İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə başlayıb.
Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zöhrə Hadjala ilə döyüşüb. 54 kq çəki dərəcəsində keçirilən qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Z.Rəhimova rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Yığmanın üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kq) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Ümid Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də təşkil olunacaq.
Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kq) da qələbə qazanaraq mərhələ adlayıb.
Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.