Çimərlik voleybolu üzrə ölkə çempionatı yekunlaşdı

Çimərlik voleybolu üzrə ölkə çempionatı yekunlaşdı

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. “Heydər Əliyev İli” çərçivəsində Su İdmanı Sarayında təşkil olunan yarışda final qarşılaşmaları ilə həm qadın, həm də kişilərin mübarizəsinə yekun vurulub.

Qadınlarda Nərmin Musayeva - Çinarə Quliyeva, kişilərin mübarizəsində isə Asif Əliyev - Heydər Məmmədli cütlükləri bürünc medallara sahib çıxıblar.

Daha sonra final oyunları baş tutub. Qadınların həlledici matçında Larisa Smeltsova - Fidan Əhmədxanova tandemi Leyla Parşkova və Fidan Fərzullayevadan ibarət komandaya 2:0 hesabı ilə qalib gələrək çempion olub.

Kişilərin mübarizəsində isə Vüqar Bayramov - Ülvi Rəcəbli cütünü 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov - Elmin Alışanov dueti qızıl medala sahib çıxıb.

Oyunların ardından mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qaliblərə diplom və medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov təqdim ediblər.