Argentina millisi dünya çempionatının finalına vəsiqə qazandı

Argentina millisi dünya çempionatının finalına vəsiqə qazandı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ilk finalçısının adına aydınlıq gəlib. Bu yarımfinalda Xorvatiya millisini 3:0 hesabı ilə məğlub edən Argentina millisidir. "Lusail” stadionunda oynanılan matçda hesabı 34-cü dəqiqədə cənubi amerikalıların ulduz futbolçusu Lionel Messi açıb. 35 yaşlı forvard rəqib qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib -1:0. Beş dəqiqə sonra argentinalı futbolçu Xulian Alvares fərqlənməklə komandasının üstünlüyünü iki topa çatdırıb. Oyunda sonuncu qol isə 69-cu dəqiqədə vurulub. Lionel Messinin ötürməsini məntiqi sonluqla yekunlaşdıran Xulian Alvares hesabı 3:0 edib. O, həmçinin fərqlənməklə dubla imza atıb. Beləliklə, rəqibini böyük hesabla məğlub edən Argentina komandası mundialın ilk finalçısı olub.

Cənubi amerikalıların finaldakı rəqibi bu gün keçirilən Mərakeş – Fransa cütünün qalibi olacaq.