Yaponiyada fərqlənən karateçilərimiz redaksiyamızın qonağı oldular

Yaponiyada fərqlənən karateçilərimiz redaksiyamızın qonağı oldular

Yaponiyanın Matsume şəhərində aşihara karate üzrə dünya çempionatı keçirilib. 12 ölkədən 500-yə yaxın karateçinin mübarizə apardığı yarışa ölkəmiz 4 idmançı ilə yollanıb. Vüsal Abbasov (55 kq), Musa Musazadə (60 kq), Əfsər Atakişiyev (60 kq) və Fərman Rəhimov (90 kq) yarışda ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Musa Musazadə yaşı 18-dən yuxarı olan rəqibləri ilə mübarizədə Rumıniya və Yaponiya idmançılarını qabaqlayaraq, növbəti dəfə dünya çempionu tituluna yiyələnib. Həmin yaş kateqoriyası üzrə yarışlarda çıxış edən Fərman Rəhimov çempionatda bürünc mükafatla kifayətlənib. Bundan başqa komandamızın üzvü Musa Musazadə “ən yaxşı döyüşçü” nominasiyasının qalibi olub. Gənc karateçilərimiz Vüsal Abbasov və Əfsər Atakişiyev Yaponiya sınağını gümüş medalla başa vurublar. Matsume şəhərindən Vətənə 4 medalla qayıdan idmançılarımız və Azərbaycan Aşihara Karate Federasiyasının vitse-prezidenti Şahin Bağırov “Olimpiya dünyası” qəzetinin qonağı olublar. İdmanın hər bir növündə uğurla çıxış edən atetlərimizi diqqətdə saxlayan qəzetimizin bu sayında idmançılarımızla bağlı yazını çoxsaylı oxucularımıza təqdim edirik.

 

“Ən yaxşı döyüşçü adına yiyələnmək mənim üçün böyük nailiyyətdir”

Musa Musazadə (60 kq çəki dərəcəsində dünya çempionatının, “ən yaxşı döyüşçü” nominasiyasının qalibi):


- Azərbaycan Aşihara Karate Federasiyası Matsume şəhərinə güclü idmançılarla yollanmışdı. Adından göründüyü kimi bu yarış dünya çempionatı idi. Karatenin bu növünün inkişaf etdiyi ölkələr yarışa ən yaxşı və taktikalı idmançılarını yollamışdılar. Gərgin və maraqlı döyüşlər yarışa xüsusi bir ahəng qatırdı. Şərq əlbəyaxa döyüşlərinin vətəni sayılan Yaponiyada belə bir nəticə əldə etmək, qızıl medala sahib olmaq şübhəsiz ki, böyük qüvvə, bacarıq və təcrübə tələb edir. Həmçinin ən yaxşı döyüşçü adına yiyələnmək isə mənim üçün böyük nailiyyətdir. Güc və istək vətənpərvərliyin bel sütunudur. Biz yarışlara həmişə yollananda əsas məqsədimiz üçrəngli bayrağımızı zirvələrdə dalğalandırmaq olub. Hələ məktəb yaşlarında müəllimlərimiz bizə Vətən, işğal altında qalan torpaqlarımız və müqəddəs bayrağımız kimi mənəvi dəyərlərə qiymət verməyi öyrədiblər. Yaşa dolduqca başa düşdük ki, Azərbaycan doğrudan da dünyanın ən gözəl ölkəsidir. Bu vətənin qürurunu daim uca saxlamaq hər birimizin vəzifəsidir. Bizim uşaqlar və gələcək nəsil çox xoşbəxtdirlər. Onlar azad və ərazi bütövlüyü bərpa olunmuş bir ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər. Bu uğura yiyələnmək üçün neçə-neçə vətən övladı canından keçib. Biz bunu unutmamalı və gələcək nəsillərə çatdırmalıyıq”.


“Biz ən böyük qələbimizi döyüş meydanında qazanmışıq”

Fərman Rəhimov (90 kq çəki dərəcəsində dünya çempionatının bürünc mükafatçısı, Vətən müharibəsinin iştirakçısı):

- 20 ildən artıqdır ki, idmanla məşğul oluram. Karyeram ərzində dünya və Avrasiya çempionatlarında müxtəlif əyarlı medallar qazanmışam. Bu dəfə də Matsume yarışında iştirak etdim. Yalnız yarımfinala qədər irəlilədim. Lakin Serbiya və danimarkalı rəqiblərimi qabaqlaya bilmədim. Bu yarışda qızıl medal qazanmaq mümkün idi. Bu dəfə istəyimi reallaşdıra bilmədim. Buna görə qətiyyən ruhdan düşmürəm. Biz ən böyük qələbimizi döyüş meydanında qazanmışıq. Bütün dünya Azərbaycan əsgərinin nəyə qədər olduğunu yaxın bu üç il ərzində gördü və heyrətə gəldi. Çox sevinirəm ki, 44 günlük Vətən Müharibəsində iştirak etmək mənə də qismət olub. Vətənin ərazi bütövlüyü uğrunda hər bir qarış torpağın düşmən tapdağından azad olunmasını canımdan artıq hesab etdim. Şuşaya doğru Zəfər yolu ilə gecənin qaranlığında irəliləmək böyük şücayət tələb edirdi. Mən bunu bacardım. Döyüşlərdə başımdan yaralandım. Amma bu mənim döyüşçü ruhumu sarsıtmadı. Çox xoşbəxtəm. Qürur duyuram ki, mən Ali Baş Komandanın qalib əsgəriyəm. Bir məşqçi kimi öz yetirmələrimin də vətənpərvər ruhda yetişməsinə çalışmışam. Biz hər birimiz bu amal uğrunda mübarizə apararaq, böyük qələbədə pay sahibi olduq. Artıq hər bir azərbaycanlı ailəsində doğulan və böyüyüb boya-başa çatan bir körpə gələcəkdə özünü qalib xalqın övladı kimi xoşbəxt hesab edəcək. Buna görə də Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizə uca Tanrıdan rəhmət, qazilərimizə isə şəfa diləyirik”


“Yarışa çempion olmaq istəyi ilə yollanmışdım”

Vüsal Abbasov (55 kq çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı):


- 2008-ci ildə Rusiyada anadan olmuşam. Valideynlərim məni sağlam böyütmək üçün əllərindən gələni əsirgəməyiblər. Məhz bu məqsədlə 2013-cü ildə aşihara karate idman növü üzrə məşqlərə yazdırıblar. Rusiyadan sonra 2016-cı ildə ailəmlə birlikdə Qazaxıstana köçdük. 2017-ci ildə yenidən məşqlərə başladım. Bir müddət sonra yarışlarda iştirak etdim. Həmin vaxt Qazaxıstan bayrağı altında yarışlarda çıxış edirdim. Ailədə hər zaman vətənpərvər ruhda tərbiyə almışam. Elə buna görə də istəyirdim ki, öz doğma vətənimi həmin yarışlarda təmsil edim. 2020-ci ildən sonra Bakıya qayıtdıq. Məşqlərimi burada davam etdirdim. Qısa zaman ərzində mənə göstərilən etimadı doğrultdum. Federasiya rəhbərliyi və məşqçilərimiz özümü təsdiq etmək üçün böyük imkan yaratdılar. Bir sıra yarışlarda qüvvəmi sınadım. Uğurlu çıxışlarım rəhbərliyin və məşqçilər heyətinin diqqətindən kənarda qalmadı. Matsume şəhərində keçirilən dünya çempionatına yüksək səviyyədə hazırlaşmışdım. Yarışa çempion olmaq istəyi ilə yollanmışdım. Güclü rəqiblərlə üz-üzə gəldim. Keçirdiyim 4 görüşdən yalnız birində uduzum və nəticədə gümüş medala layiq görüldüm. Lakin bu hələ son deyil. Məqsədim növbəti dəfə dünya çempionu olmaqdır. Buna tam inanıram”.


 

“Belə bir qəhrəman xalqın nümayəndəsi olmaqdan qurur duyuram”

Əfsər Atakişiyev (60 kq çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı):


- 2008-ci ildə anadan olmuşam. 2017-ci ildən etibarən karatenin aşihara növü üzrə məşqlərə başlamışam. Həmin vaxtdan etibarən bir sıra mötəbər yarışlarda qüvvəmi sınamışam. Yaponiyada keçirilən dünya çempionatı iştirak etdiyim ən böyük və məsuliyyətli yarışlarda biri hesab olunurdu. İstəyim həmin ölkədən Vətənə mükafatla qayıtmaq idi. Qayıtdım, amma qızıl medal əldə edə bilmədim. Hələ qazanacağım uğurlar qabaqdadır. İstəyirəm üçrəngli bayrağımız həmişə uca zirvədə dalğalansın. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olunmuş torpaqlara sancdığı bayrağı biz idmançılar daim əziz tutmalı, onu zirvələrə daşımalıyıq. Mən də hər zaman bu vətənin keşiyində durmağa hazıram. Belə bir qəhrəman xalqın nümayəndəsi olmaqdan qurur duyuram”.


“Biz çalışırıq ki, gələcək nəsil sağlam və vətənpərvər ruhda yetişsin”

Şahin Bağırov (Azərbaycan Aşihara Karate Federasiyasının vitse-prezidenti):

- Məlumat üçün bildirim ki, Azərbaycan Aşihara Karate Federasiyası 1998-ci ildən fəaliyyətə başlayıb. Hər bir qurum və təşkilatın fəaliyyət dairəsinin genişlənməsi və uğur qazanması peşəkar rəhbərliyin zəhmətinin nəticəsidir. Azərbaycan Aşihara Federasiyasının prezidenti, Əməkdar Bədən tərbiyəsi və İdman xadimi, güləş üzrə SSRİ idman ustası, 6-cı dan qara kəmər ustası Maarif Bağırov bu işdə peşəkarlıq nümayiş etdirib. O, istedadlı və bacarıqlı kollektiv yaradaraq, federasiyanın inkişafına nail olub. Bizim idmançılar 2000-ci illərdən etibarən yarışlarda iştirak ediblər. Əminliklə deyə bilərik ki, Azərbaycan idmançıları hər zaman ciddi rəqib hesab olunurlar. İdmançılarımız yarışlarda texnika cəhətdən həmişə fərqləniblər. Aşiharanın digər karate növlərindən fərqi sırf həm kontakt və həm də gücə əsaslanmasıdır. Fiziki göstəricilər bizim karate növündə elə də böyük önəm kəsb etmir. İdmançı daha çox taktiki cəhətdən rəqibini üstələmək imkanı əldə etməlidir. Onu qeyd edim ki, istər əvvəlki, istərsə də indiki idmançılarımız ayrı-ayrı qurumlarda, güc strukturlarında fəaliyyət göstərirlər. Onlar həm fiziki, həm də mənəvi cəhətdən örnəkdirlər. Biz çalışırıq ki, gələcək nəsil sağlam və vətənpərvər ruhda yetişsin. Hesab edirik ki, bu gün birlikdə bir masa ətrafında oturub, söhbət etdiyimiz bu idmançılar deyilənlərə bariz nümunədirlər.

Anar Əhmədov

Yaponiyada fərqlənən karateçilərimiz redaksiyamızın qonağı oldular Yaponiyada fərqlənən karateçilərimiz redaksiyamızın qonağı oldular