Ağırlıqqaldıranlar ölkə kubokunda bir araya gəliblər

Ağırlıqqaldıranlar ölkə kubokunda bir araya gəliblər

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan kuboku yarışı keçirilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərin yüzdən çox atleti gücünü sınayıb. Yarışa 25 qadın idmançı qatılıb. Bu da Azərbaycan ağır atletikası tarixində bir ilkdir. Onlar həm müxtəlif çəki dərəcələrində, həm də mütləq qalibi müəyyən ediblər. Öz çəki dərəcələrində Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Fazilə İmanova, Ayişə Əliyeva, Fidan Mirzəzadə, Rahilə Hüseynzadə, Leyla Məhərrəmova və Elnarə Rəşidova qızıl medallara layiq görülüblər.

Qadınlar arasında mütləq qalib – yarışın “Ən güclü qadın idmançı” adını 222,15 Sinkleyr xalı ilə Lənkəran təmsilçisi Rahilə Hüseynzadə qazanıb və ona ölkə kuboku təqdim edilib.

Qadınların komanda hesabında 115 xal toplayan Sumqayıt birinci, 126 xal toplayan Qazax ikinci, 67 xal toplayan “Bakı-Herkules” komandası isə üçüncü yeri tutub.

Kişilərdə öz çəki dərəcələrində Amin Osmanov, Turan Əliyev, İsa Rüstəmov, Ömər Cavadov, Füqan Əliyev, Sənan Mirzəyev, Elşən Şərifov, Əli Şükürlü, Dadaş Dadaşbəyli və İsmayıl Qurbanov qızıl medal qazanıblar.

Kişilər arasında mütləq qalib – yarışın “Ən güclü kişi idmançı” adına 393,93 Sinkleyr xalı ilə Qobustan təmsilçisi Dadaş Dadaşbəyli sahib çıxıb.

Kişilərin komanda hesabında 216 xal toplayan Qazax idmançıları birinci olub. Goranboy 182 xal yarışı ikinci, Qobustan isə 160 xalla üçüncü pillədə başa vurublar.

Komandalar tutduqları yerə uyğun olaraq Azərbaycan kuboku ilə təltif olunublar.

Yarışın təşkilində məqsəd ölkənin ağırlıqqaldırma üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidverici ağırlıqqaldıranlardan ibarət əsas və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçmək olub.