Soyuq havalarda infeksiyadan qorunma yolları

Soyuq havalarda infeksiyadan qorunma yolları

Qış aylarında müxtəlif xəstəliklərin yayılması halları tez-tez baş verir. İnsanlar qrip, bronxit, faringit və soyuqdəymə kimi xəstəliklərə tutulur. Soyuq aylarında xəstəliklərə yoluxma riskini artıran müxtəlif amillər mövcuddur. Məlumdur ki, qrip törədən viruslar quru və soyuq havalarda daha asan çoxalır. Bu aylar ərzində virusların yayılması üçün əlverişli mühit yaranır, çünki havalar soyuyur və rütubət azalır. Bundan başqa, quru və soyuq hava tənəffüs yollarını həssaslaşdırır və infeksiya riskini artırır. Xəstəliklərə tutulma riskini artıran başqa bir amil də bədənimizin ani hava dəyişikliyinə uyğunlaşmaqda çətinlik çəkməsidir. Bədənimiz temperatur dəyişikliyinə uyğunlaşmaq üçün daha çox enerji sərf etməlidir və bu, bədən müqavimətinin azalmasına səbəb olur. Kifayət qədər günəş işığından yararlana bilməmək də müqavimətimizin azalmasına və immun sisteminin zəifləməsinə səbəb olur. Qrip və soyuqdəymə kimi xəstəliklər birbaşa təmas və tənəffüs yolu ilə ötürülür. Qışda qapalı yerlərdə daha çox vaxt keçirmək də xəstəliyin ötürülmə ehtimalını artırır.

AZƏRTAC həkim terapevt Günel Tağıyevanın qış xəstəliklərindən qorunmağınıza kömək edəcək məsləhətlərini təqdim edir.

Soyuq havalarda infeksion xəstəliklərə yoluxma hallarının artması müşahidə olunduğu üçün, infeksion xəstəliklərdən qorunma tədbirlərində diqqətli olmalıyıq. Əhaliyə (azyaşlı, ortayaşlı, yaşlı) əvvəlcə immunitet sistemini gücləndirmək tövsiyə olunur. Bunun üçün qidalanma və yuxu rejimi normada olmalıdır. Qidalanmağın əsası karbohidrat, zülal, yağ balansını təmin etməkdən ibarətdir. Vitamin və minerallarla zəngin qidalara, meyvə-tərəvəzə üstünlük verilməli və qış mövsümündə C vitamini ilə zəngin qidalar istehlak edilməli, mövsümi meyvələrdən – portağal, mandarin, limon və s. istifadə olunmalıdır. Əlbəttə, bunları qəbul edərkən sitrus meyvələrinə allergik reaksiyası olanlar diqqət yetirməlidir. Bundan əlavə, mayenin qəbulu artırılmalı, soyuq havalarda isti çay, qəhvə qəbulu zəruridir.

“İmmunitetin gücləndirilməsindən sonrakı tövsiyəmiz hava şəraitinə uyğun geyimlərin istifadə olunması və dezinfeksiya tədbirlərinə əməl edilməsidir. Əllərin tez-tez yuyulması, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maskadan istifadə, qapalı məkanların tez-tez havalandırılması (qapı-pəncərələri açaraq təmiz hava ilə təmin edilməsi), həmçinin dezinfeksiya məqsədilə spirtdən istifadə olunmalıdır. Qış aylarında ən çox yayılan infeksion virus qrip virusudur. Narahatlığı olan şəxslər öncə özünütəcridə riayət etməli, ailə həkimləri ilə əlaqə saxlamalı, müvafiq tövsiyələr almalıdır. Zəruri halda ilkin tibb müəssisəsində müayinə olunduqdan sonra həkim təyinatına uyğun müalicə almalı və evdə istirahət etməlidir. Özbaşına qəbul edilən antibiotiklər orqanizmdə müəyyən fəsadlar törədə bilər. Risk qrupunda olan şəxslər (şəkərli diabet, ürək, qan-damar xəstəliyi olanlar, hamilə qadınlar, yaşlılar) daha diqqətli olmalı, ictimai yerlərdə tibbi maskadan mütləq istifadə etməli, gərək olmadıqca ictimai yerlərə daha az getməli və xəstəliyə yoluxarsa ilk günlərdə ailə həkimi ilə əlaqə saxlamalıdır”, - deyə G.Tağıyeva əlavə edib.