi, Çar Rusiyasında Azərbaycan vətəndaşlarının orduda xidmətdən uzaqlaşdırılması, ikincisi, əksər azərbaycanlıların vətən qarşısında öz borclarını bilməmələri, üçüncüsü, çağırış yaşının qeydə alınması və sənədləşdirilməsi ilə bağlı ortaya çıxan problemlər. Bu məqalənin maraqlı məqamlarında biri Azərbaycanda ordu quruculuğunun perspektivləri ilə bağlı proqnozların əks tapmasıdır. Hazırda isə bütün KİV-lərdə, mətbuat orqanlarında və televiziyalarda hərbi-vətənpərvərlik məsələlərinə geniş yer verilir. Yəni bu ənənə bu gün daha geniş şəkildə təbliğ olunur.
Lakin Azərbaycanda hərbi jurnalistlərin peşəkarlığının artırılması məsələsi bir qədər diqqətdən kənarda qalıb. Ölkənin iki əsas məqsədi: torpaqların işğaldan azad olunması və hərbi islahatların uğurla həyata keçirilməsi, sözsüz ki, informasiya təbliğatının düzgün qurulmasından çox asılıdır. Bunun üçün isə müstəqil, vətənpərvər, hərbi sahədə bilikli və təcrübəli jurnalistlər yetişdirilməlidir. Buna nail olmaq üçün ilk növbədə mətbuatda hərbi sahədə yazan jurnalistlərin ixtisaslaşması işinə başlanılmalıdır. Bu gün bir sıra KİV-lərdə jurnalistlər həm mədəniyyətdən, həm siyasətdən, həm sosial sahədən, həm də ordudan yazırlar. Lakin, ordu xüsusi bir sahəni təşkil etdiyinə görə, bu sahədən yazan jurnalistlər üçün xüsusi hazırlıq lazımdır. Bu səbəbdən istər hərbi, istərsə də mülki ali məktəblərdə hərbi jurnalistika fakültələrinin yaradılması zəruridir. Bu fakültələrdə xidmətdə və ehtiyatda olan hərbçilər, media ekspertləri, beynəlxalq mütəxəssislər dərs deməlidirlər. Eyni zaman, güc strukturları tərəfindən praktik fəaliyyətdə olan jurnalistlər üçün daimi qısamüddətli illik kursların keçirilməsi vacibdir.
Gənclərin hərbi-vətənpərvər ruhda böyüməsində düşərgələrin də böyük rolu var. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı, Qəbələ, Gəncə, Şəki, Lənkəran, Masallı və digər rayonlarda düşərgələr yaradılır.
Qarabağ veteranları, şəhid ailələrinin övladları üçün nəzərdə tutulan belə düşərgələrdə yeniyetmə və gənclər müxtəlif yarışlarda iştirak edirlər. Gənclərin düşərgələrə yollanmasında əsas məqsəd onların hərbi biliklərinin artırılması, hərbi-vətənpərvər ruhda böyüməsi və fiziki sağlamlıqlarının möhkəmləndirilməsini təmin etməkdir.
Belə düşərgələrdə yeniyetmə və gənclərin Qarabağ müharibəsi veteranları ilə görüşü təşkil edilr, hərbi-vətənpərvərliklə bağlı mühazirələr oxunur. Gənclərin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün "Şahin”, "Cəsurlar” hərbi-idman oyunlarının keçirilməsi çox önəmli məsələlərdən biridir. Müharibə şəraitində olan ölkəmiz üçün belə düşərgələrin təşkil edilməsi gənc nəslin vətənpərvər ruhda yetişməsi çox önəmlidir.

Azər Əlizadə

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.