AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

 AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil olunan qala gecədə iştirak edib. Federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezident Faiq Qarayev və AVF prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov CEV rəhbərliyinin dəvəti ilə tədbirə qatılıblar. Tədbirdə çıxış edən CEV prezidenti Aleksandr Boriçiç yubileylə bağlı fikirlərini bölüşüb: "Mən burada, sizinlə birlikdə CEV-in rəsmi olaraq yaradılmasının 50 illiyini qeyd etməkdən inanılmaz dərəcədə qürur duyuram. Özümü 56 milli federasiyamıza rəhbərlik edən məşqçi kimi hiss edirəm. Keçmişimizə böyük qürurla baxırıq.

Bununla belə, gənc nəsillərə daha yaxşı imkanlar yaratmaqdan ötəri artıq indidən növbəti 50 il üçün çalışmağa başlayacağıq”.

Tədbirin fəxri qonaqlarından olan FIVB prezidenti Ari Qraça CEV prezidentini və milli federasiyaların rəhbərlərini qızıl yubiley münasibətilə təbrik edib. O, Avropa voleybolunun Boriçiçin rəhbərliyi ilə yaşadığı inkişafı xüsusi qeyd edib. A.Qraça Avropa voleybolunda bundan sonra daha da böyük işlər görüləcəyinə inamını ifadə edib.

Federasiya rəhbərləri və qonaqlar, həmçinin, kişi voleybolçular arasında İtaliyada keçirilən Avropa çempionatının üçüncü yer uğrunda və final qarşılaşmalarını izləyiblər.

Qeyd edək ki, kişi voleybolçular arasında keçirilən AVRO-2023-ün qalibi Polşa millisi olub. Çempionatın gümüş medallarını İtaliya yığması, bürünc medalları isə Sloveniya komandası qazanıb.