Zemfira Meftaxetdinova: “Mənim üçün ən böyük hədiyyə ətrafımdakı insanların ünvanıma dediyi xoş sözlərdir”

Zemfira Meftaxetdinova: “Mənim üçün ən böyük hədiyyə ətrafımdakı insanların ünvanıma dediyi xoş sözlərdir”

Ölkəmizdə qadınlar ictimai-siyasi proseslərdə həmişə fəallıq nümayiş etdiriblər. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu yüksəlib, fəaliyyətləri daha da genişlənib. Bu gün zərif cinsin güclü nümayəndələrinə dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə rast gəlirik. Onlar bu etimadı layiqincə doğrulda bilirlər. Azərbaycan qadınları dünyanın ən mötəbər idman yarışlarında ölkəmizi təmsil edirlər. Onların sorağı dünya və Avropa çempionatlarından, Olimpiya oyunlarından gəlir. Məlumdur ki, idmanda ən uca zirvə Olimpiya çempionu tituludur. Bu titula yiyələnən azərbaycanlı idmançılarımız qürur mənbəyimiz sayılırlar. Onların arasında xanımlarımızın da adlarına rast gəlirik. Lakin müstəqillik əldə etdikdən sonra idmanda bu ali titula hələ ki, bir qadın idmançımız yiyələnib. O, stend atıcılığı üzrə Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Zemfira Meftaxetdinovadır. Bir neçə gün əvvəl “Şöhrət” ordenli, “Tərəqqi” medallı, “Vətən uğrunda” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinovanın 60 yaşı tamam oldu. Yubiley münasibətilə Zemfira xanımla görüşüb, səmimi söhbət etdik. Hər zaman səmimi, iddialı və pozitiv olan müsahibimiz ona ünvanlanan suallarımızı da özünməxsus tərzdə  cavablandırdı.

 
- Zemfira xanım, bu günlərdə yubiley yaşınızı qeyd etdiniz. Ötən illər ərzində böyük nailiyyətlər əldə etmisiniz. Lakin bu uğurların ərsəyə gəlməsi yəqin ki, asan başa gəlməyib. İstərdik ki, keçdiyiniz mənalı ömür anlarını bizimlə bölüşəsiniz.      

- Məni tanıyan hər kəs bilir ki, həmişə həyatım idmana bağlı olub. Bu yolu seçdiyimə görə hər zaman Allaha şükür etmişəm. Mənə müsahibələrdə tez-tez sual verirlər ki, yenidən həyata gəlsəydiniz idmanı seçərdinizmi? Cavabım isə heç düşünmədən, bəli olub. Çünki bu yolu addımlayarkən biri-birindən maraqlı, yaddaqalan anlar yaşamışam. İdmana gələndə heç vaxt düşünməmişdim ki, nə vaxtsa, Olimpiya çempionu ola bilərəm. Mütəmadi olaraq məşqlər edir, yarışlara qatılırdım. Sonra Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna  daxil oldum. İdmançı karyeramda dünya, Avropa və Olimpiya çempionu adına sahib çıxdım. Onu da deyim ki, həyatda heç nəyi asanlıqla əldə etməmişəm. Çətinliklə, zəhmətlə bu pilləyə gəlib çatmışam. İstəklərim həyata keçməyəndə çox narahat olurdum. Yadıma gəlir ki, 1998-ci ildə Misirdə təşkil olunan Dünya kubokunda rekord müəyyənləşdirsəm də, yer tuta bilmədim. Bu, mənim üçün çox böyük zərbə oldu. Təxminən yarım il özümə gələ bilmədim, uğursuzluğun nəyə görə olduğunu götür qoy etdim. Amma bu idmandır və hər şey ola bilər. Sonradan Sidney Olimpiadasında iştirak hüququ qazandım və Olimpiya çempionu tituluna sahib olaraq, mənə bəslənən ümidləri doğrultdum. Bir sözlə, həyatımda hər şeyi idmanın sayəsində əldə etmişəm. Etiraf edirəm ki, çox maraqlı həyatım olub. Mənə olan diqqət və qayğıya görə, ilk növbədə cənab Prezidentimiz İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm.

- Bu il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd olunur. Dahi şəxsiyyət hər bir sahəyə böyük diqqət göstərirdi. O, idman sahəsinə də qayğısını əsirgəmirdi. Azərbaycan idmançıları və idman mütəxəssisləri onu xoş xatirələrlə yad edirlər. Siz də dəfələrlə ümummilli liderlə görüşmüsünüz. Bu görüşləri necə xatırlayırsınız?

- Ümummilli lider Heydər Əliyevlə o vaxt keçirdiyimiz görüşlər hər bir idmançı üçün böyük şərəf idi. Ulu öndərin əlindən “Şöhrət” ordenini və “Tərəqqi” medalını almaq həyatımın ən unudulmaz anlarından biridir. Ümummilli liderlə ilk dəfə 1995-ci ildə görüşmüşəm. Bakı İdman Sarayında keçirilən tədbirdə “Tərəqqi” medalı ilə təltif olundum. Bundan sonra isə Olimpiya İdman komplekslərinin açılış mərasimlərində üç dəfə ulu öndər Heydər Əliyevə gül dəstəsi vermək mənə nəsib olub. O, biz idmançılara çox diqqətlə yanaşırdı. Onunla görüşlərin hər biri bizim üçün bir stimul idi. Bu görüşlərdə insan həyəcandan özünü itirirdi. Həmin anlar fotoobyektivin yaddaşına həkk olunub. Bu gün o şəkillərə və kadrlara baxarkən duyğulanıram. Düşünürəm ki, necə oldu ki, həyatımda belə gözəl anlar baş verdi?

 
- İstərdik bir qədər də sizin timsalınızda qadının cəmiyyətdəki rolu barədə danışaq.

- Qadınlar cəmiyyətdə hər şeyə qadirdirlər. Onlar hər işin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Buna misal olaraq bizim ən gözəl nümunəmiz Mehriban xanım Əliyevadır. O, həm gözəl həyat yoldaşı, həm, ana, həm nənə, həm də Birinci vitse-prezidentdir. Beynəlxalq aləmdə də böyük nüfuza malikdir.  
2015-ci ildə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin sədri vəzifəsinə təyin ediləndə bu iş mənim üçün bir yenilik oldu. Buna qədər heç vaxt belə bir işlə məşğul olmamışdım. Belə bir vəzifəyə təyin olunmaq məsuliyyətimi bir qədər də artırdı. Amma mən bu işdə tək deyildim. Kollektiv hər zaman məni dəstəkləyirdi. Ətrafımda özümə qarşı hər zaman diqqət və qayğı görmüşəm. Fürsətdən istifadə edib, rəhbərliyə və mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.
Bundan başqa 2021-ci ildə Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti seçildim. Bu etimad mənim üçün böyük şərəfdir. Mənə göstərilən etimada görə hər kəsə minnətdaram.

- Bəs cəmiyyətdə xüsusi rolu olan Zemfira xanım ailədə necədir?

- Qadın dediyim kimi, həm evdə, həm də işdə hər işi bacarmalıdır. O, öz evinin xanımı olmalıdır. Əgər məni nəzərdə tutursunuzsa bəli, mən evdə yoldaşıma və uşaqlarıma xüsusi diqqət ayırıram. Evləri də yığışdırıram, yemək də bişirirəm. İşdə isə öz işlərimi görürəm. Bir sözlə, çalışıram ki, bütün işlərimin öhdəsindən gəlim.
 
- Zemfira xanım, Sizin tərcümeyi halınıza nəzər saldıqda orada  dəfələrlə dünya, Avropa çempionatlarının və Olimpiya Oyunlarının medallarını görmək olar. Bu mükafatlar isə hazırda sizin evinizdədir. Maraqlıdır, gün ərzində həmin medallara neçə dəfə baxırsınız?

- Medallarım evimizdə qonaq otağındadır. Əvvəllər hamımız medalları divarda xalçadan asırdıq. Amma indi heç kim divara xalça asmır. Medallarım üçün evdə guşə düzəltmişəm. Onları Olimpiya halqalarını özündə ehtiva edən həmin guşədən asmışam. Kuboklarım da evdə qonaq otağındadır. Evə gələn qonaqar həmin medalları və kubokları asanlıqla görə bilirlər. Bu, gələn qonaqlar üçün artıq adi bir haldır. Gün ərzində evləri yığışdıranda onları silib, əzizləyirəm. Medallarıma hər dəfə sevinclə, qürurla baxıb, deyirəm ki, afərin, nə qədər medalım var. Onların arasında SSRİ kubokunun mükafatları da yer alıb. Qeyd edim ki, mən üç dəfə SSRİ kubokunun qalibi, üç dəfə isə SSRİ çempionatında üçüncü yerə sahib çıxmışam. Belə bir yarışda üç dəfə mükafatçı olmaq böyük bir nailiyyətdir. Onları da dünya, Avropa və Olimpiya medallarımın yanından asmışam.

- Maraqlıdır, atıcılıqla məşğul olan idmançılar digər idman növləri ilə də məşğul olurlarmı?

- Atıcılıqla 12-13 yaşından məşğul olmaq lazımdır. Atıcılığın özünəməxsus xüsusiyyətləri var. Əgər fikrin yayınırsa, bu səndə alınmayacaq. Bütün fikrini bir yerə cəmləməlisən. Həm atıcılıq, həm də güləşlə məşğul olmağı düşünürsənsə, bu yanlış addım olar. Əvvəlcə onu deyim ki, güləş, karate növləri ilə müqayisədə atıcılıqda fiziki hazırlıq fərqlidir. Güləşlə məşğul olanlarda əzələlər bərk, atıcılarda isə elastik olmalıdır. Atıcılıq idman növü üçün əsasən, üzgüçülük məşqləri lazımdır. Bizim idman növü üçün ağırlıq qaldırmaq, qaçış hərəkətləri etməyə ehtiyac yoxdur. Atıcılıq üçün səbr, iradə və dözüm lazımdır. Fikrimcə, bir növü seçmək lazımdır. Əks halda nəticə əldə etmək mümkün olmayacaq.

- Zemfira xanım, nə vaxtsa, ovda olmusunuz?

- Bəli olmuşam. Amma heç vaxt ovu və quşları tələf etməyi sevməmişəm. Yadıma gəlir ki, uşaq vaxtı məni ova aparmışdılar. Dedilər ki, sən qayıqdan tüfənglə atarsan. Düzü, bilmirdim qayıqda öz tarazlığımı saxlayım, ya hədəfi nişan alım. Sonra onlara sahilə çıxmaq istədiyimi bildirdim. Amma sahildə olduğum zaman da atəş açmadım. Quşlara qıymaq istəmirdim. Məni ova aparanlar sonra dedilər ki, Zemfira atəş açıb, hədəfi vura bilmir (Gülür).
 
- Qarşıdakı illərdə daha hansı arzularınızın həyata keçməsini diləyirsiniz?

- Arzum budur ki, hər zaman idmanda qalım. Mənim işim, həyatım idmana bağlıdır. Hər zaman idmançıların əhatəsində olmuşam. İnsan nə qədər idmanla məşğul olarsa o qədər də sağlam qalar. İstəyirəm ki, idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış etsinlər. Mən də bir keçmiş idmançı kimi, onlara dəstək olum, öz təcrübəmi bölüşüm.


 
- Bu gün dünyasını dəyişən daha kimləri xatırlayırısınız ki, həmin şəxslər aramızda yoxdur, amma xatirələri qalıb?

- Təbii ki, valideynlərimi, məşqçim Hafiz Cəfərovu xatırlayıram. Hətta evdəki guşədə medallarıma baxarkən belə onun üzərimdəki əziyyətlərini yada salıram. Allah ona rəhmət eləsin. Həmişə onun tövsiyyələrini gənc nəsilə çatdırıram. O, uşaqlıqdan bir ata kimi məni dəstəkləyirdi, mənə öz övladı kimi baxırdı. Mənim məşqçim böyük bir mütəxəssis idi. O, SSRİ-nin Əməkdar məşqçisi olub. Bu heç də balaca bir ad deyil. Onun sayəsində Olimpiya çempionu adını qazanmışam. Buna görə də Hafis müəllimə hər zaman minnətdar olacağam. Hər dəfə uşaqlara Hafis müəllimin dəyərli sözlərini nəsiətlərini deyirəm. Elə sözlər var ki, həqiqətən də dəyərini itirmir.
Sözsüz ki, ulu öndər Heydər Əliyevlə bağlı xatirələr də bu gün yaddaşımda əbədi olaraq qalıb. Onun qələbələrimizə sevinməsini, bizi yarışlara yola salmasını və qarşılamasını xatıladıqca qürur hissi keçirirəm. Şəkillərə baxanda, həmin anları yada salanda kövrəlməmək mümkün deyil.
 
- Zemfira xanım, yəqin ki, ad günlərinizdə çoxlu hədiyyələr alırsınız. Sizin üçün ad günlərində ən dəyərli hədiyyə nədir?

- Etiraf edim ki, mənə qarşı xoş münasibətin olduğunu bilirdim. Amma bu qədər sevginin olduğunu bilmirdim. Gün ərzində ətrafımdakı insanlardan haqqımda o qədər xoş sözlər eşidirəm ki, bu hörməti, sevgini qazandığım üçün sevincdən ağlamaq istəyirəm. Allaha şükür edirəm ki, mən bu sevgini, hörməti, dəyəri qazanmışam. Mənim üçün ən böyük hədiyyə ətrafımdakı insanların ünvanıma dediyi xoş sözlərdir. Əlbəttə, mən də bir qadın kimi, istəyirəm ki, gül və ya hər hansı başqa bir hədiyyə qəbul edim. Amma ən böyük hədiyyə deyilən xoş sözlərdir. Bu sevgi və diqqət insanı yaşadan amillərdir.
 
- Zemfira xanım, səmimi müsahibəyə görə çox sağ olun. Sonda yubiley münasibəti ilə Sizi bir daha kollektivimiz adından təbrik edir, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

- Çox sağ olun. Minnətdaram. Mən də sizə uğurlar arzulayıram.  

 

Anar Əhmədov, 

Azər Əlizadə

Zemfira Meftaxetdinova: “Mənim üçün ən böyük hədiyyə ətrafımdakı insanların ünvanıma dediyi xoş sözlərdir”