Polşalılar mövcud idman obyektlərindən istifadə ediblər

Polşalılar mövcud idman obyektlərindən istifadə ediblər

Sabah Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Polşalıların qitə idmançılarının çıxışı üçün təqdim etdiyi obyektlər barəsində eksklüziv yazını çoxsaylı oxucularımıza təqdim edirik.        
III Avropa Oyunları zamanı yarışların əksər hissəsi Krakov şəhərində təşkil ediləcək. Polşanın yerli Təşkilat Komitəsi Krakovun mühüm idman obyektlərini Oyunlar üçün təqdim edib. Belə ki, Oyunlar zamanı Avropanın ən güclü idmançıları Henrik Reyman Bələdiyyə stadionu, “Tauron” Arena, Krakov meydanı, Krakovya Arena, Kolna İdman Mərkəzi, Krispin Su yolu, Hutnik Arena, AWF İdman Mərkəzi, “Nova Huta” gölü, Kşeşoviçe BMX və Plaszovianka Oxatma Parkında fəxri mükafatlar uğrunda yarışacaqlar. Oyunlar üçün polşalıların təqdim etdiyi idman qurğularına nəzər salarkən, görürük ki, qərbi avropalılar bu mötəbər yarış üçün yalnız əvvəlcədən mövcud obyektləri təqdim ediblər. Yəni, sırf III Avropa Oyunları üçün hər hansı bir qurğu tikilməyib. Mövcud infrastruktur qismən təmir edilərək, Oyunlar zamanı idmançıların ixtiyarına veriləcək. Həmin obyektlərin dayanıqlığı və xidməti isə Oyunlar zamanı özünü göstərəcək.
Krakovla yanaşı, Xojuv, Vrotslav, Tarnov, Kşeşoviçe, Osvençum, Noviy Sonç, Kriniça-Zdruy, Zakopane, Noviy Tarq, Ryaşev, Bielsko-Biala şəhərlərində yerləşən idman qurğuları da III Avropa Oyunlarının mübarizə səhnəsinə çevriləcək.                    
          
 
 
Henrik Reyman 
Bələdiyyə Stadionu

 
Polşada təşkil olunacaq III Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də reqbi yarışları Henrik Reyman Bələdiyyə Stadionunda keçiriləcək. Polşanın ən yaxşı futbolçularından biri olan “Visla”nın hücumçusu  Henrix Tomaş Reymanın (1897-1963) adını daşıyan 4 tribunadan ibarət olan arena 33 min 130 azarkeş qəbul edəcək. Bu stadion əsasən ölkə çempionatında iştirak edən “Visla” komandasının ev oyunlarının keçirildiyi arena kimi tanınır. Obyektin böyük üstünlüyü onun şəhərin mərkəzində “Krakov Blonia” parkının yanında yerləşməsidir.
Qeyd edək ki, UEFA tərəfindən 4-cü kateqoriyaya sahib olan stadionda daha əvvəl də bir sıra mədəni tədbirlər keçirilib. Belə ki, stadion 2012-ci ildə futbol üzrə Avropa çempionatında iştirak edən komandalar üçün məşq arenası kimi seçilib.
 
 

 


Tauron Arena
 
Bu arena Polşanın ən böyük və dünyanın ən müasir arenalarından biri hesab edilir. 2014-cu ilin may ayının 12-də istifadəyə verilən arenada müxtəlif idman, mədəniyyət və biznes tədbirləri təşkil olunub. Azarkeş tutumu 15 min nəfər olan  arenada əsasən voleybol və həndbol üzrə ölkə çempionatının yarışları keçirilir.
III Avropa Oyunları zamanı arena qitənin ən güclü qılıncoynadanlarının ixtiyarına veriləcək.
 


 
Krakov meydanı
 
Bu meydanın yaranma tarixi 1257-ci ilə təsadüf edir. Meydan şəhərin əsas mərkəzi hissəsi hesab olunur. III Avropa Oyunlarının keçirildiyi günlərdə Krakov meydanında teqbol və padel yarışları təşkil olunacaq.
 
 


 
Krakovya Arena
 
Krakovya Arena şəhərin ən müasir idman qurğularından biri hesab olunur. Arenada əsasən əlil idmançılar üçün çoxfunksiyalı məşq infrastrukturu yaradılıb. Qurğunun terrasından bütün şəhəri görmək mümkündür.
III Avropa Oyunları zamanı arena 3x3 basketbol yarışlarına ev sahibliyi edəcək. Arenanın azarkeş tutumu 1000 nəfəri əhatə edəcək.
 

            
 
Kolna İdman 
Mərkəzi

 
Avropa Oyunları zamanı kanoe slalom növü üzrə yarışlar Krakovun “Bielani Tynieç” Landşaft parkında yerləşən bu arenada təşkil olunacaq.
320 metrlik uzunluğu olan bu obyekt Polşada bu növdə yeganə idman qurğusu sayılır. Kanoe Slalom Kontinental Təlim Mərkəzi Polşa Kanoe Assosiasiyasının Olimpiya Hazırlıq Mərkəzi hesab olunur. Maraqlıdır ki, istilik sistemi və işıqlandırma ilə təchiz olunmuş dam örtüyü sayəsində burada payızdan yaza qədər ekstremal axan su şəraitində məşq etmək olur. Polşalılar fikirləşirlər ki, dünyada Kolna İdman Mərkəzinin analoqu yoxdur.
 
 


 
Krispin Su yolu


 Budzin kəndində yerləşən, uzunluğu 1,5 m, eni 400 m olan bu su yolu vaxtilə Qum mədəninin yerində yaradılıb. Krakov və ətraf ərazilərin sakinlərinin sevimli yeri olan su yolunda üzgüçülük, külək sörfinqi və kayak yarışları təşkil olunur.
III Avropa Oyunları zamanı Krispin su yolu kanoe sprint yarışlarına ev sahibliyi edəcək. Mənzərəli obyektə malik olan bu ərazidə 1400 nəfərlik tamaşaçı tutumuna malik olan tribunalar quraşdırılıb.
 
 

AWF İdman Mərkəzi
 
Krakovda Bədən Tərbiyəsi Akademiyasının bir sıra idman və tədris obyektləri mövcuddur. AWF İdman Mərkəzi də həmin obyektlər sırasında yer alıb. “Lotnikov” parkı ərazisində yerləşən bu idman mərkəzində müasir qaçış yolu, atletika stadionu, futbol meydançası, idman zalı (idman və bədii gimnastika üçün), üzgüçülük hovuzu, tədris üçün auditoriyalar yerləşir.
III Avropa Oyunları zamanı burada müasir beşnövçülük yarışıları təşkil olunacaq.
 


 


Hutnik Arena 
 
Hutnik Arena Krakovda idman və əyləncə kompleksi hesab olunur. Stadionla əhatə olunan idman qurğusunda boks zalı, süni ot örtüyü olan futbol meydançası və 50 nəfərlik konfrans zalı yerləşir.
III Avropa Oyunları zamanı Hutnik Arena stolüstü tennis yarışlarına ev sahibliyi edəcək. Arena adı daşımasına baxmayaraq, heç müasirlikdən söz gedə bilməz.  
 


 
Nova Huta gölü

 
Krakov parkının şimal hissəsində yerləşən mənzərəli su anbarı hesab olunur. Bu ərazidə festivallar, konsertlər və idman tədbirləri keçirilir. Göldən çimərlik və müxtəlif idman yarışlarının təşkili üçün istifadə olunur.
III Avropa Oyunları zamanı burada triatlon yarışları keçiriləcək.
 

 


 
Plaszovianka Oxatma
Parkı

 
Bu parkda bir sıra idman tədbirlərinin keçirilməsi üçün şərait mövcuddur. Yerli Təşkilat Komitəsi bunu nəzərə alaraq III Avropa Oyunları zamanı oxatma yarışlarını bu arenada keçirəcək. Oyunlar üçün burada trek və min nəfərlik tribuna quraşdırılıb. 
 
 
 


Kşeşoviçe BMX 
Parkı

 
Bu idman qurğusu Kşeşoviçedə ektremal velosiped həvəskarları üçün tikilib. Krakov bazar meydanı yaxınlığında  inşa edilən bu park müasir və dünya standartlarına cavab verir. Kriziva küçəsi ilə Solidarnosçi prospekti arasında yerləşən velopark tribunası 2300 azarkeş tutumuna malikdir. III Avropa Oyunlarından sonra BMX Parkı Avropa çempionatının yarışlarını, eləcə də Paris-2024-ə vəsiqə verən lisenziya yarışlarını qəbul edəcək.
Qeyd edək ki, bu parkda 80 velosipedçi öz bacarığını nümayiş etdirə bilər.
 

 


 
“Şlensk” stadionu
 
Yerli polşalılar bu arenanı “Slaski” adlandırırlar. Xojuv və Katovitse şəhərlərinin arasında yerləşən bu arena 1956-cı il iyul ayının 22-də istifadəyə verilib. Həmin vaxt 120 min azarkeş tutumuna malik olan arenada ilk futbol matçı Polşa və ADR (Almaniya Demokratik Respublikası) arasında təşkil edilib - 0:2.
Futbol üzrə Polşa yığma komandası hazırda ev matçlarını bu araenada keçirir. Lakin stadion əvvəlki kimi 120 min azarkeş qəbul etmir. Belə ki, 1990-cı illərdə təhlükəsiziliyi təmin etmək üçün polşalılar azarkeş tutumunu 47,246 nəfərə qədər azaltmalı olublar. III Avropa Oyunları zamanı “Şlensk” stadionu atletika yarışlarının dəyişməz ünvanı olacaq.    
 
 


 
Tarnov İdman
Dırmanması Mərkəzi

 
Bu arena Tarnov şəhərində yerləşən Tətbiqi Elmlər Universitetində sağlamlığın mühafizəsi fakültəsinin binasında yerləşir. Həmin binada yerləşən zalda yaradılan bu qurğuda universitet tələbələri dırmanma, həndbol və voleybolla  məşğul olurlar. Bundan başqa ölkəmiqyaslı yarışlar, qitə turnirləri də bu mərkəzdə təşkil olunur.
III Avropa Oyunlarında idman dırmanması üzrə qüvvəsini sınayan qitənin ən güclü idmançıları burada müəyyənləşəcək.            
 


 
Tarnov Çimərlik Arenası
 
III Avropa Oyunlarına ev sahibliyi edən Tarnovda nəzərdə tutulan Yaskolka Arenanın daxilində son dərəcə möhtəşəm idman üçün müasir meydançalar var. Futbol və həndbolçular da bu qurğunun xidmətlərindən istifadə edə bilirlər. Burada çimərlik idman növləri üçün yaxşı imkanlar var. Belə ki, qumla örtülmüş meydançanın klassik ölçüləri təxminən 35x26 metrdir. Obyektdə bu idman növlərinin həvəskarları üçün böyük tribunalar da quraşdırılıb.
III Avropa Oyunları zamanı futbol və voleybol meydançaları qurğunun ilk sınağı olacaq. Qeyd edək ki, Yaskolka Arena eyni zamanda Oyunlar vaxtı badminton yarışlarına ev sahibliyi edəcək.
 
 


“Kriniça-Zdruy” Parkı
 
Bu park 2001-ci ilin 31 dekabr tarixinə qədər Kriniça adlanan şəhərin mərkəzində, Parkova dağında (dəniz səviyyəsindən 741 metr hündürlükdədir - red) yerləşir. Bu idman və əyləncə qurğusu 1937-ci ildə inşa edilib. Bu qurğunun imkanlarından yararlanmaq üçün ən yaxşı yol kanatla təmin edilib. 60 hektarlıq ərazisi olan bu qurğunun ətrafında çoxsaylı gəzinti yolları, üç gölməçə, qaçış cığırları mövcuddur.
III Avropa Oyunları zamanı burada dağ velosipedi üzrə yarışlar təşkil ediləcək.

 


Kriniça-Zdruy Arena
 
Qış idman növləri üçün nəzərdə tutulan bu arena yayın qızmar günlərində III Avropa Oyunlarının cüdo və taekvondo yarışlarının hərarətini hiss edəcək. Buna qədər 3 minə yaxın azarkeş tutumuna malik olan arena universiadalara, müxtəlif kateqoriyalar üzrə hokkey üzrə beynəlxalq yarışlara, şort-trek üzrə qitə çempionatına ev sahibliyi edib. Hətta yay aylarında buz meydanı qitənin yeniyetmə və gənclərin kikboksinq üzrə Avropa çempionatı üçün rinqə çevrilib.

 


Zakopane İdman 
Mərkəzi


Bu idman qurğusu yerli və xarici idmançıların təlim-məşq toplanışları üçün nəzərdə tutulub. Tatra dağlarının ətəyində yerləşən idman mərkəzinin əsaslı təmirdən sonra 2021-ci il iyulun 9-da rəsmi açılışı olub. İnfrastrukturuna və imkanlarına görə Zakopane İdman Mərkəzi Beynəlxalq Kayak Federasiyası (FİS) tərəfindən dünyanın ən yaxşı idman obyekti seçilib.
III Avropa Oyunları zamanı burada kayakla tullanma yarışları təşkil ediləcək. Buna qədər Mərkəzdə dünya kubokunun mərhələ yarışları keçirilib.
  


 


Novi Tarq Arena
 
Yerli bələdiyyənin balansında olan bir idman qurğusudur. Şəhəri təmsil edən “Podheil” hokkey komandası ev oyunlarını məhz bu arenada keçirir. 3 min azarkeş tutumuna malik olan arenada şəhər təmsilçisi Polşa Liqasının komandaları “Podheil”in qonağı olurlar.
 


 


Riaşev Suyatullanma 
Arenası

 
Üzgüçülük hovuzu 2022-ci ilin dekabrında istifadəyə verilib. Beynəlxalq Üzgüçülük Federasiyasının (FİNA) tələblərinə uyğun olan idman qurğusunun uzunluğu 29, eni 25, dərinliyi isə 1,8-5 metrdir. Altı üzgüçülük zolağından ibarətdir. Hovuz qüllələrinin hündürlüyü 1-10 metrə qədərdir. Tramplinlərin hündürlüyü isə 1-3 metrdir. Burada sinxron üzgüçülük və vaterpol yarışları da təşkil olunur. 
 
 


Vrotslav Atıcılıq 
Mərkəzi

 
Vrotslav Atıcılıq Mərkəzi 1974-cü ildən atıcılığın müxtəlif növləri üzrə fəaliyyət göstərir. Ölkə təmsilçiləri Olimpiya Oyunlarına hazırlıq üçün məhz bu obyekti üstün tuturlar. Vrotslav Atıcılıq Mərkəzi Avropa Oyunlarından əvvəl dünyanın bir sıra nüfuzlu idman yarışlarına da ev sahibliyi edib. 
 


 
“Streleçki” parkı
 
Bu park Novı Sonç şəhərinin yaşıl ürəyi hesab olunur. Üstüörtülü amfiteatr 3070 nəfər azarkeş tutumuna malikdir. Qədim tarixə malik olan bu arena 2021-ci ildə əsaslı şəkildə təmir olunub.
Bu park III Avropa Oyunlarının proqramına salınan breykdans yarışlarına ev sahibliyi edəcək.
 

 


 
Osvençum Üzgüçülük 
Mərkəzi

 
Üçüncü Avropa Oyunlarında su idman növləri üzrə yarışlara ev sahibliyi edən daha bir şəhər Osvençum olacaq. Şəhərin adını daşıyan su idman mərkəzi eyni zamanda MOSİR Qapalı Üzgüçülük Hovuzu kimi tanınır. Hovuzun ölçüləri 50x20 metr, dərinliyi isə  2,30-3,80 metr aralığında dəyişir.
 


  
Bielsko-Biala Arena
 
Arenanın tikintisinə 2009-cu ildən başlanılıb, bir il sonra isə istifadəyə verilib. Burada idman, əyləncə və bir çox mədəni tədbirlər təşkil olunur. 3 min azarkeş tutumuna malik olan arenada voleybol, həndbol, futbol, futzal, badminton və əlbəyaxa döyüş növləri üzrə yarışlar keçirmək mümkündür. Üçüncü Avropa Oyunları zamanı qitənin ən güclü karateçiləri məhz bu arenada qalib adı uğrunda döyüşəcəklər.
 
 


 
Misleniçe Arena
 
Burada basketbol, voleybol, həndbol, futzal, stolüstü tennis üçün şərait mövcuddur. Yerli və xarici komandalar təlim-məşq toplanışlarını məhz bu arenada keçirir. 2009-cu ildə istifadəyə verilən arenada tribunalar 566 nəfər azarkeş qəbul edə bilir. III Avropa Oyunlarında muay-tay və kikboksinq üzrə yarışlar məhz bu idman qurğusunda təşkil olunacaq.