“Vətənpərvərlik mövzusunda yazılan mahnılar gənclərdə vətənə sevgi hissini gücləndirir”

“Vətənpərvərlik mövzusunda yazılan mahnılar gənclərdə vətənə sevgi hissini gücləndirir”

Gənclər cəmiyyətin ən fəal və aparıcı təbəqəsi hesab olunurlar. Onların fiziki və mənəvi cəhətdən sağlam formalaşması, vətənpərvər ruhda tərbiyəsi Azərbaycan dövlətinin hər zaman diqqətindədir. Sevindirici haldır ki, bu gün ölkə gənclərinin əsas hissəsi öz sağlamlığını qorumaq üçün idman ocaqlarına üz tutur. Gənclərimiz idmanla həvəslə məşğul olmaqla həm sağlamlıqlarını təmin edir , həm də ölkəmizin adını uca tuturlar. Beynəlxalq yarışda qalib gəlmiş idmançımızın şərəfinə himnimizin səsləndirilməsi, bayrağımızın ucaldılması hər birimizdə qürur hissi yaradır. Himn, marş üslubunda yazılan mahnılar isə idmançılara hər zaman mənəvi güc, ruh verir. Psixoloqlar və məşqçi müəllimlər də musiqinin idmançılara yüksək ruh verdiyini təsdiq edirlər. Şübhəsiz ki, vətənpərvərlik ruhunda yazılan mahnıların da xüsusi yeri var. Bu mahnılar insanlarda vətənpərvərlik hisslərini gücləndirir. Belə mahnıları dinləyən gənclərin qəlbində vətən sevgisi kök salır.

Elə mahnılar var ki, onlar insanı uzun müddət öz təsirində saxlayır. Belə mahnıların bəstəkarı, ifaçısı isə hər zaman xatırlanır, sevilir. Həmsöhbətimiz belə bəstəkarlardan biri, vətənpərvərlik mövzusunda yazdığı mahnılarla tanınan, səmimiyyəti , insanlığı ilə sevilib-seçilən 80 yaşlı bəstəkar, professor Ramiz Mirişlidir.
Qeyd edək ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin müxtəlif janrlarına müraciət edib. O, operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik suitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün suita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilər yazıb. Ancaq onu bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bu mahnılar arasında vətənpərvərlik ruhunda yazılanlar da kifayət qədərdir. Ramiz Mirişlinin yazdığı xeyli sayda mahnı məhz vətənpərvərliyə aiddir.
Ümumilikdə 700-dən çox mahnı müəllifi olan Ramiz müəllim söhbərtimiz zamanı vətənpərvərlik mahnılarını böyük həvəslə yazdığını dedi. O qeyd etdi ki, belə mahnılar dinləyicilərin milli mənlik şüurunu formalaşdırır, insanlarda, əsasən də gənc nəsildə vətənpərvərlik hissini gücləndirir. Söhbətimiz zamanı bəstəkar bizə vətənpərvərlik mahnılarının gənc nəslə təsirindən, özünün idmana olan münasibətindən və şəxsi həyatından bəhs etdi. Səmimi söhbətimizi oxuculara təqdim edirik.

- Ramiz müəllim, sizi dillər əzbəri olan mahnıların müəllifi kimi tanıyır və o mahnıları, uzun illərdir, sevə-sevə dinləyirik. Yazdığınız mahnılar arasında vətənpərvərlik mövzusunda olanlar da az deyil.

- Bir bəstəkar kimi sevinirəm ki, yazdığım mahnılar sevilir və bu gün də dillərdən düşmür. Onların arasında vətənpərvərlik ruhlu mahnılarım da az deyil. "Əsgər andı”, "Azərbaycan, dünyam mənim”, "Sərhədçilər marşı”, "Əsgər haqqında ballada”, "Vətən harayı” və s. mahnılarım bu silsilədəndir. Bildiyiniz kimi, bir çox mahnılarım da var ki, onlar müxtəlif mövzulara həsr olunub.
Hər zaman poeziyaya, musiqiyə böyük marağım olub. Yazıb-yaratmaq hissi ilə yaşamışam. Yaradıcılığımda vətən mövzusuna heş vaxt biganə qalmamışam. Hesab edirəm ki, hər bir insanın ürəyində vətəninə məhəbbət olmalıdır. Əgər bu hiss yoxdursa, o insanın nə dilinə, nə də torpağına olan sevgisindən söhbət gedə bilməz. Vətənpərvər ruhda yazılan şeirlər, mahnılar , çəkilən filmlər, tamaşalar insanların qəlbində sanki bir təlatüm yaradır və bu, vətən məhəbbətinin yaranmasına səbəb olur. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bu amillərə diqqət yetirmək lazımdır. Çünki milli ruhda olan hər bir əsər gənclərin yaddaşına yazılır və onun bütün həyatını əhatə edir. Odur ki, uşaqları kiçik yaşlarından vətənpərvərlik mövzusunda yazılan əsərlərin əhatəsində böyütmək, tərbiyə etmək lazımdır. Yazdığım vətənpərvərlik mahnıları ilə ürəyimdəki vətənpərvərlik hisslərini dilə gətirmək istəmişəm. Çalışmışam ki, mən də ölkəmə olan sevgimi tərənnüm edim və bu mahnılar gənclərə müsbət təsir edərək, onlarda vətənpərvərlik hissini gücləndirsin. Bir bəstəkar kimi doğma Azərbaycanımıza olan sevgimi notlara köçürmüşəm.

- Vətənpərvərliyi nədə görürsünüz?

- Məncə, bu, böyük məhfumdur. Vətənpərvərlik elə-obaya, xalqına, doğma torpaqlarına sevgi ilə yanaşmaq deməkdir. Vətənini canından əziz tutan hər bir insan vətənpərvərdir. Sevinirəm ki, dövlətimiz bu sahədə lazımi tədbirlər həyata keçirir, ordumuzun əsasını təşkil edən gənclərimizin vətənpərvərlik tərbiyəsinə diqqətlə yanaşır. Şübhəsiz ki, bu tərbiyə ailədən, məktəbdən başlayır. Gənclərimizin hələ orta təhsil illərindən başlayraq ordu sıralarında xidmətə hazırlanması, müasir döyüş təliminə bacarıqla yiyələnməsi Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək mühüm məsələdir. Fəxr edirik ki, bu gün ölkəmizin gənc nəsli vətənpərvər ruhda yetişməkdədir. Müharibə şəraitində yaşadığımız bir dövrdə , bu, böyük əhəmiyyət kəsb edir. Gənclərimiz milli ruhda tərbiyə olunurlar. Onlar milli dəyərlərimizi, milli ənənələrimizi, yaxşı bilir və qoruyurlar. Qeyd etdiyim kimi, bir bəstəkar kimi, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan oğullarımıza mahnılar həsr etmişəm ("Əsgər haqqında ballada”, "Əsgər andı” və.s). İstəmişəm ki, bu yolla gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə , az da olsa, kömək edim.

- Ramiz müəllim, vətənpərvərliklə bağlı aparılan təbliğat işləri sizi qane edirmi?

- Şübhəsiz ki, vətənpərvərlik hissinin formalaşmasında təbliğatın böyük rolu var. Bu iş bütün sahələri əhatə etməlidir. Xüsusən, orta məktəblərdə təbliğata geniş yer verilməlidir. Düzdür, məktəblərdə bu məsələyə ciddi yanaşılır. Qarabağ döyüşlərində şəhid olan igidlərimizin qəhrəmanlığını əks etdirən xatirə lövhələrinin yaradılması, torpaqlarımızın azadlığı uğrunda canlarını əsirğəməyən oğullarımız barədə ətraflı məlumatların verilməsi ən böyük vətənpərvərlik təbliğatıdır. Məncə, milli qəhrəmanlarımız barədə filmlərin, verilişlərin çəkilməsi də təbliğat vasitəsidir. Məsələn, xalqımızın cəsur oğlu Mübariz İbrahimov haqqında çəkilən yaxşı bir film Azərbaycan gəncliyinə nümunə ola bilər. Ümumiyyətlə, Qarabağ döyüşlərindən bəhs edən filmlərgənclərimizin milli ruhda tərbiyəsinə öz təsirini göstərməyə bilməz. Mübariz İbrahimov öz igidliyi ilə bütün gəncliyə mesaj verdi. O, azğın düşmənə sübut etdi ki, bu yurdun igid oğulları hər zaman olub və olacaq. Mübariz kimi oğullarımız gənc nəsil üçün bir örnəkdir. Belə igidlərin atdığı cəsarətli addım cəmiyyətimizdə vətənpərvərlik hisslərinin güclənməsinə səbəb oldu. Bu cür qəhrəmanlıq nümunələri gənclərimizi daha da ruhlandırır. Xalqımız torpaqlarımız uğrunda şəhid olan övladlarımızı daim qəlbində yaşadacaq.

- İdmana maraq göstərmisiniz?

- Mənim idmana həmişə marağım olub. Kiçik yaşlarımda məhəllə uşaqlarına qoşulub futbol oynayardım. Məktəbli olarkən idman dəsrlərini çox sevərdim. Turnikdə dartınmaq, uzunluğa tullanmaq çox xoşuma gəlirdi. Futbola olan məhəbbətim isə indi də var. Gənclik illərimdə "Neftçi” -nin azarkeşi idim. Tanışlarla, dostlarla yığışıb stadiona futbola baxmağa gedərdik. Böyük həyəcanla azarkeşlik etdiyimiz klubun oyununu seyr edərdik. O zamanlar futbola böyük maraq var idi. Elə indi də gənclərin futbola böyük marağı var. Hazırda futbol komandalarımızın sayı da çoxdur. Gənclərimiz istədikləri idman növü ilə məşğul ola bilirlər. İdmançılarımız üçün hər bir şərait yaradılıb. Onlar vətənimizi layiqincə təmsil edir, himnimizi səsləndirir, bayrağımızı dalğalandırırlar. Bu isə gənclərin vətənə olan məhəbbət hisslərini daha da gücləndirir. Onlar ölkəmizi beynəlxalq arenalarda təmsil etməklə yanaşı, həm də sağlam həyat sürürlər.

- Yeri gəlmişkən, hazırda sağlamlığınızın qayğısına necə qalırsınız? Hər zaman gümrah görünməyinizin sirri nədədir?

- Çalışıram ki, hər gün, az da, olsa idman hərəkətləri edim. Bundan başqa, təmiz havada gəzməyi də sevirəm. Gəzintinin və yüngül tempdə qaçışın insan orqanizmi üçün nə qədər faydalı olduğunu bilirəm. Pəhriz saxlamağa, az yeməyə də diqqət yetirirəm. Ürəyimdə cərrahiyyə əməliyyatı aparıldıqdan sonra sağlam həyat tərzi keçirməyə daha çox səy göstərirəm.

- Sizcə, vətənpərvərlik hansısa bir peşə sahibi olmağı tələb edirmi?

- Əvvəlcə onu deyim ki, hansı sənətin sahibi olmağımızdan asılı olmayaraq, gərək öz işimizi ürəkdən sevək. Bəstəkar olmaq, insanların könlünə yol tapan nəğmələr yazmaq çətindir. Çünki 5-10 nəfər yox, minlərlə, milyionlarla insan əsərlərimə qulaq asır. Bu baxımdan, insan həm də məsuliyyət daşıyır. Bir tərəfdən də bəstələdiyin mahnılar rəngarəngliyi ilə seçilməlidir. Bu da asan iş deyil. Mən hər zaman çalışmışam ki, mahnılarım bir-birinə oxşamasın. Lirik mahlarla bərabər, vətənpərvərlik mövzusunda yazdığım mahnılar da az olmayıb. İstəmişəm ki, insanların ruhunu, könlünü oxşaya bilim. Vətənpərvərlik mahnılarına hər zaman ehtiyac olub. Çünki hər evdə, hər ailədə hərbi xidmətə gedən, vətənini qoruyan oğullar var. Bu ailələr vətənpərvərlik mahnlarını dinləyəndə əsgər balalarını, hərbi xidmətdə olan dost-tanışlarını xatırlayırlar. Milli ruhda yazılan mahnılar gənclərdə vətənə sevgi hissini formalaşdırır. Bundan başqa, belə mahnılar həm də insana cəsarət, mərdlik hissləri aşılayır. Təəssüf hissi keçirirəm ki, belə mahnılar bu gün efirlərdə, radiolarda çox az səslənir. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Vətənpərvərlik mahnılarına bu gün hər zamankından daha çox ehtiyacımız var. Belə mahnıların sədaları altında böyüyən gənclər daha da vətənpərvər olurlar. Sualın cavabına gəlincə isə deyim ki, vətənpərvər olmaq üçün mütləq hansısa peşəyə yiyələnmək vacib deyil. Ürəyində vətənə məhəbbət hissi olan hər kəs vətənpərvər insandır.

- Bildiyimizə görə, ümummilli lider Heydər Əliyevə həsr olunmuş bir necə mahnı yazmısınız.

- Bəli, mən ulu öndərimizə bir neçə mahnı həsr etmişəm. " Məşəl kimi yanan ürək”, " Heydər ata”, "Adın şöhrət-şan yerimiz” və diğər mahnılarım məhz ulu öndərin şərəfinə yazılıb. Xöşbəxt insanam ki, bu dahi şəxsiyyətlə dəfələrlə görüşmüşəm. Onunla müxtəlif yerlərdə, tədbirlərdə olmuşam. Bilirsiniz, Heydər Əliyev əsl vətənpərvər idi. O, doğma Azərbaycanımızı ürəkdən sevirdi. Gənclərlə görüşlərində əsas söhbəti məhz vətənpərvərlik mövzusunda qururdu. Ümummilli lider bütün sahələrə diqqət göstərirdi. Azərbaycanın bugunkü inkişafının kökündə həmin qayğı dayanır. Heydər Əliyev respublika gənclərinin fiziki və mənəvi sağlamlığına, ordumuzun qurulmasına ən vacib amil kimi baxırdı. Bunu yalnız doğma vətənini sevən, onun hər qarış torpağını müqəddəs bilən şəxsiyyətlər edər. Ulu öndərin vətən sevgisi , yurd-yuvamıza bağlılığı bizim hər birimizə örnəkdir. Yəni vətənpərvərliyi Heydər Əliyevdən öyrənmək lazımdır. Fəxr edirəm ki, belə bir dahi şəxsiyyətə, vətənpərvər insana, bütün varlığı milli ruhdan yoğrulmuş əvəzsiz liderə mahnılar həsr etmişəm. Bu mahnılar tanınmış müğənnilər tərəfindən ifa olunur, xalqımız tərəfindən sevilir.

- Vətənpərvər ruhda yazılan xeyli mahnılarınız var. Yəqin ki, belə mahnıların müəllifi ürəyində vətən sevgisi daşıyan müəllimlərdən dərs alıb.

- Düz deyirsiniz. Mən Azərbaycan simfonik musiqisinin banisi hesab olunan,doğma yurduna bağlılığı ilə seçilən Cövdət Hacıyevdən dərs almışam. O, simfoniyanın təməl daşını qoyanlardandır. Azərbaycan musiqisini dünyada şöhrətləndirən Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov kimi bəstəkarlar sözün əsl mənada vətənpərvər insanlar idi.

- İdmana həsr etdiyiniz himn barədə danışardınız.

- İdmanla bağlı bir neçə mahnı yazmışam, lakin son yazdığım idmanla bağlı himndir. Himnin sözləri gözəl şairimiz Fikrət Qocaya aiddir. Əsəri 4 müğənni ifa edib. İstəyirik ki, mahnıya klip çəkdirək. Zənnimcə, klip çəkildikdən sonra bu himn gənclər tərəfindən daha çox seviləcək. Mənim də gənc nəsil üçün əlimdən gələn budur. Cəncləri idmana cəlb etmək ən faydalı işlərdən biridir. İdman sağlamlığın təməlidir. İdmanla peşəkar şəkildə məşğul olanların səsi yüksəklərdən gəlir. Onlar ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edir, Azərbaycanımızın bayrağını dalğalandırırlar.

- Yəqin ki, sənət aləmində olduğu kimi, idman aləmində də dostlarınız var.

- Mənim bütün sahələrdə tanışlarım var. Əlbəttə ki, idmançılar arasında da onlar az deyil. İdmançılar şərəfli işlə məşğul olurlar. Onlar haqqında yazmaq, onları cəmiyyət arasında tanıtmaq da idman jurnalistlərinin işidir . Bu baxımdan " Olimpiya dünyası” qəzetinin əməkdaşlarını yüksək qiymətləndirirəm. Siz bu zəhmətkeş və vətənpərvər insanlar barəsində yazır, onlarla bağlı maraqlı müsahibələr, fotosessiyalar hazırlayır və bununla idmanın inkişafına xidmət edirsiniz.

- Maraqlıdır, idmanı sevən və idmanla bağlı mahnılar yazan bəstəkarımız idman yarışlarını, Olimpiya oyunlarını izləyirmi?

- Olimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılarımızın çıxışlarını çalışıram ki, izləyim. Qalib gələn, medal qazanan və ən əsası, bayrağımızı əcnəbi ölkələrdə dalğalandıran idmançılarımızla qürur duyuram. Ötən il Londonda keçirilən Olimpiya oyunlarında idmançılarımız iki qızıl medal qazandılar. Ümumilikdə , Londonda 10 medal əldə etdik. Bu, Azərbaycan idmanının inkişafı deməkdir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizim fərəhimizdir. Onu da qeyd edim ki, ölkəmizdə yaxşı güləşçilər çoxdur. Güləş bizim qədim idman növlərindəndir. Digər idman növlərində də nailiyyətlərimiz çoxdur. Lakin pəhləvanlıq əsl kişi idmanıdır. Ölkəmizdə adlı-sanlı idmançıları var. Onlıarın sayı getdikcə artmaqdadır. Ömürlərini bu şərəfli işə verən idmançılarımız həm öz sağlamlıqlarına, həm də respublikamıza xidmət edirlər. Hər kəs çalışmalıdır ki, öz işi ilə ölkəsinə xidmət etsin. Hansı sahənin nümayəndəsi olmağımız, azərbaycanlı olduğumuzu unutmamalıyıq. İdman həm fiziki, həm də mənəvi cəhətdən insanlara müsbət təsir edir. Bu da nəticədə sağlam cəmiyyətin formalaşmasına gətirib çıxarır.

- Ramiz müəllim, bəs xoşbəxtliyi nədə görürsünüz?

- Mən səmimiyyətdə, sadəlikdə, mehribanlıqda tapmışam xoşbəxtliyimi. Gərək insanın ürəyi geniş olsun. Dedi-qodu, qiybət insanı qocaldan əməldir. Belələrini Allah da sevmir. Mən bəstəkaram. Əgər mahnılarım sevilir və dinlənilirsə, mənim üçün bundan böyük xoşbəxtlik yoxdur. Xoşbəxt olmaq üçün Allahın verdiklərinə şükür etmək lazımdır. Ehtiyacı olan insana hər hansı bir köməyi edəndə mən özümü çox rahat hiss edirəm. İnsan başqasına yox, yalnız özünə pislik edir. Yaxşı insan pislik edə bilmir. Bağışlamağı da bacarmaq lazımdır. Kin saxlamaq da insanı tez qocaldır. Cavan və xoşbəxt olmağın yolu saf və təmiz ürəkdən keçir. Bunlar hamısı şərtdir. Əgər vətənimi sevirəmsə, vətənim məni sevirsə, deməli, xoşbəxtəm. Unudulmaz şairimiz Məmməd Arazın belə bir misrası var:
Vətən mənə oğul desə, nə dərdim?
Mamır olub qayasında bitərdim.
Məncə, vətənin: "Oğul”, - dediyi hər bir insan özünü xoşbəxt saya bilər.

- Bu gün ölkəmiz beynəlxalq arenada idman ölkəsi kimi tanınır . İdmançılarımız beynəlxalq yarışlarda, Olimpiya və paralimpiya oyunlarında vətənimizi layiqincə təmsil edirlər. 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi də məhz ölkəmizin taleyinə yazılıb. İdman mahnıları yazan bir bəstəkar kimi onlara nə arzu edərdiniz?

- Mən arzu edirəm ki, Azərbaycan daim idman ölkəsi kimi tanınsın, idmançılarımız bütün idman növləri üzrə çoxlu sayda medallar , uğurlar qazansınlar. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi sevindirici haldır. Bütün dünyanın diqqət mərkəzində olmaq bizim üçün vacibdir. Təbii ki, bu, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir. Ölkə rəhbərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, bütün sahələrə diqqət göstərilir. Lakin idman sahəsi bu gün ən çox inkişaf edən sahələrdəndir. Mən bir vətəndaş, idmansevər insan kimi bu inkişafdan qürur duyuram. Paytaxtımızda və bölgələrdə tikilən idman kompleksləri, stadionlar, fəaliyyət göstərən idman ocaqları bu inkişafa xidmət edir. İdmançılarımız bu fürsətdən lazımınca yararlanırlar. Bütün bunlar gənc nəslin sağlam böyüməsinə, onların fiziki və mənəvi cəhətdən güclü formalaşmasına xidmət göstərir. Hər kəs idmanın kütləviləşməsi və inkişafı üçün əlindən gələni etməlidir. Mən bir bəstəkar kimi vətənpərvərlik ruhunda yazdığım əsərlərlə insanların, əsasən, gənc nəslin milli ruhda böyüməsinə xidmət göstərməyə çalışmışam. Ümumiyyətlə, milli ruhda yazılan bütün mahnılar, şeir və poemalar, tamaşa və filmlər cənc nəslin milli mənlik şüurunu formalaşdırır, onların vətənpərvər böyüməsinə xidmət edir. Bu gün ölkəmizin belə sürətlə inkişaf etməsindən qürur duyuram.

Jalə Rzabəyli

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət 
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.